Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Cordano Bruno

"Həqiqət yolu çətin yoldur, çox az adam bu yolla gedə bilir, amma bu yolun sonuna çatanların qarşısında qeyri-adi mənzərələr açılır". Bu cür düşünərdi italyan filosofu və şairi Cordano Bruno... Amma istədiyi o qeyri-adi "mənzərəni" görmək ona nəsib olmadı. Düşüncə tərzinə görə hamıdan fərqlənən bu filosof bəlkə də "çoxbilmişliyindən" cəzaya məhkum olundu və ölümün cəngindən canını qurtara bilmədi. Hardan bilərdi ki, bir gün onu düşüncələrinə görə edam edəcəklər...

Bir çox mənbələrdə onu əsl qəhrəman, elm fədaisi, gözəl mühazirəçi və istedadlı yazıçı kimi qələmə verirlər. Lakin bəzi mənbələrdə isə onun alim adlandırılması yanlışlıq hesab edilir. 

Avtobioqrafiyası ilə yaxından tanış olduqda açıq-aydın görünür ki, elmi həqiqət heç vaxt onun ciddi maraq obyekti olmayıb. Bununla bərabər istər sağlığında, istərsə də ölümündən sonra Brunonun ideyaları elmi dairələrdə hələ də güclü tərəfdaş toplaya bilməyib. Səbəb isə çox sadədir: Cordano Bruno nə riyaziyyatçı, nə də ki astronom idi, təbiət elmlərindən isə yalnız müəyyən dərəcədə başı çıxırdı.

Onun nə elmi baxışları, nə də dünyanı və elm aləmini silkələyəcək kəşfləri olub. Ortaya maraqlı bir sual çıxır: bəs nə idi onu bu qədər məşhur edən səbəb?

Brunonun adının bu günə qədər məşhur olması, ilk növbədə, onun həyatının faciəli finalı ilə bağlıdır. Tam məsuliyyətlə demək olar ki, o, özünün elmi baxışlarına və kəşflərinə görə cəzalandırılmayıb.

Əslində bu italiyalı mütəfəkkir alim yox, ilahiyyatçı filosof idi. Təbii-elmi kəşflər isə onu, ilk növbədə, həyatın məğzini, kainatın mövcudluğunun mənasını və əsla elmi xarakter daşımayan digər məsələlər barəsində baxışlarını təsdiqləmək vasitəsi kimi maraqlandırırdı.

Üç Tanrının mövcud olduğuna inanan bu adam Kainatı - birinci Tanrı, bütün dünyanı - ikinci Tanrı, insanı isə üçüncü Tanrının yaratdığını iddia edirdi.

Hətta İsa Məsihin, daha doğrusu, Məryəmin belə paklığına şübhə ilə yanaşırdı. Əsərlərində bu və digər psevdodini nəzəriyyələri inkişaf etdirmək, özünün heç də elmi xarakter daşımayan nəzəriyyələrini əsaslandırmaq məqsədilə Kopernikin təlimindən yararlansa da, elə bununla da təlimi təhrif olunmuş şəkildə şərh etmişdi.

Brunonun şəxsi həyatı haqqında demək olar ki, heç nə məlum deyil. Həyatı boyu heç vaxt evlənməyən "dahi mütəfəkkirin" nə övladı, nə tələbələri, nə də davamçıları olub. Bəzi bioqrafları onun cinsi azlığın nümayəndələrindən olduğunu belə iddia edirlər. Orta əsrlərin adət-ənənələri və xüsusən də kilsə xadimlərinin hansı oyunlardan çıxmasını nəzərə alsaq əslində bu da təəccüblü görünmür...

O, magiya ilə ciddi maraqlanır və hər şeydən göründüyü kimi, magiya sənətini praktikada fəal tətbiq edirdi. Buna görə də Katolik Kilsəsi ilə onun arasında münaqişə yaranmaya bilməzdi.

Əgər həmin dövrə nəzər yetirsək görərik ki, mütəfəkkirlər də Kilsə ilə münaqişə vəziyyətində olublar. Brunonun həmin mütəfəkkirlərdən əsas fərqi ondan ibarətdir ki, o, şüurlu şəkildə xristianlığa zidd və kilsəyə qarşı yönəlmiş mövqedən çıxış edirdi. Bruno mütəfəkkir alim kimi deyil, qaçqın rahib və dinsiz bidətçi kimi mühakimə edilib. Onun işi üzrə materialları araşdırdıqda məlum olur ki, o, heç kəslə işi olmayan filosof deyil, Kilsənin şüurlu və fəal düşməni olub.

