DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

GÜRCÜSTANDA ÇEVRİLİŞƏ CƏHDİN TƏŞKİLATÇILARININ ADLARI AÇIQLANIB

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yerli ofisindən izahat tələb edib. “Teleqraf.com” un verdiyi xəbərə görə, hökumət başçısı USAID-lə bağlı məlum olanların təəssüf doğurduğunu bildirib.

“Təəssüf ki, həmin şəxslərin dəvətlə gəldiyi və USAID tərəfindən maliyyələşdirildiyi qeydə alınıb. Bu, əlbəttə, acı bir faktdır. Onların rəsmi izahatlarını gözləyəcəyik. Bizim USAID-lə bir çox sahələrdə uzunmüddətli əməkdaşlığımız var, ona görə də belə faktların baş verməsi təəssüf doğurur”, - deyə Qaribaşvili vurğulayıb.

Bir müddət öncə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti 2023-cü ilin oktyabr-dekabr aylarında ölkədə iğtişaşlara hazırlıq barədə məlumat yayıb. Təhlükəsizlik xidmətinin bəyanatına görə, iğtişaşlar xarici ölkələrin koordinasiyası və maliyyə dəstəyi ilə planlaşdırılıb.

Oktyabrın 2-də dərc edilmiş istintaq məlumatında bildirilir ki, Serbiya vətəndaşları Sinişa Saykman, Yelena Stoysiç və Slobodan Jinoviç USAID proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə 25 sentyabr 2023-cü il tarixində Gürcüstana gəliblər.

TÜRKİYƏ “METSAMOR” AES-İ İLƏ BAĞLI HƏRƏKƏTƏ KEÇDİ

Türkiyə Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin dayandırılması ilə bağlı hərəkətə keçib. “Report” agentliyinin verdiyi xəbərə görə, ehtimal olunan risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı addımların atılması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət daxil olub.

Məlumata əsasən, bu obyekt və ehtimal olunan radiasiya xüsusilə Türkiyənin Iğdır şəhəri üçün təhlükəlidir. Bildirilir ki, Iğdırda artıq maarifləndirmə işlərinə başlanılıb. Vətəndaşlara sözügedən məsələ barədə açıqlama verilir, təlimlər keçirilir.

Türkiyə XİN-i isə vurğulayıb ki, məsələ ciddi nəzarətdədir: “Prosesi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) miqyasında izləyirik. Türkiyə üçün riskli şərait yaranarsa, lazımi tədbirlər görüləcək. AEBA da daxil olmaqla bütün beynəlxalq mexanizm və imkanlardan istifadə olunacaq”.

Xatırladaq ki, Ermənstandakı AES Türkiyə sərhədi ilə 16 kilometrlik məsafədə yeləşir. Obyektin istismar müddəti başa çatdığına görə region üçün xüsusi risk daşıyır.

SƏFİR: ABŞ ÇİNİ CİLOVLAMAQ ÜÇÜN MÜNAQİŞƏLƏRİ QIZIŞDIRIR

ABŞ Asiya-Sakit Okean regionunda Çini cilovlamaq üçün sülh və sabitliyi təhdid edən münaqişələri qızışdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çinin Tailanddakı səfiri Han Çjintsyan “Bangkok Post” qəzetinə müsahibəsində bildirib.

“ABŞ beynəlxalq iqtisadi sistemdəki üstünlüklərindən ticarət müharibələrinə başlamaq, qlobal sənaye təchizat zəncirlərini pozan və qlobal iqtisadiyyatı iflic edən texnologiya blokadaları yaratmaq üçün istifadə edirlər. ABŞ-ın Hind-Sakit okean strategiyası adlandırılan strategiya əslində Çini cilovlamaq üçün siyasi alətdir”, - deyə səfir əlavə edib.

Eyni zamanda, diplomat bildirib ki, Çin xalqını daha yaxşı yaşamaq hüququndan məhrum etmək və ya Pekinin inkişafını məhdudlaşdırmaq cəhdi uğursuzluqla nəticələnəcək.

BU ÖLKƏDƏ 250 MİN HƏKİMƏ EHTİYAC VAR

Nigeriyada difteriya epidemiyası ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab vermək üçün ölkənin 250 min həkimə ehtiyacı olduğu bildirilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Dünya Tibb Assosiasiyasının Nigeriya üzrə rəhbəri Osahon Enabulele ölkədə difteriya epidemiyası ilə mübarizə ilə bağlı qeydiyyatdan keçən həkimlərin sayının 100 mindən az olduğunu və bu rəqəmin həkim-xəstə nisbətini qarşılamaq üçün son dərəcə qeyri-kafi olduğunu bildirib.

