İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Böyük Dəbilqə: cüdoçularımızın uğuru

Azərbaycanın iki cüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində medal qazanıb. 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda yaponiyalı Soişi Haşimotonu məğlub edib.

81 kiloqram çəkidə mübarizə aparan Zelim Tçkayev isə üçüncü yer uğrunda görüşdə Tacikistan təmsilçisi Somon Maxmadbekov üzərində qələbə qazanaraq bürünc medala sahib çıxıb. Azərbaycan millisi Böyük Dəbilqə turnirində 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunub.

Dünya çempionatı: Qadın güləşçilərimiz daha iki medal qazanıblar

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatında çıxışını başa vurub. Yarışın üçüncü günündə daha iki idmançımız fəxri kürsüyə qalxıb.

Jalə Əliyeva (57 kiloqram) birinci, Birgül Soltanova üçüncü yerlərə sahib olublar. Çempionatın digər günlərində Ruzanna Məmmədova (59 kiloqram) qızıl, Elnurə Məmmədova (50 kiloqram) gümüş, Nərgiz Səmədova (55 kiloqram) və Gültəkin Şirinova (53 kiloqram) isə bürünc medal qazanıblar. Bununla da medallarının sayını 6-ya çatdıran Azərbaycan təmsilçiləri turniri komanda hesabında ikinci yerdə tamamlayıblar.

Parataekvondoçularımız Qran-Pridə

Parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçirilən Qran-Pri turnirinin final mərhələsini bir medalla başa vurub. Yığmanın heyətində İmaməddin Xəlilov (70 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. K-44 kateqoriyasında çıxış edən parataekvondoçu bürünc medalın sahibi olub.

Azərbaycan idmançılarının dekabr reytinqi: İlk üçlükdə dəyişiklik olub

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2023-cü il dekabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb. Siyahının ilk pilləsində 610 xalla bədii gimnast Zöhrə Ağamirova qərarlaşıb. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikinci sırada yer alıb. İlk üçlüyü 360 xal toplayan cüdoçu Zelim Kotsoyev tamamlayır. İdman gimnastı Nikita Simonov (355 xal) isə ötən ayla müqayisədə dördüncü pilləyə geriləyib. Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və xallar həmin yarışlarda tutulan yerlərə uyğun olaraq hesablanır.

Nərgiz İSMAYILOVA,

"Respublika".