Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Svenska Dagbladet": COP29-un Azərbaycanda keçirilməsi vaxtında verilmiş qərardır

İsveçin aparıcı "Svenska Dagbladet" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Zaur Əhmədovun məqaləsi dərc olunub.

Səfir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə Azərbaycanın evsahibliyi etməsi barədə qərarın yekdilliklə qəbul edildiyini xatırladıb və bildirib ki, bu, iqlim dəyişikliyi istiqamətində müsbət irəliləyişlər fonunda baş verib. Bunun Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müsbət töhfə verdiyini bildirən səfir isveçli oxuculara Azərbaycanın yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində atdığı ardıcıl addımlar, o cümlədən yaşıl enerjinin Avropaya ixracı üçün Azərbaycan və onun tərəfdaşları tərəfindən yaradılmış Qara dəniz sualtı elektrik ötürücü kabeli barədə məlumat verib.

"BNN Network": Üfüqdə sülh - Azərbaycan, Ermənistan və Cənubi Qafqaz

"BNN Network" informasiya portalı Azərbaycan və Ermənistan arasında sülh sazişinin çox yaxında imzalanacağının ehtimal edildiyi barədə məqalə yayımlayıb. Məqalədə bu il ərzində Cənubi Qafqazda əmin-amanlığın bərqərar olacağı bildirilib. Xəbərdə, həmçinin Azərbaycanın 30 ildən sonra işğaldan azad etdiyi ərazilərdə apardığı bərpa-quruculuq işləri də işıqlandırılıb. Ermənistanın bu əraziləri minalarla çirkləndirməsinə baxmayaraq, ölkəmizin bu torpaqları fəal şəkildə yenidən qurduğu və qaçqınların öz yurdlarına qayıtdığı da məlumatda öz əksini tapıb.

"Vestnik Kavkaza": Azərbaycan neftinin qiyməti 83 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,75 ABŞ dolları, yaxud 3,4% artaraq 83,45 ABŞ dollar təşkil edib.

"Vestnik Kavkaza" xəbər verir ki, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 78,76 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollar nisbətində hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.

"MENAFN": Türkiyə ilə ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə ediblər

"MENAFN" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə edib. Danışıqlar çərçivəsində Hakan Fidan bildirib ki, rəsmi Ankara Türkiyəyə F-16 qırıcılarının satışı prosesinin tamamlanmasını gözləyir.

Bundan əlavə, o qeyd edib ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı yekun qərarı Türkiyə parlamenti verəcək. Digər tərəfdən, rəsmilər Qəzzada mövcud vəziyyəti də müzakirə ediblər. Hakan Fidan Qəzzada dərhal atəşkəsin vacibliyini vurğulayıb.

"Anadolu Agentliyi": Azərbaycanda növbədənkənar prezident seçkiləri üçün qeydə alınan namizədlərin sayı 3-ə çatıb

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə müraciət etmiş daha 2 nəfərin namizədliyini təsdiqləyib. Daha öncə Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyini təsdiq edən Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 6-da keçirilən iclasda özü tərəfindən irəli sürülmüş Zahid Orucun və Milli Cəbhə Partiyasının lideri Razi Nurullayevin namizədliyini müzakirə edib. Müzakirələrdən sonra növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində hər iki şəxsin namizədliyi qeydə alınıb. Namizədlik üçün 17 nəfərin ərizəsini qəbul edən MSK yaxın günlərdə digər namizədlərlə bağlı qərarını açıqlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncam imzalayıb. Prezident seçkilərinin hər 7 ildən bir keçirildiyi Azərbaycanda son seçki 2018-ci ildə olub. Dövlət başçısının imzaladığı Fərmanla prezident seçkiləri vaxtından əvvəl keçiriləcək.

"Turkic World": Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

"Turkic World" xəbər verir ki, bu həftə Azərbaycanda qızıl, gümüş, platin və palladiumun unsiyasının qiymətləri dəyişməyib. Qızılın 1 unsiyasının orta qiyməti ötən həftə ilə müqayisədə 8,4252 manat və ya 4,96 dollar (0,24 faiz) azalaraq 3 507,0745 manat (2 062,98 dollar) təşkil edib.

"Respublika".