İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Triatlonçularımız yarışda uğurla iştirak ediblər

Türkiyənin Bələk şəhərində rəsmi "Ironman" seriyasının triatlon üzrə növbəti yarışı baş tutub. Yarışda ölkəmizi "Triterra Baku Triathlon" klubu təmsil edib. Komandanın 11 üzvünün hər biri məsafəni uğurla başa vuraraq hədəflədikləri nəticəyə nail olublar.  Qeyd edək ki, "Ironman" yarışı idmanın ən ciddi və həyəcanverici növlərindən biridir. Bu, üç fərqli yarışı özündə birləşdirir: açıq suda üzgüçülük, uzun məsafəyə velosiped sürmək və marafon qaçışı. İştirakçılar nəhəng fiziki və psixoloji çətinliklərin öhdəsindən gələrək təkcə rəqibləri ilə deyil, həm də özləri ilə yarışırlar.

İdmançımız beynəlxalq turnirdə ikinci olub

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko İtaliyanın Turin şəhərində keçirilən ənənəvi "Silver Skiff" beynəlxalq reqatasında mübarizə aparıb. Yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib. Bir mərhələdən ibarət reqatada avarçəkənlər 11 kilometr məsafə qət ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığında təmsilçimiz məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurmaqla finiş xəttinə ikinci çatıb və gümüş medala sahib olub. Diana Dımçenko ötənilki yarışda da gümüş medal qazanmışdı.

Bakı şəhər birinciliyində 800-ə yaxın cüdoçu mübarizə aparacaq

Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 yaşadək yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək. Noyabrın 7-9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Turnirdə Bakının 66 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 795 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Turnirin əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Gimnastlarımız dünya çempionatında

Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iştirak edəcəklər. Turnirdə yığmanın 5 idmançısı mübarizə aparacaq. Tamblinq növündə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədov, batut gimnastikasında isə Selcan Mahsudova qüvvələrini sınayacaqlar. Qeyd edək ki, yarış noyabrın 9-12-də keçiriləcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".