DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AĞ EV VİRTUAL PANDEMİYA SAMMİTİNƏ EV SAHİBLİYİ EDƏCƏK

Ağ Ev ABŞ prezidenti Cozef Baydenin sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində pandemiya ilə mübarizə mövzusunda Virtual Pandemiya Sammitini təşkil etmək niyyətində olduğunu təsdiqləyib. “APA”nın verdiyi xəbərə görə, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Mətbuat katibi qeyd edib ki, sammit “COVID-19”la mübarizə üçün ümumi səylərin genişləndirilməsinə və gücləndirilməsinə həsr edilib.

Bununla yanaşı, sammitin vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, xeyriyyəçilər və dünya liderlərini bir araya gətirməklə ortaq bir baxışda razılıq əldə etmək məqsədi daşıdığı bildirilib.

Tədbirə dəvət alan ölkələrin siyahısı barədə məlumat verilməyib. Lakin Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml ABŞ-dan koronavirusla mübarizəyə dair onlayn sammitə dəvət alıb.

 

“TALİBAN” HƏRƏKATI MÜQAVİMƏT CƏBHƏSİ İLƏ DANIŞIQLARA BAŞLAYIR

Tacikistan və Pakistanın vasitəçiliyi ilə Əfqanıstan müqavimət qüvvələri ilə “Taliban” hərəkatının nümayəndələri arasında danışıqlar keçiriləcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Tacikistan prezidenti Emomali Rəhmon Pakistanın baş naziri İmran Xanla aparılan danışıqların nəticələrinə əsasən məlumat verib.

“Pəncşir əyalətində atəşkəs elan etmək və bölgə əhalisinə humanitar yardım göstərmək üçün münaqişə və gərginliyin erkən aradan qaldırılması günün ən vacib vəzifələrindən biridir. Tacikistan və Pakistan bu məqsədə çatmaq üçün hər cür səy göstərməyə hazırdır”, - deyə Emomali Rəhmon vurğulayıb.

Məlumat üçün qeyd edək ki, danışıqların Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi planlaşdırılır.

Bu ərəfədə Əfqanıstanın “Tolo News” telekanalı bildirib ki, Pəncşir əyalətinə gedən yollar yenidən açılıb və telekommunikasiya xidmətləri bərpa edilib.

 

ÜST-DƏN “COVID-19”LA BAĞLI SEVİNDİRİCİ XƏBƏR

Bu həftə ərzində dünyada “COVID-19”a yoluxma sayında azalma qeydə alınıb. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

ÜST-ün açıqlamasına əsasən, ilk dəfə olaraq bu həftə rəqəmlərdə böyük azalmalar qeydə alınıb. Təşkilatdan bildirilib ki, daha öncəki iki həftə ərzində həftəlik yoluxma 4,4 milyon idisə, başa vurduğumuz bu həftədə dünya üzrə yoluxma sayı 4 milyon nəfər təşkil edib.

Eyni zamanda, bu həftə ərzində “COVID-19”dan ölüm sayında da azalma qeydə alınıb. ÜST bildirib ki, dünya üzrə bu həftəlik ölüm 62 min nəfər olub. Ölüm sayında ən çox azalma isə Cənubi Asiyada müşahidə olunub. Virusun yeni ştammlarından biri olan “delta”nın artıq 180 ölkədə yayıldığı da diqqətə çatdırılıb.

ÜST-ün məlumatında uşaqlar, yeniyetmələr və gənclərin bu virusa daha az yoluxduğu vurğulanıb. Təşkilatın açıqladığı statistikaya əsasən, yaşı 24-dək olanlar arasında ölümlər bu virusdan dünyasını dəyişənlərin ümumilikdə 0,5 faizindən də azdır.

 

PENTAQON KABİLƏ ENDİRDİYİ AVİAZƏRBƏYƏ GÖRƏ ÜZR İSTƏYİR

Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın pilotsuz uçuş aparatı vasitəsilə cari il avqustun 29-da Kabilə endirdiyi zərbəyə görə üzr istəyib. “Trend” agentliyinin verdiyi xəbərə görə, Lloyd Ostin bu “dəhşətli səhvdən” dərs götürəcəyinə söz verib.

Daha əvvəl ABŞ müdafiə qurumu Amerikanın pilotsuz uçuş aparatının avqustun sonunda Kabilə endirdiyi aviazərbənin səhv və 7-si uşaq olmaqla 10 mülki vətəndaşın ölümünə səbəb olduğunu qəbul edib. Bunu ABŞ Silahlı Qüvvələri mərkəzi komandanlığının rəhbəri general Kennet Makkenzi keçirdiyi brifinqdə bildirib.

Verilən xəbərə görə, hazırda Pentaqon hücum nəticəsində Kabildə ölənlərin yaxınlarına kompensasiya ödənişlərinin mümkünlüyünü nəzərdən keçirir.

