Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Yer kürəsi 10 saniyə oksigensiz qalarsa...

Bütün canlıların yaşaması üçün ən vacib maddələrin su, oksigen və qida olduğu danılmaz bir faktdır. İnsan və ya hər hansı bir canlı yeməksiz və susuz günlərlə yaşaya bilər, lakin oksigensiz qeyri-mümkündür. Həyat dövrü ancaq oksigenin iştirakı ilə davam edə bilər. Heç düşünmüsünüzmü dünya 10 saniyə oksigensiz qalarsa, başımıza nələr gələ bilər?

Əslində, bir çoxlarımız elə düşünürük ki, hər kəs nəfəsini 10 saniyə saxlaya bilir və buna görə də heç kim nəfəs darlığından ölməz. Ancaq problem təkcə nəfəs almaqda deyil. Təsəvvür edin ki, bədəninizin 65 faizi oksigensiz qalardı. Atmosferin beşdəbiri, insan bədəninin üçdəikisi, suyun isə ondadoqquzu oksigendən ibarətdir. Bir sözlə, "həyat və nəfəs" "oksigen" deməkdir. Oksigen qısa müddətə olmasaydı, dənizlər, okeanlar, göllər, çaylar da daxil olmaqla bütün sular buxarlanar və anında yox olardı. Bütün su molekullarının üçdəbiri oksigen atomlarından ibarətdir. Oksigen olmadıqda hidrogen özbaşına qalar. Molekulyar hidrogen ən yüngül element olduğu üçün heç vaxt geri dönməyəcək şəkildə uçar. Bədənimizin parçalanacağı kimi, yer qabığı da birdən dağılmağa başlayar. Çünki Yer qabığının 45 faizi oksigen atomlarından ibarətdir. Əgər oksigen qəfil olmazsa, ozon təbəqəsi yox olar və birbaşa ultrabənövşəyi şüalara məruz qalarıq. Günəş işığı ilə birbaşa təmasda olan hər kəs dərhal yanar. Çünki atmosferdəki molekulyar oksigen dərimizi Günəşdən gələn zərərli ultrabənövşəyi şüalardan qoruyur.

Oksigen nəfəs aldığımız havanın 21 faizini təşkil edir və o olmasa qulaq pərdəmiz partlayar və ya zədələnər, çünki xarici təzyiq dərhal 21 faiz arta bilər.

Bundan əlavə, havada olan bütün təyyarələr dərhal yerə çırpılar. Bədənimizin 65 faizi oksigen atomlarından ibarətdir. Təbii ki, oksigen atomları birdən yoxa çıxanda hamımız məhv olarıq. Bu isə o deməkdir ki, yer üzündə həyatın sona çatması üçün bir elementin 10 saniyə yox olması kifayətdir. Amma qorxmaq lazım deyil. Çünki bir atom birdən-birə yox ola bilməz.

 

Kişilər bu mövzuda daha həssas imiş

Danimarkalı elm adamlarının apardıqları araşdırma zamanı məlum olub ki, həyat yoldaşını itirmək qadınlarla müqayisədə kişilər üçün daha ölümcül olur.

"Medical Xpress" saytında yer alan xəbərə görə, həyat yoldaşının vəfatından bir il sonra 65-69 yaşarası dul kişilər arasında ölüm ehtimalı 70 faiz təşkil edib. Dul qadınlar arasında isə ölüm ehtimalının cəmi 27 faiz olduğu ortaya çıxıb.

Tədqiqata yaşı 65 və yuxarı olan təxminən 925 min danimarkalı cəlb edilib. Kopenhagen Universitetinin İctimai Sağlamlıq Departamentində araşdırma aparan mütəxəssislər dul kişilərdə ölüm ehtimalının yüksək olmasını kişilərin fiziki və emosional sağlamlığının pozulması ilə əlaqələndiriblər. Belə ki, evli olan kişilər həyat yoldaşlarının qayğısı ilə əhatə olunduğundan, yoldaşlarının dünyasını dəyişməsi kişilərin həyatında böhran yaradır.

