MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) VƏ ONUN
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) VƏ ONUN "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ" KİTABI

Güney Azərbaycan milli-elmi və ədəbi şəxsiyyətləri

Xalqımızın fikir, düşüncə, mübarizə tarixində elə şəxsiyyətlər olmuşdur ki, sağlığında həqiqi qiymətlərini almamış, əksinə, millət yolunda fədakarlıqları çox vaxt onları yurdlarından didərgin salmış, olmazın məşəqqətlər, həbslər, sürgünlərlə üz-üzə qoymuşdur. XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor Məhəmmədtağı Zehtabinin də sağlığında şəxsiyyəti və yaradıcılığı ictimaiyyət tərəfındən gərəyincə öyrənilməmişdir. İstər şah rejimi dövründə, istərsə də sonrakı İran mühitində Azərbaycan dilinə, tarixinə, etnik mənsubiyyətinə, coğrafi, siyasi mövqeyinə şovinist baxışları rədd edən M.Zehtabi bir çox elmi, publisistik əsərlər yazmış, xalqının istək və arzularını əsərlərində əks etdirməyə çalışmışdır.

Yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

M.Zehtabi, uzun illərin elmi araşdırmalarını ciddi təhlil və nəzəri əsaslarla zənginləşdirərək ömrünün qürub çağında bütün elmi, ədəbi axtarışlarının, səfər və təəssüratlarının yekunu kimi 880 səhifəlik "İran türklərinin əski tarixi" adlı fundamental əsərini yaymışdır.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların on qəbiləsi ilk dəfə Miladdan 900 il əvvəl İran yaylasına gəlmiş, Elam şahzadələrinin hakimiyyəti altında olan Kirman əyalətində yurd salıb yaşamışlar. Lakin bu ərazilərdə türklərin 3500 il əvvəl məskunlaşdığı qeyd olunur. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Kitabda, həmçinin yerüstü abidələrimizin ən qədim xəritəsi çəkilir, Hind-Avropa xalqlarının bu insan məskəninə axınına kimi qurulan dövlətlərin və mədəniyyətlərin etnik, dil və kök baxımından türklərə aid olduğu sübut edilir.

Professor M.Zehtabinin uzun illərin gərgin axtarışları, davamlı müqayisə, şərhlər, faktların sintezi və analizi hesabına gəldiyi nəticə "İran türklərinin əski tarixi" əsərində belə ümumiləşdirilir: "Arazın şimalında və cənubundakı qədim Azərbaycan torpaqları türk etnosların əski dil, mədəniyyət, məişət mərkəzləri - Vətənləri olmuşdur".

Mövzunun aktuallığını nəzərə alaraq kitabı cüzi ixtisarla oxucularımıza təqdim edirik.

(əvvəli 1 fevral tarixli sayımızda)

 

Şimali və qismən Cənubi Azərbaycanda yaşamış Sakasenlər şübhəsiz həmin sakalar və ya uzunpapaqlılardı ki, Arazın şimal və cənub sahillərində yaşayırdılar. Bunlar ərazi cəhətdən mi-diyanın tərkibində olsalar da, siyasi cəhətdən əhəmənilərə tabe deyildilər. Çünki Kadusilər bugünkü Qaradağın meşəli dağlarında yaşamış və midiya ilə sakasenlər arasında məsafə yaratmışlar. Kadusilər el həyatı keçirir və heyvandarlıqla məsğul olardılar. Kadusilər ilk dəfə Kir öz babası Astiyakın sərkərdəsi olaraq onlara qarşı döyüşdükdən sonra midiyalılara tabe oldular. Lakin bu tabelilik davam etmədi. Əhəmənilər sakraflığa tabe deyildilər. Eradan əvvəl 404-cü ildə II Ərdəşir kadusilərə qarşı ordu yeritsə də, buna müvəffəq olmadı. Qədim yunan tarixçisi Truqu Pumpənin rəvayətinə görə, III Ərdəşir (eradan əvvəl 338-359) bir daha kadusilərin üstünə ordu göndərdi və bundan sonra III Dara da kadusi pəhləvani ilə vuruşdu. Lakin kadusi elləri əhəmənlilərə tabe olmadılar.

Demək, əhəməni şahları Şimali və Cənubi Azərbaycanın bu ellərini özlərinə tabe edə bilmədilər. Yalnız Atropat el qaydaları ilə ağıllı hərəkət edərək onları özünə müttəfiq etdi. Etnik və dil cəhətdən bu ellərə yaxın və qohum olan Atropatın yəqin onların arasında dostu, tərəfdarı və tanışları olmuşdu.

III Ərdəşir - Oxos zamanında terror, təzyiq və sairə ictimai-siyasi və iqtisadi təzyiqlərə əlavə oldu. Onun səltənəti dövründə bütün məhkum millətlərin vilayətlərində üsyanlar başlandı. Şah ancaq bu üsyanları yatırtmaqla məşğul idi. Nəhayət, III Ərdəşir - Oxos eradan əvvəl 338-ci ildə saray böyüklərinin biri olan Baqvas tərəfindən zəhərlənib öldürüldü. Həmin saray adamı III Ərdəşir - Oxosun oğlu Arasesi şah elan etdi.

