Vətənini, torpağını canından əziz tutan igidlərimiz İkinci Qarabağ müharibəsində dünyanı heyrətə salan şanlı bir tarix yazdılar. 30 il düşmən tapdağına dönən müqəddəs Azərbaycan torpaqlarını 44 günə azad etdilər. Bu şərəfli yolda minlərlə Vətən oğlu öz canından keçdi. Yardımlı rayonunun Dəlləkli kəndində dünyaya göz açmış Zahid Azad oğlu Zairli Vətən yolunda şəhid olanda öz həyatının 20-ci baharına təzəcə qədəm qoymuşdu. Köksündə əsl qəhrəman ürəyi döyünən bu Vətən sevdalısı yaşına uyuşmayan igidliklə əbədiyyət qazandı.
Zahid saf, ülvi duyğularla Vətəninə, xalqına xidmət etmək arzusunda idi. Nifrət bəslədiyi bir şey var idisə, o da ermənilərin Azərbaycan torpaqlarına ədalətsiz təcavüzü idi. Dəyanəti, sədaqəti, qüruru, yurd sevgisi artıq Zahidi el-obaya sevdirə bilmişdi. İnsanlara daha çox fayda vermək məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecini də bitirmişdi. Özünəməxsus mənəviyyat fəlsəfəsində yalnız yaxşılıq etmək, qurub-yaratmaqla elinə fayda vermək idi. Mənfur düşmən Zahidin bütün arzularını yarımçıq qoydu.
Zahid Zairli müqəddəs əsgəri borcunu Cəlilabad rayonunda yerinə yetirirdi. Vətən torpağını şərəflə qorumağa, döyüş meydanında düşməni əzməyə həmişə hazır dayanmışdı. Odur ki, Vətən müharibəsi başlanan andan Qarabağın azadlığı naminə odun-alovun içinə atılır. Və Füzuli uğrunda yağıya sarsıdıcı zərbələr vurmaqla ad-san çıxardır. Füzuli azad olunur, bu qələbə Zahidin erməni quldurlarına olan intiqam, qisas almaq alovunu bir qədər də artırır. Cəbrayıl rayonunda da igid əsgərin məhv etdiyi ermənilərin sayı bilinmir. Oktyabrın 8-də döyüş meydanında rəşadət göstərdiyi yerdə düşmən gülləsi Vətən eşqi ilə döyünən ürəyinə dəyir...
Dövlət öz oğlunun qəhrəmanlığına yüksək qiymət verdi. Onu “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etdi. Qəhrəmanın adına inşa edilən bulaq xatirəsinə ehtiramın ifadəsidir.
Zahid Vətən üçün doğulmuşdu. Elə Vətənə qurban getməklə milyonların sevimlisi oldu. Yaşadığı qısa ömür isə Vətən qədər əbədidir.
Zəfər ORUCOĞLU.