Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

İSA HÜSEYNOV (Muğanna)

Onun adı gələndə sovetlər dönəmində bir-birinin ardınca çapdan çıxan "İdeal", "Məhşər", "Tütək səsi", "Ömrümdə izlər", "Kollu koxa"  kimi məşhur əsərlər yada düşür... Sadə insanların  həyatındakı gerçəklikləri böyük ustalıqla  təsvir edən bu yazıçı, rəhbər şəxslərdən tutmuş bəzi qələm yoldaşlarına qədər bir çoxları tərəfindən  tənqid atəşinə tuş gəlsə də, ömrünün sonuna qədər öz sözünü deməkdən çəkinmədi. Söhbət atasının dayısı tərəfindən qətlə yetirilən, Əkrəm Əylislini otaqdan qovan, peyğəmbərlə söhbət edən Xalq yazıçımız,  ssenarist və kinoredaktor İsa Hüseynovdan gedir...

İsa Hüseynov (Muğanna)  Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. Yazıçı  Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra orada təhsil almaqdan imtina edib. Özünün dediyinə görə, dayısının təkidi ilə sənədlərini buraya veribmiş. Dərslərin birində cərrahiyyə əməliyyatında iştirak edib. Professor ondan cəsədin cinsi orqanını kəsməsini istəyib. Yazıçı buna çox qəzəblənib və qayçını professorun üstünə atıb birdəfəlik Tibb İnstitutundan gedib. Xəbəri eşidən dayısı qəzəblənib ona bir şillə vurub. İsa Hüseynov deyir ki, bundan sonra dayısı ilə konflikti başlayıb. Və sonralar öyrənib ki, sən demə, dayısı onun  atasının qatiliymiş. Nazirlərin birinin sifarişi ilə dayısı onun atasını öldürübmüş.

İsa peyğəmbərin yaşında ölmək istədiyini söyləyən yazıçı,  hətta gündə üç dəfə onunla söhbət etdiyini deyib.  Ən maraqlısı isə yazıçının o biri dünyadan "otkaz" alması olub. Belə ki,  İsa müəllim müsahibələrinin birində  deyib:

Heç kim inanmaz, mən dörd dəfə dalbadal infarkt oldum; beləcə, qəşəng kanal açılırdı, deyirdim, məni aparırsınız? Bir dəfə lap kobud cavab verdilər. Dedilər ki, sənin kimi zibillərlə bura doludur, otur aşağı, işini gör".

Sonralar Muğanna təxəllüsünü götürən yazıçı ilk povesti "Bizim qızlar"a görə Mircəfər Bağırov tərəfindən möhkəm tənqid edilib. Sonra hər şeyin üstü qapanıb. İsa Hüseynov xeyli vaxt keçəndən sonra bu povestdən imtina edib.

Deyilənlərə görə, İsa Hüseynov bir dəfə Əkrəm Əylisliyə hirslənərək "Əkrəm, "povestuşka"larını da götür rədd ol burdan!", - deyib. Lakin  sonralar bu hadisə ilə bağlı fikir bildirən Əkrəm Əylisli  öz müsahibələrinin birində belə söyləyib:  "Nə vaxt? Nəyə görə? Hansı otaqdan? Bu sualların heç birinin cavabı şəxsən mənə məlum deyil. Ancaq mənə yaxşı məlumdur ki, işlədiyi yerlərdə, İsa Hüseynovun öz otağı heç vaxt olmayıb. Demək, söhbət onun evindəki hər hansı otaqdan gedə bilər. Ancaq mən o evdə heç vaxt olmamışam. Ona görə ki, rəhmətliyin "İsa Hüseynov" olduğu dövrdə məni ora çağıran olmayıb. Onun "İsa Muğanna" olduğu zamanlar isə evində uzaq qalaktikalardan gələn o qədər yadplanetli qonaq-qara olub ki, orda mənə, istəsəm də, yer tapılmayıb. Mən xəngəl süfrəsi arxasında hər gün İsa Məsihlə oturan o Muğannanı qəbul eləyə bilmədim!  Deyirlər, dahilərin hamısı dəlidir, ancaq dəlilərin hamısı dahi deyil axı. İsa Hüseynov dahi olmaq istədi. Dahi olmadı, dəli oldu. Biz bunu deməyə niyə qorxuruq?".

Bir gün Yusif Səmədoğlu gedir ki, İsa Hüseynov evində yaxşı çay və şirniyyat süfrəsi açıb, stəkan-nəlbəkini də bir neçə dənə qoyub. Soruşur: "Deyəsən, məndən başqa da qonaqların var?". İsa Hüseynov ciddi-ciddi: "Hə, yadplanetlilər gəlib". Yusif müəllim zarafatından qalmır: "Şirniyyat, mürəbbə də düzmüsən, yazıqları şəkər xəstəsi edəcəksən".

Qabillə İsa Hüseynov bir yerdə qalırlarmış. Günlərin birində Qabil kotlet qızardırmış. Uzaqdan ona diqqət edən İsa Hüseynov görür ki, Qabil istidə tərləyir və tər damcıları sapılcaya düşür. Bu mənzərə onu narahat edir. Bu yerdə Qabil İsaya səslənir: "Yaxşı qızarıb. Gəl bir dadına bax". İsa Hüseynov nə qədər etiraz etsə də, Qabil əl çəkmir. Nəhayət, İsa çıxış yolu tapır: "Mən gedim çörək alım, sən də ona qədər hazırlıq gör". İsa Hüseynov o gedən  gedir və həmin gün evə gəlmir.

