Azərbaycan öz haqq işini sonuna qədər müdafiə edəcək - Politioloq
Gündəm

Azərbaycan öz haqq işini sonuna qədər müdafiə edəcək - Politioloq

Ermənistan tərəfinin Laçın sərhəd-buraxılış məntəqəsi ərazisində qurduğu siyasi şou sülh prosesinə təhdiddir. Onların bu addımı şovinist Ermənistan hakimiyyətini çıxılmaz yola doğru sürükləyir. Hələ Laçın sərhəd-buraxılış məntəqəsinin açıldığı ilk günlərdən etibarən Ermənistan hakimiyyətinin və sülhü istəməyən xarici qüvvələrin bu yol vasitəsilə qondarma xunta rejiminə humanitar yardımı adı altında hərbi yüklərin, silah-sursatın qanunsuz daşınmasını Azərbaycan tərəfi sülh bəyənatının pozulması kimi hesab etmiş və qətiyyətli addımlar atmışdı.

Məsələ ilə bağlı Politoloq Tural İsmayılov “Respublika” ya açıqlamasında bildirib ki, ermənilərin xain cəhdləri əhəmiyyətsizdir:

“Ermənistan Azərbaycandan hər şeyi oğurlamağa çalışır. Azərbaycan ekoaktivistlərinin aksiyaları vəziyyətin dəyişməyinə səbəb oldu. İndi bu mənfurlar bizim aktivistlərin aksiya ideyasını oğurlayaraq qondarma mitinqlər edirlər. Nəticədə vəziyyət tragikomik hal alır. Əvvəlcə nəzərə almalıyıq ki, Samvel Babayan və ətrafındakı terrorçu tör-töküntülərin erməni ictimai rəyində vəziyyəti acınacaqlıdır. Rasional düşünən ermənilər Samvel Babayanın Vardanyanla əvəzlənməsi cəhdlərini görür. Çünki Paşinyana yaxın olan indiki qondarma "dövlət naziri" Qurgen Nersisyan Rusiyanı qane etmir. Rusiya Babayanla anlaşaraq ortaya yeni oyunlar atır. Digər tərəfdən, təşkil edilən “mitinqlər” əhəmiyyətsizdir. Azərbaycan öz ərazilərində sərhəd-buraxılış məntəqəsi quraşdırıb. İnsanların normal gediş-gəlişinə hər bir şərait yaradılır. Hansısa “aksiyaların” bizə heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz haqq işini sonuna qədər müdafiə edəcək. Necə ki, Rusiya da daxil olmaqla, digər ölkələr öz suverenliyinə hörmət edir, öz əraziləri daxilindəki daşımaları ərazilərindənkənar daşımalarına icazə verməzlər, Azərbaycanın da bu məsələdəki mövqeyi tam haqlıdır”.

Ekspert bildirib ki, humanitar yüklər adı altında bu günə qədər Ermənistan ərazisindən Xankəndiyə silah-sursat, qaçaqmal və bir sıra qanunsuz daşımalar həyata keçirilib:

“Bu baxımdan, Azərbaycanın mövqeyi tam yerindədir. Ölkəmizin ərazi bütövlüyü artıq tam şəkildə bərpa olunub. Yurisdiksiyamız Xankəndidə də bərpa edilməlidir. Əlbəttə ki, bunun vaxtı yaxınlaşdıqca, bir sıra qanunsuz və fəaliyyəti şübhə doğuran yollardan istifadənin qarşısı birmənalı şəkildə birdəfəlik alınmalıdır”.

Nurlan ABDALOV,

"Respublika".