III Ərdəşir - Oxosun əlindən nadir halda saray adamları qurtara bilmişlər. Bunlardan biri Otesa idi. Otesanın üç qızı var idi. Bunların biri Troşat idi ki, sonra İsgəndərin arvadı oldu. Arses iki il sonra, eradan əvvəl 336-cı ildə Baqvasın sözünə baxmadığı üçün onun tərəfindən öldürüldü. III Ərdəşirin nəslindən heç kim qalmadığı üçün Baqvas II Daranın oğlunu III Dara adı ilə şah elan etdi. III Dara Baqvası öldürdü.

Bütün əhəmənilər dövrü, xüsusilə 100 il ərzində sarayın fitnəkarlıqları, terror və dəhşətlərin həddini aşması məhkum və əsir xalqları təngə gətirmişdi. Onlar dərin və ümumi üsyan ərəfəsində idilər. Bu zaman eradan əvvəl 334-cü ildə Makedoniyalı İsgəndər İrana hücum etdi. Bu hücum qəddar Əhəməni şahlarının yunan torpaqlarına səbəbsiz hücumu və orada törətdiyi cinayətlərə cavab idi. Müharibə may ayında Qraniq çayı sahillərində baş verdi. Xalqın və məhrum millətlərin narazılığı nəticəsində əhəmənilər məhv oldular.

İsgəndərin ilk hücumundan pars qoşunları və onların komandanları olan əhəməni şahzadələri biabırçı şəkildə məğlub oldular. Bu məğlubiyyətin davamı eradan əvvəl 330-cu ildə Isos bölgəsində baş verdi. Bu müharibəyə III Dara döyüş meydanına 250 min piyada və 50 min atlı gətirmisdi. Döyüşlər zamanı fars orduları darmadağın oldu, sarayın iç üzü hamıya aşkar oldu. Bir neçə müharibədən sonra nəhayət, eradan əvvəl 331-ci ildə İsgəndərlə III Dara arasında "Gaevgamel = Gögmel = Gəm = cəm" adlı bölgədə qanlı döyüşlər başladı. Bu döyüşdə III Dara 200 min piyada, 45 min atlını döyüş meydanına gətirə bilmişdi. Dara görünməmiş və biabırçı vəziyyətdə məğlub olub döyüş meydanından qaçdı. Nəhayət, eradan əvvəl 330-cu ildə öldürüldü. İsgəndər Təxticəmşidi - əhəmənilərin paytaxtını oda çəkdi və əhəmənilərin bu yaramaz hakimiyyətinə son qoydu.

Atropaten Dövləti Midiya Atropaten dövlətinin yaranması

İsgəndərin ildırımsürətli hücumları əhəmənilər hökumətini köksüz bir hökumət kimi aradan qaldırdı. Yunan milləti Xaşayarşanın Yunanıstana vəhşi və səbəbsiz hücumunun intiqamını aldı. Farslar yunanlılara tabe oldular. Əhəmənilərin bütün əraziləri İsgəndərin əlinə keçdi. İsgəndər farslarla qohum olaraq həmişə onları özünə tabe saxlamaq istədi. İsgəndər əsgərlərini və ordu basçılarını İran qızları ilə evləndirdi və fars gənclərini yunan ordularında xidmət etməyə qəbul etdi. M.M.Diakonov İsgəndərin bu siyasətini belə göstərmisdi: Belə bir müşkülün həlli nəticəsində yalnız fatehlərlə məğlub olmuşların birləşməsi ola bilərdi. Şahın özü Daranın qızı Əstatir və III Ərdəşirin qızı Parisatid (Piroşat) və evləndi. Bundan əlavə, İsgəndər bir qrup iranlı gənci öz ordusunda qulluğa qəbul etdi. Və onlara Makedoniya üslubu ilə hərbi təlimat keçdi. Bu gənclərə epiqon deyirdilər. On min yunanlı kişinin on min iranlı - fars qızı ilə az müddətdə görüşüb evlənməsi onu göstərir ki, fars qızları bu evlilikdən istiqbal etmişlər.

Demək ki, İsgəndər yunanlı və fars iranlıdan əmələgəlmə bir millət yaratmaq fikrində idi. İsgəndər təkcə farslar və basqa millətləri deyil, hətta bir sıra millətlər o cümlədən midiya millətini də özünə tabe edə bilmədi. İsgəndərin özü bugünkü Azərbaycan toraqlarına addım da basmadı. İsgəndərin hücumu zamanı Qərbi Midiyanın (bugünkü Azərbaycan) Atropat adlı müdrik, uzaqgörən, ağıllı və siyasətçi basçısı var idi.

(davamı növbəti saylarımızda)