Yazıçı xalası qızı Firuzə xanımla ailə qurub. Firuzə  xanımın dediyinə görə, onu İsaya ağlada-ağlada ərə veriblər. Cütlüyün uzun illər övladı olmayıb. Bir dəfə yazıçı gecə yuxuda balaca qız uşağı görür. Səhəri gün yoldaşına deyir ki, sən ana olacaqsan. Qəribədir ki, Firuzə xanım bir neçə ay hamilə olduğunu bilməyib. Hətta elə bilirmiş xərçəngi var. Bakıda müayinə olunanda, həqiqətən, 4 aylıq hamilə olduğunu öyrənib. Böyük bir sevinc yaşayan İsa müəllim əvvəl qızın adını Möcüzə qoymaq istəsə də, sonra fikrindən daşınıb və ona Sevinc adını yaraşdırıb.

İsa müəllim uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb. 85 yaşında  gecəyarısı qəflətən vəfat edən yazıçı Fəxri Xiyabanda dəfn olunub.

CORC ORUELL

XX əsr İngilis ədəbiyyatının öndə gələn yazıçılarından biri CORC ORUELL... Daha çox "Heyvanıstan" və "1984" romanları ilə böyük oxucu kütləsi qazanan bu yazıçı, çox qısa ömür sürsə də, özünəməxsus yaradıcılıq üslubu ilə yaddaşlarda qalıb.  Stalini donuza bənzədən, pul qazanmaq üçün yazıçılıqla yanaşı, fərqli sahələrdə - polis, müəllim, satıcı, naşir və hərbi müxbir kimi çalışan yazıçı çox keşməkeşli həyat yolu keçib...

Əsl adı Erik Artur Bleyer olan yazıçı Corc Oruell Hindistanın Motixari şəhərində ingilis-hind ailəsində dünyaya göz açıb. Atası gömrük işçisi, anası isə evdar qadın olub. Sonralar  ailəsi ilə birgə Londona köçən Oruell, kiçik yaşlarından kitab oxumağa həvəs göstərir, Kiplingin, Dikkensin, Uelsin əsərlərini oxuyur. 15 yaşında Londonun elitar məktəblərindən sayılan Iton kollecinə daxil olur. Lakin təhsil haqqını ödəyə bilmədiyindən kolleci yarımçıq qoyaraq Birmaya gəlir və kral polisində direktor köməkçisi işləməyə başlayır.

Müstəmləkəçi məmur ailəsində doğulsa da Oruell gənclik illərindən müstəmləkəçilik və imperializmə qarşı kəskin münasibəti ilə fərqlənirdi. Müasirləri onu belə təsvir edirlər: "Arıq və uca boylu, sıx, dalğalı saçları olan, iri addımlarla yeriyən gənc. Daim sakit və məsum gülüşü ilə qarşısındakının ona maraqlı olduğunu göstərməyə çalışardı. Heç vaxt özünü yuxarıdan aparmaz, heç kimə ağıl öyrətməz, zorla öz fikrini qəbul etdirməyə çalışmazdı". Bu müdrik və bilikli adamı şəxsi həyatda görmüş adi insanlar onun haqqında məhz belə düşünürlər.

Deyilənlərə görə, yazıçı  bilərəkdən həbsə düşübmüş. Məqsədi həbsxana həyatını daha yaxından müşahidə etmək olub. Xırda cinayət törədərkən Ervard Borton adında yoxsul bir balıqçı obrazına girən Oruell bir şüşə viski içərək dava salır. Lakin bu, Oruellin gözlədiyi kimi uzunmüddətli həbs olmur, o, 48 saatdan sonra sərbəst buraxılır. Yazıçının "Klink" adlı essesi məhz həmin o iki günlük həbsxana təəssüratlarından bəhs edir.

Yazıçı gənc ikən Eylin Oşonessi adlı qadınla evlənir. Bu izdivacdan cütlüyün bir oğlu dünyaya gəlir. Həmin vaxt İspaniyada vətəndaş müharibəsi başladığından siyasi baxışlarına görə solçu olan Oruell London qəzetlərinin birinin müxbiri kimi ora yollanır və partizan dəstələrindən birində vuruşmağa başlayır. Döyüşlərin birində ağır yaralanan yazıçı hospitalda müalicə alır. Müharibə onun dünyagörüşünə böyük təsir göstərir. Sağaldıqdan sonra o, Ispaniya gizli polisi tərəfindən axtarıldığını öyrənir və Londona qayıdır. II Dünya müharibəsi illərində Corc Oruell BBC telekanalında və "Observer" qəzetində işləyir. Bu ərəfədə o özünün məşhur "Heyvanıstan" əsərini yazır. Roman sovet dövlətinin lideri İosif Stalin haqqında idi. Alleqorik janrda yazılmış bu əsərdə Heyvanıstana rəhbərlik edən donuz  Stalinin obrazıdır. Onun rəqibi olan digər donuz obrazı isə  Trotskidir. Yeri gəlmişkən qeyd edək ki, bu əsər yazıldığı ərəfədə yazıçının Londondakı evinə əl bombası atılıb. Hadisə zamanı ev tamamilə dağılsa da xoşbəxtlikdən yazıçı və ailəsi burada olmayıb. Maraqlısı isə odur ki, hansısa möcüzə nəticəsində Oruellin məşhur "Heyvanıstan" romanının əlyazması da salamat qalıb.

"1984" romanında isə yazıçı  konkret müasir gerçəkliyi deyil, Stalin rejimini xatırladan avtoritar dövlət modelini təsvir edib. Deyilənlərə görə, yazıçı hətta bu romanı tamamlamadan ölümdən dönüb. Belə ki, əsəri yazdığı dönəmlərdə oğluyla dəniz gəzintisinə çıxan yazıçı suya düşərək boğulmaq təhlükəsi ilə üzləşib. Lakin əsərin çapından 7 ay sonra yazıçı vərəm xəstəliyindən vəfat edib...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".