DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AĞ EV: UKRAYNA RUSİYA İLƏ DANIŞIQLARA DAIR QƏRARI ÖZÜ VERMƏLİDİR

ABŞ hakimiyyəti hesab edir ki, rəsmi Kiyev Rusiya Federasiyası ilə danışıqların mümkünlüyü barədə qərarları təkbaşına qəbul etməlidir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.

“Biz açıq şəkildə qeyd edirik ki, qərarı Ukrayna prezidenti Volodimir Zelenski verməlidir. Ukraynasız Ukrayna haqqında danışmaq yersizdir”, - deyə mətbuat katibi vurğulayıb.

Eyni zamanda, Ağ Ev rəsmisinin sözlərinə görə, Vaşinqton öz vəzifəsini Ukraynanın ehtiyac duyduqlarına sahib olmasını təmin etməkdə görür.

“Buna görə də biz həm təhlükəsizlik, həm də iqtisadi yardım göstəririk. Siz bunu biz tərəfdən və müttəfiqlərimizdən görməyə davam edəcəksiniz. Biz bunu onların təkcə döyüş meydanında deyil, həm də danışıqlarda mövqelərini gücləndirmək üçün edirik”, - deyə Karin Jan-Pyer əlavə edib.

Bununla yanaşı, Ağ Ev sözçüsü ABŞ-ın Ukraynanı müharibənin sonuna qədər dəstəkləyəcəyini diqqətə çatıdırıb.

 

BÖYÜK BRİTANİYA TÜRKİYƏYƏ “EUROFIGHTER” QIRICILARINI SATA BİLƏR

Böyük Britaniya Türkiyəyə ABŞ-ın “F-35” qırıcılarına alternativ olaraq “Eurofighter” döyüş təyyarələrini sata bilər. “Trend” agentliyinin məlumatına görə, bunu oktyabrın 26-da Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyədə jurnalistlərə açıqlaması zamanı bəyan edib.

“Biz Türkiyəyə “Eurofighter” qırıcılarının satışını nəzərdən keçiririk. Lakin bu məsələni ilk növbədə Türkiyə hökuməti və Hərbi Hava Qüvvələri həll etməlidir”, - deyə nazir vurğulayıb.

Eyni zamanda, Türkiyə istehsalı pilotsuz uçuş aparatlarından danışan Ben Uolles deyib: “Bayraktar”ın imkanlarını gördüm, Türkiyə müdafiə sənayesi gücünə güc qatır”.

Ben Uolles həmçinin vurğulayıb ki, Böyük Britaniya və Türkiyə arasında müdafiə sənayesi sahəsində çoxşaxəli əməkdaşlıq mövcuddur.

Qeyd edək ki, oktyabrın 26-da Türkiyədə Ben Uolleslə türkiyəli həmkarı Hulusi Akar arasında görüş keçirilib. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

 

“BLOOMBERG”: AVROPANIN QAZLA BAĞLI ÇƏTİNLİKLƏRİ HƏLƏ QABAQDADIR

“Avropa əhalisi evlərində temperaturu yüksəltməyə vaxt tapmadan qaz anbarları demək olar ki, doludur. Bununla belə, risklər hələ qabaqdadır: çox şey havadan asılıdır, çünki soyuqlar tez bir zamanda Avropanı ehtiyatlardan istifadə etməyə məcbur edəcək”. “Report”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Qeyd olunub ki, ittifaq hökumətləri həmçinin enerji obyektlərinin bazarını poza biləcək yeni təxribat təhlükəsindən də narahatdırlar. Lakin oktyabrın sonunda vəziyyət siyasətçilərin gözlədiyindən də yaxşıdır.

Məlumata əsasən, isti hava indiyədək tələbatın cilovlanmasına kömək edib, lakin Avropa siyasətçiləri temperaturun soyuması ilə aşağı qaz qiymətlərinin istehlakı artıracağından narahatdırlar. Avropada qaz bolluğunun ən azı dekabr ayına qədər davam edəcəyi gözlənilir.

Noyabrda Avropada havaların uzunmüddətli soyuması gözlənilmir. “2022-ci ildə qaza tələbatın azalması, əsasən, iri sənaye istehlakçılarının fəaliyyətinin dayandırılması hesabına təxminən 7-9 faiz səviyyəsində qiymətləndirilir. Lakin bu, Aİ-nin 15 faizlik hədəfindən geri qalır”, - deyə məqalədə qeyd olunur.

 

70 İLDƏN SONRA YUYUNAN KİŞİ DÜNYASINI DƏYİŞİB

İranın Fars əyalətində yaşayan və 70 ildir yuyunmayan “Hacı əmi” ləqəbli adam vəfat edib. Bu barədə “TRT” telekanalı “IRNA” agentliyinə istinadən məlumat yayıb.