 

Onlar zaman məfhumundan xəbərsizdilər

Bu gün sivilizasiya nə qədər inkişaf etsə belə hələ də dünyanın dörd bir yanında yaşayan qəbilələr mövcuddur. Əsrlər boyu adət-ənənələrini saxlayan bu qəbilələr bu gün də öz tarixini qoruyur. Belə qəbilələrdən biri də Braziliyanın Maisi çayı sahillərində yaşayan Piraha adlı qeyri-adi hindu qəbiləsidir.

Qeyri-adi adət-ənənələri və inancları olan bu qəbilənin üzvləri demək olar ki, yatmırlar. Bilirsinizmi, bu adamlar yatmağa gedərkən bir-birinə necə müraciət edirlər? Təbii ki, hər bir xalqın özünəməxsus müraciət forması olmasına baxmayaraq, mahiyyətcə hamısı eyni məna daşıyır. Yəni - "rahatlıq və şirin yuxular."... Piraha qəbiləsində isə - "gecən xeyrə qalsın"- demək əvəzinə, belə deyirlər - "mürgüləməyi ağlına belə gətirmə, ətraf ilanlarla doludur". Piraha qəbiləsində belə hesab edirlər ki, yatmaq - çox ziyanlı bir şeydir… Birincisi - yuxu adamı zəif salır. İkincisi - yuxuda olan adam ölü kimidir və oyanarkən tamam başqa adam olur. Üçüncüsü isə oralarda ilanlar həqiqətən də həddindən artıq çoxdur.

Bu adamlarda zaman ölçüsü yoxdur. Yəni gecə yatmayan adam sabahın nə olduğunu bilmir. Hətta onlar bu günün nə demək olduğunu anlamırlar. Onlarda keçmiş və gələcək məfhumu demək olar ki, yoxdur. Bir sözlə, onlarda heç bir vaxt ölçüsü və heç bir təqvim yoxdur və gələcəyi təsəvvür belə etmirlər.

Demək olar ki, Piraha qəbiləsinin üzvləri gecələri ağaclara söykənərək mürgüləməklə keçirirlər. Onlar gecələri bir-biri ilə söhbətləşməklə, gülüb danışmaqla, ocaq ətrafında rəqs eləməklə və uşaqlarla oynayıb əylənməklə keçirirlər. Onların fikrincə, adamlar gecələr yatmazlarsa, daha çox ömür sürər və hər 7 ildən bir yaxşılığa doğru dəyişərlər. Bu səbəbdən də onlar hər 7 ildən bir adlarını dəyişərək, özlərinə yeni ad götürürlər. Həmin qəbilə üzvlərinin adlarından təxmin etmək olar ki, kim neçə yaşındadır...

 

Sən demə, sol qulağımız...

İsveçrənin Lozan Universiteti və Federal Texnologiya İnstitutunun alimləri gülüş səsi və ya insanları sevindirəcək xəbərlərin qulaqlarımız tərəfindən necə qəbul edildiyini araşdırıblar. Tədqiqat zamanı məlum olub ki, sol qulağımız xoş xəbərə və gülüş kimi müsbət səslərə daha çox reaksiya verir.

Mütəxəssislər hələ ki, bunun səbəbini tam olaraq anlaya bilməsələr də onların fikrincə, sol qulaq müsbət səs eşitdiyi zaman çox yüksək səviyyədə sinir fəaliyyətini hazırlayır. Təbii ki, sağ qulaq da müsbət səsləri eşitdikdə sinir fəaliyyətini hazırlayır, lakin hazırlıq səviyyəsi sol qulaqla müqayisədə kifayət qədər aşağı olur. Üstəlik, sol qulaq bunu yalnız yaxşı xəbər və müsbət səslər üçün edir.

Tədqiqata cəlb edilən iştirakçılar həm xoş xəbər və gülüş kimi müsbət səsləri, həm də mənasız qışqırıq kimi mənfi səsləri dinləyiblər. Bu ərəfədə sol qulağın müsbət səslərə həddindən artıq reaksiya verdiyi və mənfi səslərdə normal səviyyədə sinir fəaliyyəti yaratdığı müəyyən edilib. Beləliklə, sol qulaq yalnız xoş xəbər və ya müsbət səs zamanı həddindən artıq reaksiya verir. Onu da qeyd edək ki, araşdırma çərçivəsində insanlar yalnız sağdan, soldan və öndən gələn səsləri dinləyiblər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".