DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SERGEY LAVROVDAN NÜVƏ MÜHARİBƏSİ RİSKİ BARƏDƏ XƏBƏRDARLIQ

Rusiya nüvə müharibəsinin yolverilməzliyi tezisinə sadiqdir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxışı zamanı bəyan edib.

XİN başçısının sözlərinə görə, nüvə müharibəsi riskləri indi çox ciddidir, bu təhlükəni qiymətləndirməmək olmaz, lakin bu təhlükəni süni şəkildə şişirtməyə hazır olanlar da çoxdur.

Bununla yanaşı, Lavrov xatırladıb ki, yanvarda nüvə beşliyi ölkələri nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı tezisi bir daha təsdiqləyiblər. “Bu, bizim prinsipial mövqeyimizdir. Biz ona əsaslanırıq. Risklər çox ciddidir. Bu risklər süni şəkildə şişirdilir və bunu istəyənlər də az deyil. Təhlükə ciddidir, realdır və onu nəzərə almamaq olmaz”, - deyə nazir vurğulayıb.

Sergey Lavrov həmçinin bildirib ki, ABŞ və digər Qərb ölkələri BMT Təhlükəsizlik Şurasında veto hüququnu dəyərsizləşdirməyə çalışırlar və bu, çox təhlükəli tendensiyadır. “Təhlükəsizlik Şurasının veto hüquqlu beşliyi beynəlxalq hüququn sonuncu adasıdır”, - deyə XİN başçısı əlavə edib.

 

MAYA SANDU: TERAKTLARI TANINMAYAN DNESTRYANI SİYASİ QÜVVƏLƏRI TÖRƏDIB

Moldova hakimiyyəti Dnestryanı bölgəsindəki terror hücumunun məsuliyyətini tanınmayan respublikadakı daxili siyasi qüvvələrin üzərinə qoyur. “Report” agentliyinin xəbərinə görə, bunu Moldova prezidenti Maya Sandu aprelin 26-da keçirilən Ali Təhlükəsizlik Şurasının iclasının yekununa dair brifinqdə bildirib.

“Regionda sabitliyi pozmaqda maraqlı olan müxtəlif qüvvələr arasındakı münasibət gərginlik yaradıb. Bu, Dnestryanı bölgəsinin zəifləməsinə və Moldova Respublikası üçün risklərin yaranmasına səbəb olur”, - deyə prezident vurğulayıb.

Maya Sandu Dnestryanı probleminin Moldovanın ərazi bütövlüyü əsasında dinc yolla həllinin tərəfdarı olduğunu xatırladıb. O, dövlət müəssisələrinin təhlükəsizliyinin gücləndirildiyini və hazırlıq səviyyəsinin artırıldığını bildirib.

Qeyd edək ki, aprelin 26-da naməlum şəxslər Dnestryanı bölgənin Qriqoriopol rayonunda regional radio mərkəzinin iki antenasını və strateji xarakterli körpü partladıblar. Eyni zamanda, aprelin 25-də bölgədəki separatçı rejimin “təhlükəsizlik xidməti”nin binasına əl qumbarası atılıb.

 

TÜRK ORDUSU ŞIMALI İRAQDA PKK-NI ÇÖKDÜRÜB

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında davam etdirdiyi “Pəncə-Kilid” əməliyyatları ilə PKK terror təşkilatını çökmə həddinə çatdırıb. Antiterror əməliyyatı nəticəsində Zap bölgəsinin nəzarətə alınmasıyla, İrandan Suriya sərhədinədək İraqın şimalındakı təhlükəsizlik xətti tamamlanacaq və Türkiyə sərhədləri PKK üçün keçilməz olacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, Şimali İraqda ağır itkilər verərək, mağaralara çəkilən PKK liderlərinin son açıqlamaları da qruplaşmanın çöküşü prosesini açıq aşkar sübut edir.

Bununla yanaşı, PKK liderlərindən Duran Kalkanın əməliyyatlar davam edərkən müharibəni şəhərlərə daşıyacaqları ilə bağlı sözləri yorğunluq və çarəsizliyin ifadəsi kimi xarakterizə edilir.

Üstəlik, təşkilata yeni cəlb olunanları bir araya gətirə bilməyən, terrorçuları öz sıralarında saxlamağı bacarmayan terror təşkilatının lideri Murad Karayılanın gənclərə çağırış etməsi də panika və küncə sıxışdırılmanı əks etdirir.

 

İNSANLAR TƏBİİ FƏLAKƏTLƏRİN SAYININ ARTMASINA SƏBƏB OLUR

İnsan fəaliyyəti nəticəsində dünyada təbii fəlakətlərin sayıartıb. “Trend”in “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin hesabatında bildirilir. Qeyd olunur ki, son iyirmi ildə qlobal miqyasda ildə 350-500 orta və ya böyük miqyaslı təbii fəlakət baş verir. Vurğulanır ki, belə hadisələrin başvermə tezliyinin artacağı gözlənilir.

