Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

BMT-nin BAŞ KATİBİ QURANIN YANDIRILMASINI TƏNQİD EDİB

BMT-nin baş katibi Antonio Quterreş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səfirlər Qrupu ilə görüşündə dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyərək, müsəlman toplumu ilə həmrəyliyini ifadə edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, BMT-nin mətbuat xidməti baş katibin təşkilatın Nyu-Yorkdakı binasında İƏT üzvləri ilə görüşdüyünə dair məlumat yayıb.

Açıqlamaya əsasən, Antonio Quterreş BMT-nin İnsan Hüquqları Şurasının “din əleyhinə ayrı-seçkilik, düşmənçilik və zorakılığa səbəb olan nifrətlə mübarizə” qərarını həyata keçirmək üçün səy göstərdiyini vurğulayıb.

“Baş Katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan dözümsüzlük, zorakılıq və islamofob hərəkətləri pisləyir”, - deyə təşkilatın məlumatında bildirilir.

Qeyd edək ki, İsveçdə İraq səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması bir çox İslam dünyası ölkələrində böyük hiddətə səbəb olub. Bu, İsveçdə baş verən ilk islamofob hərəkət deyil. Belə ki, ötən ay da İsveç polisinin icazəsi ilə Stokholmda məscidin yaxınlığında Quran yandırılıb.

 

UKRAYNA TAXIL TƏDARÜKÜNÜN YENİ YOLLARINI AXTARIR

Ukrayna taxıl tədarükü ilə bağlı yeni yollar axtarır. Hətta əsas ümid yeri olan Dunay çayı ilə bağlı da bir çox problemlər ortaya çıxıb. Çayın dayazlaşması Ukraynanın ümidlərini də heçə endirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, Rusiyanın taxıl sazişindən çıxması Ukraynanı çay, avtomobil və dəmir yolu ilə böyük miqdarda taxıl ixrac etməyə məcbur edəcək. Bu marşrutlar isə çətinliklərlə doludur.

Eyni zamanda, bunun üzərinə logistik problemlər əlavə olunur. Çünki Ukrayna daha uzun marşrutlar üzrə çatdırılma xərclərini iki dəfə artırmalı olacaq. Bu halda aşkar marşrutlardan biri də Dunay çayıdır. Lakin istilər səbəbindən onun səviyyəsi xeyli aşağı düşüb ki, bu da taxılın daşınmasını daha da çətinləşdirir.

Bununla yanaşı, alternativ tədarük marşrutlarının da müəyyən çətinlikləri var. Məsələn, bəzi avropalı fermerlər Ukrayna taxılının idxalına etiraz edirlər.

 

AVROPA ITTIFAQI ÖLKƏLƏRİ ARASINDA FİKİR AYRILIĞI YARANIB

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi və onların Ukraynaya verilməsi ilə bağlı hələlik razılığa gələ bilmir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Aspen Təhlükəsizlik Forumunda çıxış edən Niderlandın baş nazirinin xarici işlər və təhlükəsizlik üzrə müşaviri Cefri van Leuven bəyan edib.

“Biz hələ ki, aktivləri müsadirə edib Ukraynaya verə biləcəyimiz mərhələyə çatmamışıq. Səbəblər Almaniyanın etirazlarında və məhkəməyə verilə biləcək hüquqi məsələlərdədir. Bunu edə biləcəyimizi söyləmək üçün hələ çox uzağa getməmişik”, - deyə Niderland rəsmisi vurğulayıb.

Eyni zamanda, 2022-ci ildən bəri Avropa Komissiyası  dəfələrlə bəyan edib ki, mövcud Avropa qanunvericiliyi Aİ-nin birtərəfli məhdudiyyətləri nəticəsində dondurulmuş xarici aktivlərin müsadirəsinə və onların başqa şəxsə və ya dövlətə verilməsinə icazə vermir.

Həmçinin 2022-ci ilin yayından etibarən Avropa Komissiyası bu cür vəsaitlərin müsadirəsini qanuniləşdirmək üçün Avropa normalarının dəyişdirilməsi istiqamətində intensiv işə başlayıb.

 

QASIRĞA “PFİZER”ZAVODUNU YARARSIZ HALA SALIB

ABŞ-ın Şimali Karolina ştatında tornado “Pfizer” əczaçılıq şirkətinin zavoduna ciddi ziyan vurub. “Trend” agentliyinin xəbərinə görə, bu barədə şirkət özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Biz təsdiq edirik ki, “Pfizer”in “Rocky Mount” zavodu qasırğa nəticəsində zədələnib. Şirkətin işçilərini hadisə yerində müəyyən edilmiş təhlükəsizlik protokoluna əməl edərək, təxliyə edə biliblər”, - deyə məlumatda bildirilir.

