Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Google" yeni süni zəka sistemini test edir

Dünyanın ən böyük axtarış sistemi olan "Google" generativ süni zəkanı həyati məsələlərlə bağlı şəxsi köməkçiyə çevirə biləcək yeni iddialı texnologiyaları test etməyə başlayıb.

Hazırda şirkət "DeepMind" adlı laboratoriyasında 21 növ özəl və professional tapşırığın yerinə yetirilməsi üçün nəzərdə tutulmuş generativ süni zəka sistemini sınaqdan keçirir. Bura, həmçinin həyati məsləhətlər, ideyalar, planlama və təhsil konsepsiyasının təklif edilməsi də daxildir. İdeyaların tərtib edilməsi funksiyası istifadəçilər üçün bu və ya digər vəziyyətdən asılı olaraq məsləhətləri və təklifləri irəli sürə bilər. Süni zəka yeni bacarıqları öyrədə və ya artıq mövcud olanları təkmilləşdirə bilər.

"DeepMind" iş prosesində süni zəkanın istifadəsi üçün digər imkanları da test edəcək. Buna elmi, yaradıcı və professional mətnlərin tərtib edilməsi, o cümlədən bu və ya digər mətndə qanunauyğunluqların tapılması, bilavasitə mətnlərdən məlumatların əldə edilməsini misal göstərmək olar. "Google" həmçinin hazırda jurnalistlər üçün nəzərdə tutulmuş süni zəka əsaslı köməkçini də test edir. Bu cür köməkçi xəbərlərin və xəbərlər üçün nəzərdə tutulmuş başlıqların tərtib edilməsində yardımçı ola bilər. Bütün bu layihələr şirkətin süni zəka sahəsindəki liderliyi ələ keçirmək istəyinin bariz nümunələridir. Bu layihələr, həmçinin onu göstərir ki, şirkət həssas mövzularda da süni zəkaya etibar edir.

 

İlk insanlı kosmos missiyasında bitkilərə genetik müdaxilə ediləcək

Türkiyəli elm adamları bu yaxınlarda əlamətdar bir yeniliyə imza atıblar. "Sözcü.com.tr" veb saytında yayımlanan xəbərə görə, alimlər ilk insanlı kosmos missiyasında həyata keçiriləcək təcrübə ilə kosmos şəraitində bitkilərə genetik müdaxilə edəcək.

Kosmosa səyahətdə müxtəlif universitetlər və tədqiqat qurumları 13 fərqli təcrübə həyata keçirəcək. Təcrübələrdən biri "Mikroqravitasiya altında bitkilərdə CRİSPR gen redaktəsinin effektivliyinin araşdırılması"dır. Layihənin məqsədi molekulyar biologiyanın müasir gen redaktə üsullarından biri olan "CRİSPR" texnikasının mikroqravitasiya mühitində bitkilər üzərində effektivliyini araşdırmaq, kosmosda gen transferi və genetik manipulyasiyanın həyata keçirilə biləcəyini yoxlamaqdır.

2023-cü ilin mart ayında laboratoriya araşdırmalarına başlayan layihənin növbəti mərhələsində ilk dəfə türk kosmos səyahətçisi ilə cazibə qüvvəsi olmayan mühitdə təcrübələr aparılacaq. Layihənin koordinatoru və Yıldız Texniki Universiteti Elmi Ədəbiyyat fakültəsi Molekulyar Biologiya və Genetika kafedrasının tələbəsi Tuğçe Celayir sözügedən mövzu ilə bağlı qeyd edib: "Bu araşdırmadan sonra gələcəkdə qida mənbəyi ola biləcək bitkilər süni ekosistem yaradılması və bu ekosistem daxilində oksigen mənbəyini təmin etmək üçün istifadə edilə bilər".

Qeyd edək ki, Türkiyənin ilk insanlı kosmik missiyasının 2023-cü ilin sonunda həyata keçiriləcəyi planlaşdırılır.

 

Dünyanın ən böyük krateri tapılıb

Elm adamları Sakit Okeanın dərinliyində aşkar etdikləri nəhəng strukturun planetdəki ən böyük zərbə krateri ola biləcəyini açıqlayıblar.

Qeyd edək ki, zərbə krateri Planet, peyk və ya Günəş sisteminin səthində olan bərk obyektin, ondan daha kiçik obyektlə hipersürətlə toqquşması nəticəsində formalaşan dairəvi çuxurdur. Türkiyə mətbuatının yaydığı xəbərə görə, mütəxəssislərdən, Endryu Filkson və Tony Yeates Avstraliyanın Yeni Cənubi Uels sahillərində yerləşən krater üzərində apardıqları araşdırmalarla diqqət çəkiblər. Ekspertlər hesab edirlər ki, yeni aşkar etdikləri "Deniliquin" adlı bu struktur dünyanın ən böyük zərbə krateridir. Təxminən 520 km enində olan krater əvvəllər dünyanın ən böyük strukturu hesab edilən strukturdan 161 kilometr böyükdür. Qeyd edək ki, indiyə qədər dünyanın ən böyük strukturu Cənubi Afrikadakı 299 kilometr eni olan Vredefort zərbə krateri hesab edilirdi. Onun təxminən 445 milyon il bundan əvvəl paleozoy erasının Ordovik dövründə formalaşdığı təxmin edilir. Tədqiqatçılar bu gün belə strukturların eroziya və dərinliyi bilinməyən su səbəbindən aşkar edilməsinin çətin olduğunu söyləyirlər. Bu səbəbdən də alimlər yaxın gələcəkdə asteroidin Yerə hansı nöqtədə təsir etmiş ola biləcəyini müəyyən etmək üçün ətraflı xəritələr hazırlamağı və geoloji kəşfiyyatlardan da yararlanmağı planlaşdırırlar.

 

"WhatsApp"a yeni funksiya gəlir

Verilən məlumata görə, "WhatsApp" yeni funksiyasını işə salmağı planlaşdırır. Belə ki, artıq "WhatsApp" istifadəçiləri süni intellektdən istifadə edərək öz stikerlərini yarada biləcəklər. Yenilik messencerin "android" üçün "beta" versiyasında görünüb.

Yeni funksiyaya əsasən stikerlər bölməsində "Yarat" düyməsi əlavə olunub. Onu kliklədikdən sonra istifadəçi stiker üçün mətn təsviri daxil etməlidir. "WhatsApp" süni intellektdən istifadə edərək təsvirə uyğun stikerlər dəsti yaradacaq, bundan sonra istifadəçi istədiyi stikeri seçərək onu söhbətə göndərə biləcək. Stikerləri alan şəxs isə onların süni intellektdən istifadə olunmaqla yaradıldığı barədə bildiriş alacaq.

Qeyd edək ki, yeniliyin "WhatsApp"ın büt

ün istifadəçiləri üçün nə zaman əlçatan olacağı açıqlanmayıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".