“Nigeriyanın ÜST-ün həkim-xəstə nisbətini təmin etmək üçün 250 mindən çox həkimə ehtiyacı var. Beynəlxalq standartlara görə, həkim 600-dən az xəstəyə qulluq etməlidir, lakin Nigeriyada həkim 3000-dən çox pasientə baxır. Nigeriya hökuməti yaxşı bir sağlıq sisteminə malik olması üçün büdcənin 15 fazini səhiyyə xidmətlərinə ayıraraq siyasi əzmkarlıq nümayiş etdirilməlidir”, - deyə O.Enabulele vurğulayıb.

Qeyd edək ki, ÜST Nigeriyada difteriya hallarının artması səbəbindən ölkədə ikinci epidemiya dalğasının olduğunu təsdiqləyib. Difteriya “corynebacterium diphtheriae” adlı mikroorqanizmin burun, boğaz, göz və dəridə yerləşməsiylə ortaya çıxır. Yoluxucu olan bu xəstəlik ölümlə nəticələnə bilir.

ABŞ-IN UKRAYNAYA TƏTBİQ ETDİYİ LEND-LİZ QANUNU QÜVVƏDƏN DÜŞÜB

ABŞ-da praktikada heç vaxt tətbiq olunmayan Ukrayna üçün lend-liz qanunu sentyabrın 30-da qüvvədən düşüb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Qanun ABŞ prezidenti Cozef Bayden tərəfindən bu il mayın 10-da imzanıb. Sənəd Baydenə Ukraynaya müdafiə aktivlərini sadələşdirilmiş prosedur çərçivəsində icarəyə vermək və ya ötürmək hüququ verirdi.

Aktın qəbulundan sonra ABŞ prezidenti 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalı idi. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tuturdu.

Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır.

Xatırladaq ki, lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan hərbi materiallar ABŞ-ın müttəfiqlərinə təqdim olunub.

ALİMLƏR 50 İL ƏVVƏL YOXA ÇIXDIĞI GÜMAN EDİLƏN XALQI AŞKAR EDİBLƏR

Alimlər Namib səhrasında 50 il əvvəl yoxa çıxdığı güman edilən xalqı aşkar ediblər. Bu barədə “SciTechDaily” nəşrinin xəbərində qeyd olunur.

Antropoloqlar hesab edirdilər ki, bölgədə danışılan dillər yox olduqdan sonra xalqla bağlı heçbir məlumat əldə etmək mümkün olmayıb. Bununla belə, ekspertlər aydınlaşdırıblar ki, bu qrup ana dili yox olanda öz genetik kimliyini qoruyub saxlayıb.

Məlumata əsasən, tədqiqatçı Anna-Mariya Fehn bildirib ki, Afrikanın cənubundakı Namib səhrasında yaşayan qruplardan biri olan Kvepelər Kvadi dilində danışıblar: “Kvadi, Cənubi Afrikada ovçular və çobanlar tərəfindən danışılan Ho dilləri ilə bir çox oxşarlığı olan dil idi. Mütəxəssislər DNT araşdırmasından istifadə edərək Kvadi dilində danışan insanların nəslini tapıblar”.

Tədqiqatçı Mark Stounking isə vurğulayb ki, Kalahari səhrasının ovçuları ilk olaraq bütün digər insanlardan ayrılan əcdadların nəslindəndir. Onun sözlərinə görə, Kvadi xalqı Bantu dillərində yalnız bu yaxınlarda danışmağa başlayıblar.

ANTARKTİDADA İLK DƏFƏ BİTKİLƏR GÜL AÇDI

Qlobal istiləşmə səbəbindən Antarktidada bitkilər gül açmağa başlayıb. Alimlərin fikrincə, burada orta temperatur Selsi üzrə 2 dərəcə yüksəlib. Bu, təkcə buz sahəsinin azalmasına deyil, həm də çiçəklərin və digər bitkilərin böyüməsinə səbəb olub. Bu barədə “Geophysical Research Letters” jurnalında dərc olunan məqalədə qeyd olunur.

“Son əsrdə temperatur yüksəlib, lakin proqnozlarımıza əsasən, 2096-cı ildə temperaturun 2022-ci ilə nisbətən 6 dərəcə isti olacağı ehtimal edilir”, - deyə tədqiqatçılar bildiriblər.

Alimlərin fikrincə, Antarktida ərazisinin təxminən 1 faizi bitkilərin böyüməsi üçün əlverişlidir, qalan hissəsi qalın buz və qar təbəqəsi ilə örtülüdür.

Bununla belə, mart ayına yaxın qitədəki hava demək olar ki, ərimə nöqtəsinə qədər istiləşir. Nəticədə buz qabığı azalmağa başlayır və flora üçün yeni ərazilər azad edilir.

Qlobal istiləşmə artıq Antarktidada bitkilərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Əsrin sonunda isə onların tutduğu ərazi üç dəfə arta bilər.