Sağlam həyat
Maraqlı

Sağlam həyat

Tərəvəzlərin "şahı", mədəmizin "süpürgəsi"...

İspanağın ən faydalı qida məhsulları siyahısında ön sıralarda yer tutması heç də təsadüfi deyil. Fransızlar bu bitkini tərəvəzlərin "şahı", "mədənin süpürgəsi", ruslar isə "Allah tərəvəzi" adlandırırlar. Amerika, İtaliya və Yaponiya xalqı da öz süfrələrini ispanaqsız təsəvvür etmir. Demək olar ki, bütün dünya xalqlarının mətbəxində ispanaqdan hazırlanan müxtəlif cür yemək növlərinə rast gəlmək olar.

İspanaq tərkibində çoxlu miqdarda mineral maddələr və vitamin qrupu saxlamaqla başqa tərəvəz növlərindən fərqlənir. Tərkibi kalium, kalsium, maqnezium, dəmir, E və C vitaminləri ilə zəngin olan bu bitki mədə-bağırsaq sistemində uzun müddət yığışıb qalmış toksik maddələri məharətlə çıxarmaq qabiliyyətinə malikdir. Elə bu səbəbdən də fransızlar onu "mədənin süpürgəsi" adlandırırlar. Bundan əlavə, ispanaq diş və diş ətinin sağlamlığına da müsbət təsir edir. Dişi uzun müddət çürüməkdən qoruyur. Həkimlər qeyd edirlər ki, ispanaq xərçəngin və qan azlığının qarşısını almaq üçün ən effektiv vasitə hesab edilir. İnsan orqanizminə sağlamlıq və gümrahlıq bəxş edən bu bitki xalq təbabətində qəbizlik, qanazlığı, laringit, faringit, bronxial astma, ağciyər soyuqdəymələrində müalicəvi vasitə kimi istifadə edilir. Bu səbəbdən də qış dövründə orqanizmdə baş verən vitamin çatışmazlığını aradan qaldırmaq üçün yaz aylarında ispanaqdan geniş istifadə etmək məsləhət görülür.

 

Sən demə, bu orqan bizi xərçəngdən qoruyurmuş

Massaçuset İnstitutunun alimləri iddia edirlər ki, yaşlı insanlar üçün lazımsız orqan hesab edilən timus vəzisi xərçəngdən müdafiə edə bilər.

Qeyd edək ki, timus və ya çəngələbənzər vəzi döş qəfəsinin ortasında yerləşir. Qana hormonların keçməsi prosesində böyük rol oynayan bu vəzi 15 yaşınadək uşaqlarda olur, sonra geri inkişaf edərək piy toxuması ilə əvəz olunur. İmmunitetin qaynağı hesab olunan timus vəzi bədənin müdafiə gücünü artırır. Yaşlı insanlarda heç bir funksiyası olmayan bu orqan hətta bir çox əməliyyatlarda döş qəfəsini açmağa mane olduğu üçün kəsilib götürülür. Yəni insanın artıq bu orqana ehtiyacı olmadığı düşünülür.

Yeni elmi araşdırma ilə ilk dəfə sübut olunub ki, timus vəzi hətta yaşlı insanlarda autoimmun xəstəlikləri və xərçəngə qarşı mübarizədə əhəmiyyətli rol oynayır.

Mütəxəssislər ürək əməliyyatı keçirilərkən timus vəzisi çıxarılmış 1146 xəstə ilə timus vəzisi yerində olan 1140 pasiyenti müqayisə ediblər. Onlar T hüceyrələr və bəzi sağlamlıq biomarkerlərinin hasilini də ölçüblər. Əməliyyatdan 5 il sonra timus orqanı çıxarılan xəstələrin 90, timus vəzisi çıxarılmayan insanların isə 97 faizinin yaşadığı müşahidə edilib. Bu isə o deməkdir ki, timusun çıxarılması səbəbindən yaşama şansı 2,9 faiz aşağı düşür.

 

Göbələklərdəki ölümsaçan təhlükə

Mütəxəssislər xəbərdarlıq ediblər ki, hətta yeməli göbələklərin tərkibində belə sağlamlıq üçün təhlükə yaradan maddələr ola bilər. Onların sözlərinə görə, maşınların sıx hərəkət etdiyi yerlər - yolların yaxınlığında və ya şəhər parklarında bitən göbələklərdə ağır metal duzları və pestisidlər ola bilər ki, bu da zəhərlənmələrə səbəb olur.

Daha çox papaqlı göbələk, yağlı göbələk növləri və keçi göbələyinin radioaktiv seziumu kifayət qədər intensiv şəkildə topladığı, ağ göbələklərdə, şampinyonlarda civə, qara göbələklərdə isə mis ola biləcəyi qeyd edilib. Mütəxəssislər zəhərlənmənin qarşısını almaq üçün belə göbələkləri düzgün emal etmək və saxlamağın vacib olduğunu vurğulayırlar. Zəhərlənməyə səbəb olmaması üçün yığıldıqdan sonra onların çeşidlənməsi, təmizlənməsi və qaynadılması tövsiyə edilir.

Göbələyin yetişmə mərhələsində onun tərkibində zərərli maddələr əmələ gəlməyə başlayır. Belə göbələkləri çiy və ya kifayət qədər bişməmiş formada yemək təhlükəlidir. Köhnə göbələklərin də təhlükə yarada biləcəyi bildirilir. Belə ki, köhnəlmiş göbələklərdə həşərat sürfələri, göbələklər, həmçinin bağırsaq çöpü, stafilokok, enterokok, streptokoklar və s. kimi patogen mikroorqanizmlər də ola bilər. Odur ki, yeməklərin hazırlanmasında göbələklərdən istifadə edərkən diqqətli olun.

 

Bu problemin çarəsi tapıldı

Amerikalı elm adamları tibb tarixində bir ilkə imza atıblar. Belə ki, Ohayo Dövlət Universitetinin Tibb Mərkəzi və Wexner Tibb Məktəbinin alimləri alkoqolizmin qarşısını almaq üçün yeni metod kəşf ediblər. Tədqiqatçılar bu üsulun alkoqol asılılığı ilə mübarizədə mühüm rol oynayacağını iddia edirlər.

Alkoqolizmdən əziyyət çəkən insanların orqanizmində sevinc hormonu olan dopaminin ciddi çatışmazlığı yaranır. Bu çatışmazlığı kompensasiya etmək üçün içən şəxs spirtli içkinin dozasını daim artırmağa məcbur olur. Meymunlar üzərində aparılan araşdırmaların nəticələri göstərib ki, gen terapiyası ilə primatların beynində dopamin səviyyəsinin uzun müddət bərpa olunmasını təmin etmək mümkündür. Bu səbəbdən də alimlər hesab edirlər ki, insan orqanizmində sevinc hormonunun səviyyəsini bərpa etməklə həddindən artıq spirt istehlakının qarşısını almaq olar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".