Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Dünyanın ən xoşbəxt ölkəsi məlum olub

"Forbes" jurnalında dərc olunan məlumata görə, Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. BMT-nin dəstəyi ilə bu il 12-ci dəfə hazırlanan "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb. Belə ki, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yeri tutub.

Sosial və iqtisadi məlumatlardan istifadə edən mütəxəssislər, 10 ballıq sistem ilə ölkələrdə yaşayan insanların 3 illik orta xoşbəxtlik dərəcəsini hesablayıblar. Müharibə şəraitində olsa da İsrail gözlənilmədən reytinqdə beşinci yeri tutaraq ilk onluğa daxil olub. ABŞ reytinqdə 8, Böyük Britaniya isə ötən illə müqayisədə bir pillə geriləyərək 9-cu yerdə qərarlaşıb.

Özbəkistan MDB ölkələri arasında ən xoşbəxt ölkə olub. Bu ölkə siyahıda 47-ci yeri tutub. Qazaxıstan isə 44-cü yerdən 49-cu yerə düşüb. Rusiya iki pillə geriləyərək 72-ci yerdə qərarlaşıb. Ötən il 106-cı yerdə olan Türkiyə bu il bir neçə pillə irəliləyərək 98-ci yeri tutub. Türkiyədən bir neçə pillə aşağıda isə müharibə şəraitində yaşayan Fələstin və Ukraynadır. Azərbaycan 101-ci, Əfqanıstan isə sonuncu (143-cü) yerdədir.

Qeyd edək ki, hesabatın nəticəsi martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Günündə dərc olunub.

Sən demə, qeybət etmək…

Bildiyimiz kimi, qeybət bütün dünyada, eləcə də dinlərdə müsbət qarşılanmır. Lakin buna baxmayaraq, çoxlarımız bu vərdişdən əl çəkə bilmirik. Dedi-qodu gündəlik həyatımızın ayrılmaz hissəsidir, desək heç də yanılmarıq. Qeybət dedikdə ağla ilk olaraq qadınlar gəlir, amma kişilər də bu mövzuda onlardan geri qalmır. Çinin Pekin Pedaqoji Universitetinin psixoloqları müəyyən ediblər ki, bu vərdiş insanların özünə inamsızlığından irəli gəlir.

"Evolutionary Psychological Science" jurnalında dərc olunan araşdırmaya görə, özünə güvənməyən insanların tanışları haqqında şayiələr yaymaq ehtimalı bir qədər yüksəkdir. Tədqiqatın nəticələri göstərib ki, belə insanlar digər sosial qruplara nisbətən öz dostları arasında neqativ məlumatları müzakirə etməyi daha çox xoşlayırlar.

Hollandiyalı elm adamları isə qeybətin iş yerlərində faydalı olduğunu iddia edirlər. Onların fikrincə, dedi-qodu komandanın dostluğunu və birliyini gücləndirir, həmçinin davranışını tənzimləməyə kömək edir. Tədqiqat müəllifi Li Elvartın sözlərinə görə, qeybət etmək xüsusilə işçilər arasında etimad səviyyəsini, eləcə də onların sosial və formal münasibətlərini formalaşdırır. Araşdırmalar göstərib ki, bütün işçilər müsbət dedi-qoduları paylaşdıqda, özlərini daha rahat hiss edirlər. Bir-birinə həqiqətən güvənənlər mənfi dedi-qoduları eşidərkən heç bir narahatlıq yaşamırlar.

Sonda qeyd edək ki, qeybət edib-etməmək etik bir qərardır və hər bir şəxsin özündən asılıdır.

Onlar düşündüyümüzdən də ağıllı imiş

Sevimli ev heyvanlarından olan itlər ağıllı olmaqla yanaşı, bir o qədər də vəfalıdırlar. Bir çox qabiliyyətləri ilə seçilən bu heyvanlardan müxtəlif sahələrdə istifadə edilir. Amerikalı elm adamları bu yaxınlarda onların daha bir qabiliyyətini ortaya çıxarıblar. Araşdırma zamanı məlum olub ki, itlər əslində düşündüyümüzdən daha çox söz və simvolları başa düşmək qabiliyyətinə malikdirlər.

Mütəxəssislər elektroensefaloqrafiya (baş beynin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur) üsulundan istifadə edərək, sahibləri ilə qarşılıqlı əlaqə zamanı itlərin beyin fəaliyyətini tədqiq ediblər. Nəticədə məlum olub ki, bu ev heyvanlarının beyni düzgün və səhv obyektlərə fərqli reaksiya verir, onlar daha çoxlu ifadə, həmçinin simvolları (rəmzləri) anlamaq qabiliyyətinə malikdirlər.

Araşdırmanın nəticələri "Current Biology" jurnalında dərc edilib.

Dünyada aclıq olarsa

Böyük Britaniyalı alimlər gələcəkdə iqlim böhranına görə ərzaq qıtlığı və aclıq olacağı təqdirdə bəşəriyyəti hansı qidanın xilas edəcəyini tapıblar. Elm adamları planet günəş işığından məhrum olarsa, dəniz yosunlarının 45 faiz qida ehtiyacını ödəyə biləcəyini söyləyirlər.

Mütəxəssislərin fikrincə, dəniz və okean sularında olan yosunlar universal qidadır, total defisit zamanı insanlığı həqiqi mənada aclıqdan xilas edə bilər. Söhbət mümkün və qeyri-mümkün ssenarilərdən gedir: nüvə müharibəsi, vulkan püskürməsi, qlobal istilik. Hansı ki, bütün bunlar atmosferdə günəş şüalarının azalmasına səbəb olur.

Dəniz yosunu yod, yağ turşuları, vitamin, zülalla zəngindir. Nüvə partlayışı zamanı Yerin Ozon qatı azala bilər. Yerüstü kənd təsərrüfatı bitkilərindən fərqli olaraq, dəniz yosunları su ilə mühafizə olunur. Baxmayaraq ki, onlar da toksiki maddə və şüalanmanı uda bilir, amma bu, insan orqanizmi üçün təhlükəsiz miqdardadır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".