Sabah Bətəlqeyzə ulduzu tutulacaq
Maraqlı

Sabah Bətəlqeyzə ulduzu tutulacaq

Dekabrın 12-də gecə səmasının ən parlaq obyektlərindən biri olan Bətəlqeyzə ulduzunda tutulma hadisəsi baş verəcək.

Bu barədə "Respublika"-ya Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, 1891-ci ildə kəşf olunmuş Leona (A891 TA) asteroidi sabah Bətəlqeyzənin qarşısından keçəcək.

On iki saniyə ərzində asteroid ulduzu tamamilə örtəcək və asteroidin ölçüləri hesablama ilə üst-üstə düşərsə, halqalı tutulma baş verəcək ki, bu da ulduzun atmosferini müşahidə etmək imkanı yaradacaq. Tutulma hadisəsi astronomlar üçün nəhəng ulduzun səthinin xəritəsini yaratmaq baxımından dəyərli bir fürsətdir. Bu təbiət fenomeni alimlərə ulduzun parlaqlığının dəyişməsinin mexanizmi haqqında informasiya əldə etməyə imkan verəcək.

Tutulma Bakı vaxtı ilə saat 05:17-də baş verəcək. Bu hadisəni Asiya və Avropanın müəyyən hissəsi, Florida və Meksikadan izləmək olacaq. Ulduz tutulmasını adi gözlə də müşahidə etmək olacaq, lakin daha yaxşı müşahidə üçün kiçik teleskop və ya binokl istifadəsi məqsədəuyğun hesab edilir.

Tutulmanı canlı izləyə bilməyənlər “Virtual Telescope Project” tərəfindən yutub üzərindən onlayn yayıma qoşula bilərlər.

Qeyd edək ki, bu qırmızı ifratnəhəng ulduz Yer kürəsindən 550 işıq ili məsafədə Orion bürcündə yerləşir. Bətəlqeyzə ulduzu sürətlə təkamül edib və yaxın 30-50 il ərzində ifratyeni kimi partlaması gözlənilir. Bu baş verərsə, Yer kürəsinin sakinləri səmada Ay ölçüsündə nebula müşahidə edəcəklər.