Sənədə əsasən, fəlakətlərin, o cümlədən yanğınlar və daşqınlar kimi hava şəraiti ilə əlaqəli, həmçinin pandemiyalar kimi digər təhlükələrin sayı 2030-cu ilə qədər ildə 560-a çata bilər.

İqlim dəyişikliyinin daha çox ek

stremal hava hadisələrinə səbəb olduğu, insanların potensial fəlakətlər riski ilə bağlı həddindən artıq hazırlıqsız olduqları vurğulanır.

Hesabatda bildirilir ki, fəlakətlər inkişaf etməkdə olan ölkələrə daha çox təsir edir. Təbii fılakətlərdən ən çox zərər çəkən region kimi Asiya-Sakit Okean bölgəsi göstərilir.

 

PENTAQON: UKRAYNAYA 5 MİLYARD DOLLAR HƏRBİ YARDIM TOPLANIB

ABŞ-ın Almaniyanın Ramştayn hərbi bazasında keçirilən toplantıda tərəfdaş ölkələr Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplayıb. “Report” agentliyinin məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Sizin müqavimətiniz azad dünyaya ilham verdi”, - deyə Pentaqonun başçısı Ukraynanın müdafiə naziri Oleksey Reznikova müraciətində bildirib.

Lloyd Ostinin sözlərinə görə, öz ölkəsi uğrunda mübarizə aparan rəsmi Kiyevin dəstəklənməsi sürətlə artır. O vurğulayıb ki, toplanan 5 milyard dolların 3,7 milyardını ABŞ administrasiyası ayırıb.

Qeyd edək ki, NATO-ya üzv dövlətlərdə daxil olmaqla 30-dan artıq ölkənin müdafiə nazirlərinin Ramştaynda toplantısı keçirilir. Ukraynaya yardım yığıncağın əsas mövzusudur.

Məlumat üçün qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin xaricdəki ən böyük bazası Ramştaynda yerləşir. Orada 9 min amerikalı hərbçi dislokasiya olunub.

 

DÜNYA ÜZRƏ HƏRBİ XƏRCLƏR İLK DƏFƏ 2 TRİLYON DOLLARI ÖTÜB

2021-ci ildə dünya ölkələrinin hərbi xərcləri tarixdə ilk dəfə olaraq 2 trilyon dolları keçib. “Trend” agentliyinin məlumatına görə, bu barədə nüfuzlu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun  dərc etdiyi hesabatda qeyd olunur.

Bildirilir ki, dünya ölkələri üzrə hərbi xərclərin böyük hissəsi beş ölkə - ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiyanın payına düşüb. Bu ölkələrin hərbi xərcləri ümumi göstəricinin 62 faizini təşkil edib.

“2021-ci ildə hərbi xərclər artaraq 2,1 trilyon dollara çatıb. Bu, indiyədək qeydə aldığımız ən yüksək rəqəmdir”, - institutun baş tədqiqatçısı Dieqo Lopes da Silva  açıqlamasında vurğulayıb.

Hesabata əsasən, qlobal “COVID” pandemiyasından qaynaqlanan iqtisadi tənəzzülə baxmayaraq, dünya ölkələri öz arsenallarını artırıb və ötən il qlobal hərbi xərclər 0,7 faiz artıb.

 

İTALİYA HÖKUMƏTINDƏN KONDİSİONERLƏRLƏ BAĞLI YENİ QADAĞA

İtaliyada dövlət müəssisələrində soyutma sistemlərini 25 dərəcədən aşağı təyin etməklə bağlı qadağa  təklif olunur. “Trend”in verdiyi xəbərə görə, qanun rəsmi qüvvəyə minməsə də, hökumətin ətraf mühit və biznes komitəsi bu dəyişikliyi artıq təsdiqləyib.

Dövlət İdarəçilik Naziri Renato Brunetta bildirib ki, yeni qaydalar 2022-ci ildə iki ilə təxminən dörd milyard kubmetr qaza qənaət etməyə imkan verə bilər, bu da ortalama 2,7 milyon evin illik qaz istehlakı ilə eynidir.

Yeni qaydalara görə, yay aylarında soyutma sistemləri 25 dərəcədən aşağı, ictimai binalarda isitmə sistemi isə qışda 19 dərəcədən yuxarı təyin edilə bilməz.

Bununla yanaşı, yeni qaydalar temperaturu müvafiq olaraq 2 dərəcə azaltmağa və artırmağa imkan verəcək. Qaydanı pozanları isə 500-3000 avro məbləğində cərimə gözləyir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.