Onunla bacara bilməyəcəyini görən kilsə məhkəməsi İtaliya və digər Avropa ölkələri üçün məşhur olan inkvizisiya (tonqalda yandırma) cəzasını tətbiq edib. Hətta onu tonqalda yandırmağa apararkən belə cəlladlara "siz hökmü oxuyarkən belə səsiniz əsir, mən isə tonqalda yanmağa getdiyim halda qorxmuram", - deyib. Daha sonra isə 52 yaşlı Bruno kilsə məhkəməsinin qərarı ilə xalqın gözü qarşısında Romanın "Güllər" meydanında tonqalda yandırılıb.

 

Henrix fon Klayst

Alman şairi, nasir, dramaturq hekayə və novella yazarı Henrix fon Klayst... Alman ədəbiyyatında özünəməxsus yeri olan, romantizm dövrünün nəhəngi hesab edilən Klayst çılğın və pessimist yazıçılardan olub. Həyatı da kifayət qədər maraqlı olan bu yazıçı sevgilisi ilə intihar edəcək qədər çılğın bir ömür sürüb...

Onun həyatı xəyali xoşbəxtliyi axtarmaqdan, idealları üçün savaşmaqdan ibarət idi. Evli olmasına baxmayaraq, Klaystın ətrafında hər zaman gözəl qadınlar olub. Həyatının ən gərgin dönəmlərində özü qədər pessimist, həddindən artıq həssas Henrietti Fogel adlı musiqiçi ilə tanış olur. Qısa müddətdə bir-birinə aşiq olan cütlük mütəmadi görüşməyə başlayır. Amma həyat Klaysta növbəti sürprizini edir. Onsuz da pessimizm və ruh düşkünlüyündən əziyyət çəkən Klayst sevgilisinin sağalmaz xəstəliyə - xərçəngə düçar olduğunu öyrənir. Bu hadisədən sonra Klayst ciddi şəkildə sarsılır.

Sonralar xəstəliyinin kəskinləşdiyini öyrənən Fogel sevgilisi Klaystdan onu öldürməsini xahiş edir. Həyata qarşı bütün marağını itirən Henrix Klayst isə Fogellə birlikdə intihar etməyi təklif edir. İntihar qərarı hər ikisini qane edirdi. Çünki Klayst məqsədsiz və məramsız yaşayırdı, yenidən toparlanmaq üçün cəhd etməkdən yorulmuşdu. Fogelin həkimləri isə onun çox yaşamayacağını demişdilər.

Heç kəsin ağlına gəlməzdi ki, səhər saatlarında Berlində yerləşən Vannsee gölü sahilində görüşən xoşbəxt cütlük bura intihar məqsədilə gəlib. Gölün sahilində bir müddət gəzişdikdən sonra səhər yeməyi yeyirlər. Yeməkdən sonra Henrix Henrietteni ürəyindən vurur, sonra isə silahın lüləsini ağzına soxaraq özünü güllələyir...

Hətta cütlüyün həyat hekayəsindən təsirlənən avstraliyalı rejissor Cessika Hasner "Amour Fou" ("Sonsuz sevgi") adlı film də çəkib.

Klayst həyat yoldaşı Mari Klaysta yazdığı məktubda dünyada hər şeydən vaz keçsə də, ondan halallıq almasının vacibliyini vurğulayır: "Bəli, düzdür, səni aldatdım, daha doğrusu, özümü aldatdım. Bu cür şeylərin ölümümə səbəb olacağını sənə dəfələrlə demişdim. Sənə mənimlə intihar edəcək birisi ilə xəyanət etdim və bu, məni ovundurur. Bundan artığını yazmağa bu qadına olan ehtiramım imkan vermir. Yer üzündə artıq öyrənib əldə edəcəyim heç nə qalmadığı üçün ölürəm. Əlvida!".

34 yaşlı yazarın məlum məktubundakı ən təsirli cümlə isə belə olur: "Əsas məsələ budur ki, mənə bu planetdə heç bir yardım əli uzanmadı...".