Təmiz olmağın bədənini xəstələndirəcəyinə inanan 94 yaşlı kişi çimdikdən sonra dünyasını dəyişib. Yerli sakinlərin sözlərinə görə, gənc yaşlarında o emosional travma yaşadığı üçün duş qəbuldan imtina edib.

Bir neçə ay əvvəl kənd gənclərinin çimməyə məcbur etdiyi kişi uzun cəhdlərdən sonra buna razı olub. Lakin qoca kişi çimdikdən bir neçə vaxt sonra xəstələnib və 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, ömrü boyu evlənməyən və kəndlilər tərəfindən tikilmiş qapısız daxmada yaşayan qocanın nəinki çimmək, hətta təmiz yemək yeməkdən də imtina etdiyi, səhhətində isə problem olmadan yaşadığı iddia edilirdi.

 

RUSİYADA NÜVƏ SİLAHLARININ TƏLİMlƏrİ KEÇİRİLİR

Rusiyanın müdafiə naziri Sergey Şoyqu düşmənlərin mümkün hücumlarına hazırlıq məqsədilə nüvə təlimlərinin keçirildiyini açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Kremldən verilən açıqlamada isə Rusiya prezidenti Vladimir Putinin nüvə təlimlərini onlayn rejimdə izlədiyi bildirilib.

“Plesetks kosmik bazasından “Yars” qitələrarası ballistik raketi və Barents dənizindən “Sineva” ballistik raketi Kamçatkadakı Kura poliqonuna buraxılıb. Təlimdə havada qanadlı raketlər buraxan “Tu-95MS” tipli uzaqmənzilli təyyarələr də iştirak edir”, - deyə açıqlamada qeyd olunur.

Təlimlər çərçivəsində hərbi komandanlıq və əməliyyat heyətinin hazırlıq səviyyəsi yoxlanılır. “Strateji çəkindirici qüvvələrin həyata keçirilməsi üçün qarşısına qoyulan məqsədlərə uğurla nail olundu. Bütün raketlər öz xüsusiyyətlərini sübut edərək, qarşıya qoyulan hədəflərə çatdı”, - deyə bəyanatda vurğulanıb.

Eyni zamanda, qeyd olunur ki, ABŞ Dövlət Departamenti Rusiyanın nüvə silahlarını sınaqdan keçirəcəyi barədə Vaşinqtonu məlumatlandıracağını açıqlayıb.

 

AVROPA İTTIFAQI ENERGETİKA NAZİRLƏRİNİN FÖVQƏLADƏ İCLASINA HAZIRLAŞIR

Avropa İttifaqının energetika nazirləri noyabrın 24-də enerji böhranı ilə mübarizə üçün Brüsseldə fövqəladə iclas keçirəcəklər. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Avropa İttifaqına sədrlik edən Çex Respublikasının sənaye və ticarət naziri Jozef Sikela bildirib.

“Energetika nazirləri Avropa İttifaqı Enerji Şurasının 4-cü növbədənkənar iclasını keçirəcəklər. Nazirlər fövqəladə antiböhran tədbirləri paketini təsdiqləmək üçün noyabrın 24-də Brüsseldə görüşəcəklər”, - deyə nazir vurğulayıb.

Məlumata əsasən, bu paketə Aİ ölkələrində təbii qazın mübadilə qiymətləri üçün dinamik qiymət dəhlizinin yaradılması, maye qazın istehlakının 15 faizə qədəri səviyyəsində birgə alış mexanizminin işə salınması nəzərdə tutulur.

 

YENİ ZELANDİYADA QADIN DEPUTATLARIN SAYI KİŞİLƏRİ ÜSTƏLƏYIB

Yeni Zelandiya tarixində ilk dəfə olaraq qadın deputatların sayı kişiləri üstələyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, spiker Trevor Mallard İrlandiya səfiri təyin edilib. Parlamenti tərk etdikdən sonra Leyboristlər Partiyasından olan Soraya Peke-Masonun parlamentdə and içməsi ilə qadın deputatların sayı kişiləri ötüb.

Məlumata görə, ölkə parlamentindəki son dəyişiklikdən sonra qadın deputatların sayı 60, kişilərin sayı isə 59 nəfər təşkil edib.

Soraya Peke-Mason məsələyə münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib: “Düşünürəm ki, bu gün həm mənim, həm də Yeni Zelandiya üçün tarixi gündür”.

Qeyd edilir ki, Yeni Zelandiya bu il parlamentdə ən azı 50 faiz qadın təmsilçiliyi olan 6 ölkə arasında yer alıb. Digər ölkələr Kuba, Meksika, Nikaraqua, Ruanda və Birləşmiş Ərəb Əmirlikləridir. Məlumata görə, dünya üzrə deputatların təxminən 26 faizini qadınlar təşkil edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.