Bununla yanaşı, şirkət qeyd edib ki, onlar vəziyyəti izləyir və istehsal üçün təsirləri qiymətləndirirlər. “CNN” telekanalının məlumatına görə, binanın damı “kağız parçası kimi əzilib”.

Bildirilir ki, təxminən yarım saat davam edən tornado Şimali Karolinanın bir neçə şəhərini əhatə edib. Ən azı 16 nəfər yaralanıb. “Pfizer” zavodunun yaxınlığında bir neçə bina zədələnib, ən yaxın böyük magistral isə tornado səbəbindən bağlanıb.

Qeyd edək ki, “Pfizer” dünyanın aparıcı əczaçılıq şirkətlərindən biridir. O, xüsusən də koronavirusa qarşı peyvəndin hazırlanması ilə məşğul olub.

 

VLADİMİR PUTİN: UKRAYNANIN ƏKS-HÜCUMU NƏTİCƏSIZDIR

“Ukraynanın əks-hücumu nəticə verməyib”. “Report”un xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsində bəyan edib.

Dövlət başçısının sözlərinə görə, rəsmi Kiyevin Qərbdəki “kuratorları” əks-hücumun nəticə verməməsindən məyusdurlar: “Polşa Belarusun bir hissəsini qoparmaq istəyirdi”.

Vladimir Putin bildirib ki, Ukraynanın səfərbərlik resursları tükənir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin itkisi onminlərlədir.

Rusiya prezidenti vurğulayıb ki, Polşa qoşunları Lvova və ya Ukraynanın başqa ərazisinə daxil olsa, həmişəlik orada qalacaqlar.

Eyni zamanda, Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin qeyd edib ki, Polşa Qərbi Ukraynaya nəzarəti ələ keçirməyə hazırlaşır. Vladimir Putin ona Ukraynaya münasibətdə Polşanın planlarını izləməyi tapşırıb.

 

TÜRKİYƏ TANKLARI “VOLKAN” SİSTEMİ İLƏ ZƏRBƏ ENDİRƏCƏK

İstanbulda 25-28 iyul tarixlərində keçiriləcək XVI Beynəlxalq Müdafiə Sənayesi Sərgisində rabitə, hava hücumundan müdafiə, avionika, elektro-optika, elektron müharibə, radar və pilotsuz sistemlər sahələrindəki imkanlarını yerli və xarici ziyarətçilərlə bölüşəcək. “Trend” agentliyi xəbər verir ki, Türk Silahlı Qüvvələri başda olmaqla dost və müttəfiq ölkələrin tanklarını mövcud inkişaflara uyğun təchiz edən və effektivliyini artıran ASELSAN, yarmarka çərçivəsində “VOLKAN” atəş idarəetmə sistemini də təqdim edəcək.

İstifadəçilərin ehtiyaclarına uyğun olaraq ASELSAN tərəfindən hazırlanmış “VOLKAN” sisteminin sınaq testləri uğurla tamamlanaraq “ALTAY”, “M60T” və “Leopard2A4” tanklarına inteqrasiya edilib. Məlumata əsasən, “VOLKAN” sistemi ilə Türkiyə ordusunun sözügedən tankları döyüş şəraitində ən yüksək atəş qabiliyyətinə malikdir.

“VOLKAN” tanklara yenilənmiş sistem arxitekturası, effektiv gündüz və gecə görmə qabiliyyəti, ilk atışda yüksək vuruş imkanı, yeni nəsil istifadəçi interfeysi ilə çətin döyüş, ərazi və hava şəraitində statik və ya mobil atəş idarəetmə funksiyalarını yerinə yetirmək imkanı qazandırıb.

 

HAKERLƏR ABŞ SƏFİRİNİN YÜZ MİNLƏRLƏ MƏXFİ YAZIŞMAsıNI ƏLƏ KEÇİRDİ

Hakerlər ABŞ-ın Çindəki səfiri Nikolas Berns və dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrinkin elektron poçtlarını sındıraraq, yüz minlərlə hökumət yazışması giriş əldə ediblər. “Report” agentliyi “The Wall Street Journal”a istinadən xəbər verir ki, hakerlər Çin hakimiyyəti ilə əlaqədədirlər.

Məlumata əsasən, hakerlər hər iki diplomatın poçt qutularına girişlə ABŞ prezidenti Cozef Bayden administrasiyasının yüksək səviyyəli rəsmilərinin Çinə son səfərləri barədə məlumat da əldə ediblər.

Dövlət Departamentinin kibertəhlükəsizlik üzrə ekspertləri və “Microsoft”un qiymətləndirmələrinə görə, kiberhücumlar may ayında başlayıb, lakin ilk dəfə ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində, iyunun ortalarında aşkar edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.