İğdırda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım mərasimi
Türk dünyası

İğdırda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım mərasimi

Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğu, İğdır-Azərbaycan Evi Dərnəyi və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə İğdırda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə yerli hakimiyyət orqanlarının və siyasi partiya şöbələrinin təmsilçiləri və İğdır ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 20 Yanvar faciəsinə həsr olunan film nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, İğdır-Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal, İğdır valisi Ercan Turan və başqaları çıxış ediblər.

Qanlı 20 Yanvar faciəsinin törədilməsinin səbəb və məqsədləri barədə müfəssəl məlumat verən Baş konsul Nuru Quliyev diqqətə çatdırıb ki, ermənilərin Azərbaycana əsassız ərazi iddialarına qarşı çıxan xalqımız, keçmiş sovet rəhbərliyinin düşmən mövqeyi ilə üz-üzə qalıb. Nəticədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının günahsız övladlarının qanı tökülüb. Hadisələrdən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev etiraz səsini ucaldaraq bütün dünyanın diqqətini Bakıda baş verən qanlı hadisələrə cəlb edib.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar vurğulayıb ki, bundan 34 il öncə Azərbaycanda müstəqillik uğrunda mübarizə aparıldı və son olaraq bir qəhramanlıq dastanı yazıldı.

Biz iki dövlət, tək millətik deyərək çıxış edən İğdır valisi Ercan Turan ''Atatürkün Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir'' kəlamının dillərə əzbər, nəsillərə örnək, qardaşlığımızı tərənnüm edən dahiyanə ifadə olduğunu bildirib. E.Turan deyib: ''Bizlər heç bir zaman 20 Yanvar faciəsini unutmadıq, gənclərimizə və gələcək nəsillərə də unutdurmayacağıq".

İğdır-Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal "20 Yanvar faciəsinin Sovet ordusunda onlarla günahsız insanın qətlə yetirildiyi, Azadlıq, Azadlıq deyərək qışqıran türklərin şəhid olduğu və boynu bükük qərənfillərin ağladığı bir gündür'' deyib. O, 34 il əvvəl Azərbaycanda müstəqillik uğrunda aparılan mübarizədən və qəhrəmanlıq dastanından bəhs edib: "20 Yanvar Azərbaycan xalqına qarşı törədilmiş həm bir faciə, həm soyqırımı, həm də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir".

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Bakıya qanunsuz olaraq qoşun yeritməsi Azərbaycanın suveren hüquqlarına qəsd kimi dəyərləndirilib. Natiqlər Türkiyənin Azərbaycanı hər zaman dəstəklədiyini, qardaş ölkənin faciələrinin Türkiyədə də yad olunduğunu, iki qardaş ölkənin və xalqın doğma münasibətlərinin əbədiyyətə qədər davam edəcəyini vurğulayıblar.

Tədbirdə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş olunub.

E.ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.