DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ANGELA MERKEL RUSIYA ILƏ BAĞLI AVROPA ÖLKƏLƏRINI QINADI

Avropa İttifaqı ölkələri Moskva ilə münasibətlərdəki problemləri öz aralarında deyil, birbaşa Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməlidirlər. “Teleqraf.com”un verdiyi xəbərə görə, Almaniya kansleri Angela Merkel bu barədə Fransa-Almaniya Parlament Assambleyasının videokonfrans vasitəsilə keçirilən iclası zamanı bəyan edib.

Eyni zamanda, Angela Merkel narahatlıq doğuran bütün məsələləri Aİ-Rusiya sammitində müzakirə etməyə çağırıb.

Angela Merkel Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərin həqiqətən pis olduğunu, lakin “Soyuq müharibə” dövründə də danışıqların aparıldığını qeyd edib.

 

İRANIN YENI PREZIDENTININ ANDIÇMƏ MƏRASIMININ VAXTI MƏLUM OLUB

İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasiminin keçiriləcəyi tarix məlum olub. “Report” agentliyinin məlumatına görə, bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad jurnalistlərə açıqlamasında bəyan edib.

Sədr müavininin sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin səlahiyyət müddəti avqustun 3-də başa çatacaq və həmin gün İbrahim Rəisi and içərək vəzifəsinin icrasına başlayacaq.

Eyni zamanda, Əli Nikzad qeyd edib ki, inauqurasiya mərasimində yerli və xarici qonaqlar da iştirak edəcəklər. Mərasim parlamentdə keçiriləcək və koronavirus pandemiyası ilə əlaqədar əlavə tədbirlər görüləcək.

Məlumat üçün qeyd edək ki, iyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib.

 

KANADADA SON 84 ILIN ƏN YÜKSƏK TEMPERATURU QEYDƏ ALINIB

Kanadanın qərb bölgəsini cənginə alan isti hava dalğası səbəbindən ölkədə son 84 ilin ən yüksək temperaturu qeydə alınıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, Kanada Meteorologiya Xidmətinin açıqlamasına əsasən, ölkənin Britaniya Kolumbiyası əyalətində ötən gün 46,1 dərəcə istilik müşahidə edilib.

Bildirilir ki, anomal hava şəraiti səbəbindən əyalətdə restoran, pərakəndə ticarət mərkəzləri və bəzi məktəblər bağlanıb. Həmçinin koronavirus əleyhinə peyvənd vurulan klinikalar belə prosesi təxirə salıblar.

Digər tərəfdən qar təbəqəsinin də gözləniləndən daha sürətlə əriməsi su səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Nəticədə bəzi ərəzilərdə əhali evlərindən evakuasiya edilib.

Məlumat üçün qeyd edək ki, Kanada tarixində bundan əvvəlki rekord temperatur müsbət 45 dərəcə olmaqla 1937-ci ilin iyulunda Saskaçevan əyalətində qeydə alınıb.

 

YUMURTA QABIĞINDAN DIŞ PLOMBLARI ÜÇÜN YAPIŞQAN YARADILIB

Alimlər yumurta qabığının əsasında diş plombları üçün yapışdırıcı hazırlayıblar. O, həqiqi diş toxumasının strukturunu və xüsusiyyətlərini, demək olar ki, ideal şəkildə təkrarlayır. “Report” un verdiyi xəbərə görə, bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb.

Alimlər ən çətin materiallardan birini - dişlərin mineral toxuması olan dentini yaratmağa çalışıblar. Dentindəki zədələrin düzəldilməsi üçün plomblarda istifadə olunan materiallar diş toxumasından xeyli dərəcədə fərqlənir. Buna görə də onlar dentinlə yaxşı birləşmirlər və nəticədə plomblar tez-tez qopur.

Mütəxəssislər quruluşuna görə dentinin zülal hissəsinə bənzər polimer filamentdən hazırlanmış içi boş çərçivə yaradıblar və onu yumurta qabığının apatit dənəcikləri ilə doldurublar. Onun effektivliyini tibbi səbəblərə görə bir neçə xəstədən çıxarılan həqiqi dişlər üzərində yoxlayıblar.

Nəticədə məlum olub ki, polimer və yumurta qabığının əsasında hazırlanan yapışqan dentinlə dayanıqlı kimyəvi bağlar yaradıb və plombun süni materialını buna qədər mövcud maddələrdən daha etibarlı şəkildə yapışdırıb. Alimlər tapıntılarının artıq yaxın illərdə stomatalogiyada praktiki cəhətdən tətbiq olunacağına ümid edirlər.