 

Yohans Brams

Alman bəstəkarı və pianoçu, dirijor, XIX əsr romantizm dövrünün əsas nümayəndələrindən biri - Yohans Brams... Bəstəkar yaradıcılığı ilə yanaşı, nakam sevgisi ilə də yaddaşlarda qalıb. Çox yaxın dostu, məşhur bəstəkar Robert Şumanın arvadına göz dikən Bramsın həyatı elə də rəngarəng olmayıb...

Yohans Brams ailənin ikinci oğlan övladı idi. Atası Yohan Yakob Brams bir zamanlar Hamburqa Şlezviq-Holsteyndən şəhər musiqiçisi olmaq arzusu ilə gəlib. Bir neçə musiqi aləti üzrə mütəxəssis olsa da həyatını truba və ikili bas alətlərində ifa etməklə davam etdirib. Oğluna ilk musiqi təhsilini də elə o özü verib. Anası isə evdə dərzilik edərək ailə büdcəsinə kömək edib.

Brams yeddi yaşından etibarən "yoxsulların müəllimi" Otto Fridrix Villibald Köselldən pianoçuluq sənətini öyrənir. O, ilkin yaşlarında böyük istedada malik olduğunu nümayiş etdirir, restoran və teatrlarda çıxış etməklə, eləcə də fərdi dərslər verməklə ailəsinin elə də çox olmayan gəlirlərinə öz töhfəsini verməyə başlayır.

Onun yaradıcılığında məşhur bəstəkar Robert Şumanın təsiri xüsusi qeyd olunmalıdır. Musiqi tarixində Bramsla Şuman haqqında bir-birini sevən iki səmimi dost kimi bəhs edilir. Şumanla tanışlığından qısa müddət sonra Brams onun ailəsinin ən yaxın üzvlərindən birinə çevrilir.

Sonralar gənc Brams Şumanın həyat yoldaşı, bəstəkar və pianoçu Klaraya çox bağlanır, onunla ömrü boyu davam edən ehtiraslı, lakin platonik münasibətdə olur. O, bir neçə qadına qarşı ciddi fikirli olmasına, hətta Aqate von Sibold adlı xanımla nişanlanmasına baxmayaraq, heç vaxt evlənməyib.

Robert Şuman anormal dərəcədə əsəbi adam idi. Həyat yoldaşı Klaranı çox sevməsinə baxmayaraq, onu tez-tez incidir, xətrinə dəyirdi. Belə zamanlarda Brams köməyə gəlirdi. Şumanı ağıl xəstəxanasına yerləşdirdikdən sonra Brams evdə onun yoxluğunu hiss etdirməməyə çalışırdı. Bramsın Klaraya qarşı duyduğu hörmət və anlayış yavaş-yavaş ümidsiz sevgi halına gəlmişdi. Klaranın da ona həddindən artıq çox bağlı olmağı Bramsı ümidləndirirdi. Robert Şuman xəstəxanada ölümlə mübarizə apardığı zamanlarda Brams Klaranı bu kədərdən xilas etməyə çalışırdı. Robertin ölümündən sonra bütün fikrini, ürəyini verdiyi qadın sərbəst qalmışdı. Amma bunun bir faydası olacaqdımı? Hər şeyi unudub yalnız özləri üçün yaşaya biləcəkdilərmi? Brams da, Klara da bunun mümkünsüz olduğunu bilirdi. Xatirələr onların xoşbəxt olmağına imkan verməyəcəkdi. Dost qalmaqları ikisi üçün də ən xeyirlisi idi...

Brams Şumanın yetim qalan övladlarına ögey ata olmaq əvəzinə sevimli əmiləri olaraq qalmağı üstün tutdu. Özünü tamamilə musiqiyə həsr edən Bramsın artıq sevgisi də, uşaqları da, hər şeyi bəstələri idi. Lakin bütün bunlara baxmayaraq, Bramsla Klaranın dostluğu qadının ölümünə qədər davam edir. Klaranın ölümü isə Brams üçün çox ağır itki olur.

Böyük sarsıntı keçirən bəstəkar sənətdən uzaqlaşmaq qərarına gəlir. Bununla belə, o, fikrində tam qətiyyətlə dura bilmir və ölümünə bir neçə il qalmış yenidən məşhur əsərlər yazır. Sonuncu əsərini bitirən zaman Brams xərçəng xəstəliyinə tutulur. Səhhəti getdikcə pisləşən bəstəkar 57 yaşında dünyasını dəyişir...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".