Generalın sözlərinə görə, Kabilə zərbə endirilməsi məsələsində Əfqanıstanın paytaxtındakı hava limanında insanların həyatı təhlükədə olduğu üçün ordunun sürətli qərar verməsinə ehtiyac olub.

 

AMERİKALI MÜŞAVİR: RUSİYA GETDİKCƏ GÜCLƏNİR

Pekinin Vaşinqton üçün “kardiostimulyator təhlükəsi” olaraq qalmasına baxmayaraq, Rusiya qısa müddətdə ABŞ üçün Çindən daha böyük problem yarada bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müşaviri Kolin Kole bəyan edib.

Pentaqonun mətbuat xidmətinin açıqlamasında Kolin Kolenin fikirini əsaslandırmasına da yer verilib.

“Önümüzdəki illərdə Rusiya əslində ABŞ və əlbəttə, Avropa üçün hərbi sahədə qarşılaşdığımız əsas təhlükəsizlik təhdidini təmsil edə bilər. Rusiya qlobal nüfuzunu artırmaqda və Qərbi parçalamağa çalışmaqla dünya səhnəsində iddialı bir rəqibə çevrilir”, - deyə Pentaqon rəsmisi bildirib.

Kolin Kolenin sözlərinə görə, Rusiyanın davranışı - Avropa, Asiya, Yaxın Şərq və kibertəhlükəsizlik sahəsində ABŞ və müttəfiqləri üçün böyük bir problemdir. “Çox vaxt Moskva şəffaflığı və proqnozlaşdırmanı pozuraraq məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə edir. ABŞ Rusiyanın NATO-nun şərq cinahında və Qara dəniz bölgəsindəki hərbi fəaliyyətini yaxından izləməyə davam edir”, - deyə Kolin Kole vurğulayıb.

 

BVF ƏFQANISTANLA ƏMƏKDAŞLIĞI DAYANDIRIB

Beynəlxalq Valyuta Fondu (BVF) Əfqanıstanla qarşılıqlı əlaqəni ölkənin yeni hakimiyyətinin digər dövlətlər tərəfindən tanınması məsələsi həll olunana qədər dayandırdığını bəyan edib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə BVF-nin sözçüsü Cerri Rays keçirdiyi brifinqdə bəyan edib.

“Beynəlxalq ictimaiyyət hökumətin tanınması məsələsinə aydınlıq gətirənə qədər Əfqanıstanla əlaqəmiz dayandırılıb. Əfqanıstanda hökumətin tanınması baxımından beynəlxalq birliyin qərarlarına diqqət yetiririk. Burada qəbul olunmuş hansısa yekun qərar yoxdur”, - deyə mətbuat katibi bildirib.

Bununla yanaşı, Cerri Rays Əfqanıstandakı çətin iqtisadi və humanitar vəziyyətdən də narahat olduqlarını diqqətə çatdırıb. O deyib: “Təcili şəkildə Əfqanıstan xalqına humanitar yardım göstərmək və kiçik pul köçürmələrinə icazə vermək lazımdır. Yaxınlaşan humanitar böhranın qarşısını almaq və təcili tədbirlər görmək üçün beynəlxalq birliklə işləməyə də hazırıq”.

 

BRİTANİYADA ƏCİNƏBİLƏRLƏ BAĞLI MƏHDUDİYYƏTLƏRƏ DƏYİŞİKLİK EDİLİB

Böyük Britaniyaya səfər edən xarici vətəndaşlara tətbiq olunan “COVID-19”la bağlı məhdudiyyətlərə dəyişiklik edilib. “APA”nın verdiyi xəbərə görə, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şapps açıqlamasında bildirib.

Nazir qeyd edib ki, oktyabrın 4-dən etibarən İngiltərədə yalnız “qırmızı siyahı” sistemi mövcud olacaq. Bu siyahıya daxil olmayan ölkələrə gediş-gəliş sərbəst olacaq.

Eyni zamanda, bu ölkələrdən İngiltərəyə səyahət edən vaksin olunmuş şəxlərin PCR testi vermələrinə ehtiyac qalmayacaq. Nazir həmçinin qeyd edib ki, hazırda “qırmızı siyahı”da olan Türkiyə sentyabrın 22-dən sözügedən cədvəldən çıxarılacaq.

Qrant Şapps bildirib ki, bugünkü dəyişikliklər daha sadə bir sistem deməkdir. “Daha az test tələbi və daha az xərclər insanların daha çox səyahət etməsi anlamına gəlir”, - deyə nazir vurğulayıb.

Bununla yanaşı, Qrant Şappsın sözlərinə görə, Britaniyada hazırda 44 milyondan çox insan peyvənd edilib və bu da yeni mənzərəni əks etdirən daha münasib bir struktur təqdim etməyə imkan yaradır.

Hazırladı:

Vamiq ABBASOV,

"Respublika".