Ərazi bütövlüyümüz tam bərpa olunub
Digər xəbərlər

Ərazi bütövlüyümüz tam bərpa olunub

Azərbaycan növbəti qələbəsini də əldə etdi. 20 sentyabr tarixində dövlətimiz ərazi bütövlüyümüzün bərpasını tamamilə təmin etdi. Əslində çoxdan baş tutmalı olan prosesi ləngidən başlıca səbəb Qarabağda separatçı qüvvələrin qanunsuz yerləşməsi idi. Azərbaycan dəfələrlə qarşı tərəfə sülh təklif etsə də qondarma rejim Bakının şərtlərini qəbul etmək istəmədi və nəticədə özünü daha çıxılmaz vəziyyətə saldı.

44 günlük Vətən müharibəsindən ötən 3 il ərzində Azərbaycan dövləti böyük səbir nümayiş etdirdi. Bu zaman kəsiyində dövlətimiz sülh və asayişin bərpası üçün ciddi cəhdlə çalışdı. Lakin Ermənistan Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini davam etdirməkdən əl çəkmədi. Qonşu dövlət üçtərəfli Bəyanatın müddəalarına əməl etmir, qanunsuz silahlı qüvvələrini ərazilərimizdən çıxarmırdı. Qarabağ iqtisadi rayonunda davamlı olaraq səngərlər qazılır, silahlar daşınır, ən son istehsal olan minalar, əsasən də Ermənistanın özünün istehsal etdiyi minalar basdırılırdı. Qanunsuz silahlı qüvvələr tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qayıdan dinc əhaliyə və hərbçilərimizə qarşı təxribatlar törədilirdi. Onlarla insan gizli yollarla basdırılmış minaların qurbanı oldu. Ölkəmiz yenə də səbir nümayiş etdirərək qarşı tərəfi sülhə çağırmış, bütün separatçı qüvvələrə, qanunsuz silahlı dəstə üzvlərinə silahı yerə qoyub, bölgəni könüllü şəkildə tərk etmələrini təklif etmişdir. Separatçılar ya anlamadılar, ya da kənar qüvvələrin təsiri nəticəsində şirnikləndirici yalan vədlərə inanıb anlamaq istəmədilər.

Sentyabrın 19-u səhər qanunsuz erməni silahlı dəstələri növbəti mina terroru törətdilər. Bu terror hadisəsi Azərbaycan üçün tarıma çəkilmiş səbrin sonu oldu. Ölkəmiz işğaldan azad edilmiş Qarabağ bölgəsinə köçürülən əhalinin, ərazidə bərpa-quruculuq işləri aparan insanların və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə başladı. Uğurla yerinə yetirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan heç bir mülki və sosial infrastruktura zərər vurmadan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxartdı. Ermənistandan fərqli olaraq Azərbaycan dövləti mülki şəxslərin təhlükəsizliyini təmin etdi. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz addımlarını beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq atdı və 10 noyabr Bəyanatının 4-cü maddəsini özü icra etmək məcburiyyətində qaldı.

Sentyabr ayı Azərbaycan tarixinə mübarizə və qələbələrin başlanğıcı ayı kimi yazıldı. Üç il qabaq - 27 sentyabr tarixində başlayan Vətən müharibəsi nəticəsində 30 illik işğal dövrünə son qoyuldu. Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin tapdağından cəmi 44 günə azad edildi. Ancaq yenə də xain düşmən öz əməllərindən əl çəkmədi. Separatçı qüvvələrin qanunsuz silahlı birləşmələri unutdular ki, ya Azərbaycan vətəndaşı kimi bu ölkənin qanunları altında yaşamağı qəbul edəcək, ya da çıxıb gedəcəklər. O üzdən də Azərbaycana reinteqrasiya edib, sülh şəraitində yaşamaq daha optimal variantdır. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyinin, sağlamlığının təminatına hazır olduğunu bəyan etsə də, qondarma rejim öz havadarlarına arxalanaraq prosesi ləngidirdi.

Azərbaycan dövləti cəmi bir gün ərzində ölkənin bütün ərazisində Konstitusiya quruluşunun bərpa edilməsi üçün lokal xarakterli antiterror tədbirlər apardı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyaraq təslim oldular. Qarabağda yaşayan erməni icmasının nümayəndələri reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa gəldi. Bu, Azərbaycanın növbəti uğurudur.

Ramidə YAQUBQIZI,

"Respublika".