Çinin büdcə gəlirləri 7 ay ərzində illik müqayisədə 11,5 faiz artıb
Dünya xəbərləri

Çinin büdcə gəlirləri 7 ay ərzində illik müqayisədə 11,5 faiz artıb

Çinin Mərkəzi və yerli hökumət büdcələrinin gəlirləri 2023-cü il yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artıb.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Maliyyə Nazirliyinin açıqlamasına görə, son 7 ayda büdcə gəlirləri illik 11,5 faiz artaraq, 13,93 trilyon yuana (təxminən 1,91 trilyon dollar) çatıb.

Qeyd olunan dövrdə mərkəzi hökumətin büdcə gəlirləri 11,2 faiz, yerli hökumətlərin büdcə gəlirləri isə 11,8 faiz artıb.

Eyni halda, büdcə gəlirlərinin ən böyük hissəsini təşkil edən vergi gəlirləri 14,5 faiz artaraq 11,75 trilyon yuana (təxminən 1,61 trilyon dollar) çatıb.

Bununla yanaşı büdcə xərcləri də eyni dövrdə yüzdə 3,3 artaraq 15,16 trilyon yuana (təxminən 2,08 trilyon dollar) çatıb.

Dövlət büdcəsinin ümumi kəsiri 7 ayda 1,23 trilyon yuana (təxminən 170 milyard dollar) təşkil edib.

Musa Bağırlı,

“Respublika”.