Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

BAYDEN İKİ ÖLKƏ LİDERİNIN “G20” SAMMİTİNƏ QATILMAMASINDAN İSTİFADƏ EDƏCƏK

ABŞ prezidenti Cozef Bayden Amerikanın inkişaf etməkdə olan ölkələrlə münasibətlərini yaxşılaşdırmaq üçün rusiyalı həmkarı Vladimir Putin və Çin lideri Si Cinpinin “G20” sammitində iştirak etməməsindən istifadə edəcək. Bu barədə “Report” agentliyi “CNN” telekanalına istinadən xəbər verib.

Eyni zamanda, nəşr hazırkı sammitin inkişaf etməkdə olan ölkələrə və iqlim dəyişikliyinə həsr olunacağını bildirir. Bayden də öz növbəsində diqqətini bu cür ölkələri dəstəkləməyə, eləcə də Rusiya və Çinin artan hərbi və iqtisadi təsirinə qarşı durmağa yönəltmək niyyətindədir.

Qeyd edilir ki, ABŞ liderinin “G20” sammitində əsas məqsədi Dünya Bankına və digər çoxtərəfli inkişaf banklarına təklif olunan islahatlar, eləcə də inkişaf etməkdə olan ölkələri dəstəkləməyə yönəlmiş qurumlar üçün artan maliyyələşmə ətrafında olacaq.

Məlumata əsasən, bir sıra inkişaf etməkdə olan ölkələrin qatıldığı sammitdə Cozef Baydenin iştirakı ilə Si Cinpinin olmaması arasındakı ziddiyyət ABŞ prezidentinə Birləşmiş Ştatların bu cür ölkələrə sadiqliyini vurğulamaq imkanı verəcək.

 

JOZEP BORRELL: AVROPA ITTIFAQININ QAPISI GÜRCÜSTAN ÜÇÜN AÇIQDIR

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bəyan edib ki, Avropa İttifaqının qapısı Gürcüstan üçün açıqdır. Rəsmi görüşlər keçirmək məqsədilə sentyabrın 7-də axşam saatlarında Gürcüstana səfər edən J.Borreli Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili qarşılayıb.

Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin davam etdiyini xatırladan ali nümayəndə bir neçə həftə ərzində Gürcüstana “namizəd ölkə” statusunun verilməsi ilə bağlı müvafiq qiymətləndirmələrin aparılacağını qeyd edib.

“Avropa İttifaqının qapısı Gürcüstana açıqdır və Avropa İttifaqı Gürcüstanı Aİ-yə üzvlük yolunda dəstəkləməkdə qərarlıdır. Biz bu yolda sizə dəstək olmaq istəyirik”, - deyə Jozep Borrell vurğulayıb.

Eyni zamanda, ali nümayəndə bəyan edib ki, Gürcüstana “namizəd ölkə” statusunun verilməsi üçün Tbilisi hökuməti Aİ-nin onlara çatdırdığı 12 bəndlik meyarlara cavab verməlidir və bu istiqamətdə mühüm işlər görülməlidir.

 

İRANDA YENİ HƏBS DALĞASI BAŞLAYIB

İranda ehtimal edilən etiraz aksiyalarının qarşısının alınması məqsədilə yeni həbs dalğası başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata əsasən, hakimiyyət Məhsa Əmininin ölümünün və “Qanlı Cümə” hadisəsinin ildönümləri ərəfəsində rejim əleyhinə etirazların qarşısını almaq üçün tədbirlər görməyə davam edir. “İranın kəşfiyyat xidmətləri sentyabrın 7-də etiraz aksiyalarını planlaşdıran şəbəkənin üzvlərinin həbs olunduğunu elan edib”, - deyə açıqlamada qeyd olunur.

Bildirilir ki, rejim bir qrup qadın hüquq müdafiəçisini Məhsa Əmininin ölümünün ildönümündə xaos və vandalizmi qızışdırmaq ittihamları ilə həbs edib. Məlumata görə, rejim İranın şərqindəki əyalətlərdə böyük iğtişaşlar riskini azaltmaq üçün İranın sünni azlıq icması ilə əlaqə qurmağı planlaşdırır.

Xatırladaq ki, 2022-ci il sentyabrın 16-da 22 yaşlı M.Əmini İran rejiminin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə saxlanılıb. Dindirildikdən sonra o, sentyabrın 16-da  22 yaşında vəfat edib.

 

RUSİYALI MİLYARDERLƏR ÜÇÜN TÜRKİYƏNİN YERİNİ DUBAY TUTMAĞA BAŞLAYIB

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rus milyarderlərinin əksəriyyəti ailələri ilə birlikdə Dubaya köçüb. “Teleqraf.com”un “Forbes” jurnalına istinadən verdiyi xəbərə görə, milyarderlərdən sonra hüquqşünaslar, maliyyəçilər, sahibkarlar və startapçılar da Dubaya üz tuturlar.

