İmişlidə yeni emal müəssisəsi
Region

İmişlidə yeni emal müəssisəsi

Cənab Prezidentin dediyi kimi, qeyri-neft sektoru bu gün ölkə iqtisadiyyatının aparıcı xətlərindən birini təşkil etməkdədir. Ölkəmizdə pivə istehsalında yeni müəssisə yaradılır. Qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılması üçün İmişlidə yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub. "Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavodunun ərazisində inşa olunacaq müəssisə "Azərşəkər" MMC, "Azərsun Kənd Təsərrüfatı Malları" MMC və Azərbaycan İnvestisiya Şirkətinin birgə investisiyası ilə reallaşdırılacaq. İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə isə 17 min ton pivəlik arpa (malt) emal edəcək zavod Azərbaycanda ən böyük pivə istehsalçısı olan "Carlsberg Azerbaijan" pivəbişirmə zavodunun, həmçinin ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək. İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə bu məhsul üzrə idxalın qarşısı alınacaq və ildə 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq. Zavodda 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 12 min ton tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin "Azərşəkər" MMC tərəfindən Ağcabədi, İmişli və Füzuli rayonları ərazisində 8 min hektar ərazidə arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək.

Təməlqoyma ilə əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılmasından danışdı.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov aqrar sahə  məhsullarının emalı müəssisələrinin yaradılmasını fermerlərimizin fəaliyyətini dəstəkləyən bir addım kimi qiymətləndirdi.

"Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev öz çıxışında ölkədə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitinin əhəmiyyətinə toxunub, İsveçrə texnologiyası ilə inşa olunacaq zavodun Cənubi Qafqaz regionunda ilk belə müəssisə olduğunu vurğuladı.

"Azərsun Holdinq"in kənd təsərrüfatı və emal müəssisələri üzrə baş direktoru Məhəmməd Gözəl qeyd etdi ki, yerli emal sənayesinin son məhsullarının xammal bazasının Azərbaycanda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, "Azərsun Holdinq" şəkər, yem məhsulları, süd emalı sənayesinin məhsullarını və ən əsası, konservləşdirilmiş meyvə-tərəvəz məhsullarını istehsal edərkən məhz bu ideyanı əsas tutur. Sadalanan bu məhsulların istehsalı yerli xammala əsaslanan emal sənayesi hesabına ərsəyə gəlir.

"Carlsberg Azerbaijan" şirkətinin baş direktoru Alius Antulis vurğuladı ki, arpa emalı zavodunun inşası pivə istehsalında istifadə olunan xammalın lokallaşdırılmasında əhəmiyyətli addımdır. Şirkətin uzunmüddətli strategiyası pivə istehsalında tamamilə yerli xammaldan istifadə etməkdir.

Ərəstun ABDULOV,  

 "Respublika".