 

DÜNYA ÖLKƏLƏRI YENIDƏN KARANTIN REJIMINƏ QAYIDA BILƏR

Koronavirus pandemiyası iki ilə yaxındır ki, davam etməkdədir. Bir müddətdir ki, virusa yoluxanların sayının azalmasına görə, əksər ölkələrdə yumşaldılma tədbirləri həyata keçirilsə də, Hindistanda yayılan “Delta” ştammı bütün planları pozub. “Teleqraf.com”un verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun sürətlə yayılması səbəbilə yenidən açıqlama yayıb. Təşkilat nümayəndələri insanlara vaksin olunmaları və maskadan istifadənin mütləq olduğunu bildirib.

ÜST-ün baş direktorunun müavini Mariangela Simaonun açıqlamasına görə, hətta iki doza vaksin olunanlar belə “Delta” ştammından sığortalanmayıblar. O deyib: “Bir çox insan vaksin olduğu üçün, özünü rahat hiss edir. Lakin hər iki doza vaksini vurdursalar belə, kütləvi yerlərdə maska taxmaları zəruridir”.

Eyni zamanda, xəbər verilir ki, bir çox ölkədə “Delta” ştammının yayılması səbəbilə sərt karantin qaydaları bərpa edilib. Hindistanda 24 saat ərzində 45699 yeni yoluxma faktı qeydə alınıb. Rusiyada son sutka ərzində 20616 nəfər virusa yoluxub. Bu son zamanların ən yüksək göstəricisidir. İngiltərədə 20479 nəfər virusa yoluxub ki, 5 fevraldan sonra ən yüksək rəqəm olaraq qeydə alınıb.

 

CƏNUBI KOREYA ÖZÜNÜN “DƏMIR GÜNBƏZ” SISTEMINI YARADACAQ

Cənubi Koreya ölkə infrastrukturunu Şimali Koreyanın mümkün artilleriya zərbələrindən qorumaq üçün İsrailin “Dəmir günbəzi”nə bənzər hava hücumundan müdafiə sistemi yaradacaq. “Report”un məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyasına (DAPA) istinadən xəbər verib.

Qurumun məlumatına əsasən, müdafiə naziri Suh Vuk gələn il başlamalı və təxminən 2035-ci ildə başa çatmalı olan 2,89 trilyon vonluq (2,56 milyard dollar) layihəni təsdiqləyib.

“Dəmir günbəz” yaxın mənzilli raketlər, artilleriya mərmiləri və pilotsuz uçan aparatlar kimi daxil olan təhdidləri aşkarlamaq, müəyyən etmək və məhv etmək üçün nəzərdə tutulub.

“Yonhap” agentliyi qeyd edir ki, Cənubi Koreya Müdafiə Nazirliyi hələ ötən il belə bir hava hücumundan müdafiə sistemi yaradacağını açıqlamışdı. Bildirilir ki, KXDR iki Koreyanı ayıran demorkasiya xətti boyunca minə yaxın artilleriya silahı, o cümlədən 240 millimetrlik reaktiv yaylım atəş sistemləri yerləşdirib.

 

KORONAVIRUSA YOLUXMANI MÜƏYYƏN EDƏN MASKA HAZIRLANIB

ABŞ-da insanın koronavirusa yoluxub-yoluxmadığını müəyyən edə bilən tibbi maska hazırlanıb. “Trend” agentliyinin məlumatına görə, tibbi maskanın prototipi Massaçusets və Harvard universitetlərinin mütəxəssisləri tərəfindən yaradılıb.

Verilən xəbərə əsasən, sözügedən maska xüsusi ötürücü ilə təchiz olunub. Bu ötürücü maskanı bir saat yarım taxdıqdan sonra nəticəni müəyyən edir. Həmin ötürücü tibbi xalatlara və digər geyim növlərinə də bərkidilə bilər.

Mütəxəssislərin sözlərinə görə, bu cür ötürücülərin hazırlanmasına bir neçə il əvvəl, Ebola və Zika viruslarının müəyyənləşdirilməsi məqsədilə başlanılmışdı. Həmin qurğu digər virusların müəyyənləşdirilməsi üçün də uyğunlaşdırıla bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.