Nəşrin məlumatına görə, ilk dövrdə İstanbula olan tələbat qısa sürüb və böyük gözləntilər qarşılanmayıb.

Hazırda Birləşmiş Ərəb Əmirliklərində nə qədər Rusiya vətəndaşının yaşadığı barədə dəqiq statistik məlumat yoxdur. Lakin “Forbes”in təxminlərinə görə, onların sayı 500 minə çatıb.

Eyni zamanda, nəşr yazır ki, Rusiya bankları Dubayda fəaliyyətlərini genişləndirməyə cəhd ediblər, lakin onlar sanksiya maneəsi üzündən uğursuzluğa düçar olurlar və ya diqqəti cəlb etmədən bizneslə məşğul olmağa çalışırlar.

 

TÜRKİYƏNİN QAZ ÖTÜRMƏ QABİLİYYƏTİ 150 MİLYARD KUBMETRƏ ÇATACAQ

Qara dənizdə qaz qovşağının tikintisi və hasilatı nəzərə almaqla, Türkiyənin infrastrukturu 2028-ci ilə qədər ildə 150 milyard kubmetr təbii qaz ötürmə qabiliyyəti əldə edəcək. “Star” qəzetinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“2028-ci ilə qədər Türkiyənin illik ötürücülük qabiliyyəti 150 milyard kubmetr qaz olacaq. Bu, təbii qaz infrastrukturuna investisiyalar və Türkiyənin Qara dənizdə tam həcmdə qaz hasilatına başlaması ilə birlikdə baş verəcək”, - deyə nəşr nazirdən sitat gətirib.

Məlumata görə, A.Bayraktar bu fikri ölkənin Avropa hissəsində Trakya bölgəsində qaz qovşağının tikintisi perspektivlərini şərh edərkən bildirib. O, Trakyadan danışarkən söhbətin daha çox qaz ticarətinin fiziki mərkəzindən getdiyini vurğulayıb. Eyni zamanda, İstanbulda, Ataşehir biznes bölgəsində qazla yanaşı, enerji ehtiyatları, filiz, metalların ticarəti üçün birjanın yaradılması da nəzərdə tutulur.

Bununla yanaşı, nazir xatırladıb ki, daha əvvəl Türkiyə Macarıstan və Bolqarıstanla qaz tədarükü ilə bağlı müqavilələr imzalayıb və tezliklə hökumət başqa bir müqaviləni elan edəcək.

 

SURİYADA VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB

Suriya ordusu və tərəfdarlarının İdlibə hücumları nəticəsində bir həftə ərzində 6 mindən çox dinc sakin didərgin düşüb. “TRT” telekanalının məlumatına görə, Suriya ordusu və İranın dəstəklədiyi terrorçu qruplar son bir həftədə İdlibin cənubundakı kəndləri müxtəlif çaplı silahlarla ən azı 1360 dəfə hədəfə alıb.

Rusiyaya məxsus döyüş təyyarələri də eyni dövrdə bu bölgələrə 46 dəfə hava zərbələri endirib. İdlibin cənubundakı bölgələr ən çox hədəf alınan yaşayış məntəqələri arasındadır.

Bölgədə məlumat araşdırmaları aparan Suriya Fövqəladə Hallara Müdaxilə Koordinasiya Ofisinin direktoru Məhamməd Hallac hücumlarda 5 mülki vətəndaşın həyatını itirdiyini, 10 mülki vətəndaşın isə yaralandığını bildirib.

Bir həftədə 6 min 382 mülki vətəndaşın evlərini tərk etdiyini bildirən M.Hallac deyib: “Hücumlarda sağlamlıq mərkəzləri və məktəblər də daxil olmaqla ümumilikdə 22 mülki xidmət mərkəzi hədəf alınıb”.

 

ABŞ-da FÖVQƏLADƏ VƏZİYYƏTİN MÜDDƏTİ UZADILIB

ABŞ prezidenti Cozef Bayden 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktlarından sonra terrorizmlə mübarizə ilə bağlı fövqəladə vəziyyətin müddətini bir il uzadıb. “Trend” agentliyinin məlumatına görə, Bayden bəyanatında 11 sentyabr tarixli terror aktlarının ölkə üçün “daimi və birbaşa” təhlükə yaratmağa davam edən böhrana səbəb olduğunu bildirib.

“Mən ölkədə mövcud olan terror təhdidi ilə bağlı 2001-ci il sentyabrın 14-də elan olunmuş fövqəladə vəziyyətin müddətini daha bir il uzadıram”, - deyə bəyanatda vurğulanıb.

Birləşmiş Ştatlarda fövqəladə vəziyyət terrorçular təyyarələri ələ keçirdikdən və onları Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Pentaqona yönəltdikdən üç gün sonra tətbiq edilib.

Daha bir təyyarə Pensilvaniya ştatında qəzaya uğrayıb. Ümumilikdə, terror aktları nəticəsində təqribən 3 min nəfər həlak olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.