Yüksək peşəkarlıq nümunəsi
Digər xəbərlər

Yüksək peşəkarlıq nümunəsi

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.

Azərbaycan prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabrın 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra milli prokurorluq orqanları ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının müdafiəsində çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təşkilat kimi formalaşmışdır.1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.

Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır.  “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası qanunlarının, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların dövlət başçısı tərəfindən təsdiq edilməsi isə prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəltmişdir. Böyük dövlət xadiminin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Kontitusiyasına dəyişikliklər edilməsi haqqında" Referendum Aktı ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ölkədə formalaşan hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətə malik olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin müntəzəm irəliləyişində müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olmuşdur. Ölkəmizin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq prokurorluq orqanları da bu gün əvvəlki istənilən bir dövrdə olduğundan daha çox inkişaf etməklə müasirləşmiş və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirməyə çalışmışdır. Bunun bariz nümunəsi kimi 1 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə Kamran Əliyevin təyin olunmasından sonra prokurorluq sistemində həyata keçirilən köklü və institusional islahatları, əsasən də uğurlu və düzgün kadr siyasətinin həyata keçirilməsini, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsini, prokurorluğun fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı mötəbər addımların atılmasını göstərmək olar.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən parlaq zəfər əldə olunmuş 44 günlük Vətən müharibəsində Prokurorluq orqanları da üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirmişlər. Müharibə dövründə Ermənistanın mülki əhalimizə və mülki infrastruktur obyektlərimizə qarşı törətdiyi təxribatların nəticələri prokurorluq əməkdaşları tərəfindən müharibə şəraitində mümkün olduğu dərəcədə rəsmiləşdirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq keyfiyyətli istintaqın aparılması təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə bir sıra prokurorluq işçilərinin, o cümlədən də mənim müxtəlif orden və medallarla təltif olunmağımız cənab Prezidentin Prokurorluğa verdiyi ən ali dəyər kimi qiymətləndirilmişdir.

Bu qayğını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları bundan sonra da qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində, cinayətkarlığa qarşı mübarizədə vicdanla və yüksək peşəkarlıqla çalışacaqlar.

Elnur RÜSTƏMOV,

Füzuli rayon prokuroru,

kiçik ədliyyə müşaviri.