MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Süleymaniyyə məscidi

Türkiyənin İstanbul şəhərində yerləşən möhtəşəm məscid XVI əsrin ortalarında məşhur memar Sinanın layihəsi əsasında inşa edilib. Yalnız Osmanlı deyil, bütün dünya memarlığının ən gözəl nümunələrindən biri olan "Süleymaniyyə Məscidi"ni "tələbəlik əsəri" adlandıran memar bu kompleksi Qanuni Sultan Süleymanın əmri ilə hazırlayıb. 59 milyon sikkəyə (indiki pulla təxminən iki trilyondan çox) başa gələn məscid tikildiyi gündən etibarən dünyanın hər yerindən ziyarətçilərin diqqətini cəlb etməyə başlayıb.

Tünd boz daşdan tikilən kompleksin sahəsi 3500 kvadratmetrdir. Məscidin uzunluğu 59, eni isə 58 metrdir. 238 pəncərədən ibarət kompleksin minbəri mərmərlə üzlənib. Altıbucaqlı fəvvarəsi olan ön həyətin üç girişi var və 28 günbəzlə bəzədilmiş qalereya 24 sütunla əhatə olunub. Möhtəşəm Süleyman və Hürrəm Sultanın məzarları da bu məscidin içərisindəki türbədə yerləşir.

Şərq memarlığının incisi hesab edilən nəhəng kompleks bu günə qədər yüzdən çox zəlzələyə məruz qalsa da, xüsusi bünövrə bərkitmə sistemi sayəsində, məscidin divarlarında ən kiçik bir çat belə yaranmayıb.

Qətər Milli Muzeyi

Qətərin Milli Muzeyi ölkənin paytaxtı Doha şəhərində inşa olunub. Fars körfəzi ətrafında rast gəlinən təbii mineral "səhra gülü" çiçəyi şəklində dizayn edilən unikal muzeyin layihəsini məşhur memar "Pritsker" Premiyasının laureatı Jan Nouvel hazırlayıb. Memarın fantaziyasını həyata keçirmək utopiya kimi görünsə də, qabaqcıl texnologiyalar sayəsində mürəkkəb mühəndislik problemləri həll olunub və muzey 2019-cu ildə istifadəyə verilib. Kompleksin tikintisi Qətər hökumətinə təxminən 430 milyon dollara başa gəlib.

"Onilliyin ən qeyri-adi tikilisi" adlandırılan unikal kompleksin ümumi sahəsi 52.000 kvadratmetrdir. Heyrətamiz şəkildə dizayn edilən muzeyin ərazisində memarlıq ansamblını tamamlayan və təbii görünüşü ilə ahəng təşkil edən parkın sahəsi isə 100.000 kvadratmetrdən çoxdur. Xaotik vəziyyətdə düzülmüş nəhəng ağ disklərdən ibarət bina çox zərif görünür. Lakin bu disklər yalnız dekorativ funksiyanı daşımır, həm də quruluşu dəstəkləyən divar rolunu oynayır. Qətərin min illik tarixini əks etdirən bu ekspozisiyada 3D texnologiyalar vasitəsilə ziyarətçilər "Başlanğıclar", "Qətərdə həyat" və "Müasir tarix" adlı üç böyük bölmədə maraqlı sənət əsərləri və videoçarxlarla tanış olur. Burada, həmçinin müvəqqəti sərgilər, multimedia kompleksi, kinoteatr, televiziya mərkəzi, istirahət zonaları, kafe, restoranlar və suvenir mağazaları fəaliyyət göstərir.

Polad ev

Mərhum heykəltəraş Robert Brunonun ABŞ-ın Texas ştatında layihələndirdiyi "Polad ev" qeyri-adi görünüşünə görə dünyanın diqqətini çəkməyi bacarıb. İlk eskizlərini 1974-cü ildə hazırlayan rəssam mühəndis işlərini yaxın dostu Qenri Martinesə həvalə edib. "Polad ev" tam hazır olduqdan sonra "Dallas News" memarlıq jurnalının məşhur tənqidçisi Mark Lamsterə müsahibə verən Bruno "Mənə ev lazım deyil. Mən sadəcə heykəltəraşlıqla məşğul olmaqdan zövq aldığım üçün belə bir qeyri-adi ev dizayn etmişəm" sözlərini söyləyib. Evin interyerində kitabxana, akvarium və sənət əsərləri yerləşdirmək istəyən Bruno 2008-ci ildə vəfat etdiyi üçün arzuları yarımçıq qalıb. 

Köhnə, paslanmış kosmik gəmini xatırladan möhtəşəm quruluşun tikintisində 150 ton poladdan, təpənin zirvəsində tikilən və dörd beton ayaq üzərində dayanan evin fasadında isə paslı metaldan istifadə edilib. Polad evin hər iki tərəfinə oval formalı vitraj pəncərələr quraşdırılıb.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".