Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

«Ekumenik məbəd» və ya Yeddi Din Məbədi

Rusiyanın Staroe Arakçino kəndində - Tatarıstanın paytaxtı Kazandan 11 kilometr aralıda, Volqa çayının sahilində yerləşən «Ekumenik məbəd» dünyada analoqu olmayan unikal memarlıq abidələrindəndir. Bütün dinlərin simvollarını  özündə birləşdirən abidənin tikintisinə 1994-cü ildə başlanılmışdır. “Ekumenik məbəd” və ya «Yeddi Din Məbədi» kimi də tanınan kompleks həm də beynəlxalq mədəniyyət mərkəzidir.

Layihənin ideya müəllifi rəssam, memar, heykəltəraş, şair və ictimai xadim, xüsusi istedada malik İldar Mansaveeviç Xanov bütün sivilizasiyalara məxsus müxtəlif dinləri özündə əks etdirən memarlıq abidəsi arzusunu məhz “Yeddi Din Məbədi”ndə reallaşdırıb. Məbəd dünya təcrübəsində pravoslav və katolik kilsələrini, müsəlman məscidini, yəhudi sinaqoqunu, buddist məbədini və s. müxtəlif dünya dinlərinin bir çox simvolik elementlərini, o cümlədən bir zamanlar mövcud olmuş sivilizasiyaların simvollarını özündə birləşdirən nadir memarlıq kompleksidir. Təəssüf ki, ideyanın müəllifi İldar Xanov 2013-cü il fevralın 9-da ağır xəstəlikdən vəfat etdiyindən layihə başa çatdırılmır. Lakin ailəsinin və həmfikirlərinin səyi nəticəsində yarımçıq qalan tikinti işləri bu gün də davam etməkdədir.

Bir neçə binadan ibarət məbəd bütün dini oriyentasiyalara xas olan memarlıq üslublarını özündə birləşdirir.  Binanın günbəzlərində və divarlarında yəhudi, xristian, müsəlman və digər dinlərin rəmzlərinə rast gəlinir. Parlaq və qeyri-adi dekorasiyası ilə seçilən memarlıq abidəsinin günbəzlərinin üzərində pravoslav xaçı, Davud ulduzu, müsəlman ayparası kimi bir neçə dini atributlar harmoniya təşkil edir.  Məbədin interyerinə Budda, Misir, Katolik, İsa Məsih, həmçinin teatr zalları, rəssamların sərgilərinin keçirildiyi rəsm qalereyası və çayxana daxildir. Binanın ən mühüm komponentlərindən biri isə İldar Xanovun ev-muzeyidir.

Tikintisi başa çatmasa da, bu memarlıq əsəri öz üslubu və gözəlliyi ilə dünyanın müxtəlif yerlərindən gələn turistləri heyran edir.

 

Trakay ada qalası

Litvanın məşhur «Trakay ada qalası» orta əsrə aid ən böyük memarlıq abidələrindəndir. Qala Trakayın müdafiəsini gücləndirmək üçün Litvanın ən dərin göllərindən olan Qalve gölünə məxsus adada tikilmişdir. Düşmənlərin heç vaxt fəth edə bilmədiyi Trakay qalası Şərqi Avropanın ən alınmaz qalalarından biridir.  Qalanın tikintisinə  XIV əsrin ortalarında başlansa da, 1409-cu ildə tamamlanmışdır. 1410-cu ildən qala Litvanın Böyük Knyazlarının rəsmi iqamətgahına çevrilmişdir.  Memar Yan Borovskinin rəhbərliyi ilə 1951-ci ildə qəsrin bərpa işlərinə başlanmışdır. 1962-ci ildən abidə tarix muzeyinin  bir hissəsi kimi fəaliyyət göstərir.

 Qala divarlar ilə əhatə olunmuş çoxqülləli knyazlıq qalası adanın mərkəzindəki  təpədə, 1,8 hektar ərazidə inşa olunub. Mərkəzi hissəni ön qaladan uzunluğu 65 metr, eni 10-12 metr olan xəndək ayırır. Müdafiə divarlarının hündürlüyü 7 metr, qalınlığı isə 3,5 metrə çatır. Dördbucaqlı bünövrə üzərində tikilən dairəvi beşmərtəbəli bürclərin birinci mərtəbəsi dördkünc, qalan mərtəbələri isə dairəvi formadadır. Gölün üzərində quraşdırılmış  taxta körpü vasitəsilə qalanın yaşayış hissəsinə daxil olmaq mümkündür.

 Qotika üslubunda müxtəlif ölçülü daş və kərpicdən tikilmiş qala istilik sistemi ilə də təchiz edilmişdir. Hersoqların döyüş səhnələrini əks etdirən sarayın əsas salonları vitraj və freskalarla bəzədilmişdir. Bərpadan sonra isə zalın divarları toxunmuş qobelenlərlə örtülmüşdür. Şahzadənin yataq və xəzinə otağından birbaşa həyətə çıxmaq üçün gizli keçid də mövcuddur.

Hazırda tarixi mövzuda tamaşaların nümayiş olunduğu qalanın yuxarı mərtəbəsində həmçinin poçt şöbəsi də fəaliyyət göstərir.  

 

«Kuchlbauer» qülləsi

Almaniyanın Aşağı Bavariya əyalətinin Abensberg şəhərində avstriyalı memar Fridensrayx Xundertvasser tərəfindən inşa olunan «Kuchlbauer»  qülləsi ölkənin ən maraqlı tikilisidir. Layihə təqdim olunanda Abidələri Mühafizə Cəmiyyəti abidənin tikintisinə qarşı çıxır və bildirirlər ki,  belə kreativ üslubda və 70 metr hündürlüyündə olan tikili  şəhərin formalaşmış tarixi görkəminə xələl gətirə bilər. Uzun və gərgin mübahisədən sonra hündürlüyü yarıya qədər azaldılan bina hər iki tərəfin razılığı ilə pivə zavodunun ərazisində ucaldılır. 2010-cu ildə ictimaiyyətə təqdim edilən bina qısa müddət ərzində zavodun simvoluna çevrilir. 

Qeyri-adi üslubda inşa olunan müşahidə qülləsinin yuxarı hissəsində dizayn edilən  qızıl top “Soğan Qübbəsi” Xundertvasserin ticarət nişanlarından biridir. Rəngarəng mozaikalarla bəzədilmiş müxtəlif cür parlaq toplara qüllənin zirzəmisində də rast gəlmək olar. Qüllədəki maraqlı və fərqli dizayna malik otaqlar kənardan içi dolu pivə bakallarını xatırladır. Hündürlüyü 35, diametri isə 6 metr olan qüllə baş və gövdə hissəsindəki rəngarəng çıxıntılarına görə şıltaq robota da bənzədilir. Binanın interyerində istifadə olunan ecazkar dekorasiyalar sayəsində gecələr qüllə daha fantastik görünür və diqqəti cəlb edir.

Nağıllar aləmini xatırladan binanın dəhlizində ziyarətçiləri pivə istehsalçıları və  cırtdan (qnomlar) insanlar qarşılayır və qonaqlara pivənin hazırlanması barədə ətraflı məlumat verirlər.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».