Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ədliyyə orqanlarında yad edilib
Sosial həyat

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ədliyyə orqanlarında yad edilib

Müasir müstəqil dövlətimizin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli tərəqqisində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar nazirlikdə və struktur qurumlarda anım mərasimləri keçirilib. Nazirliyin rəhbərliyi dekabrın 12-də Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər. Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər düzülüb.

Eyni zamanda, nazirlikdə əbədiyaşar liderin büstü önünə gül səbəti qoyulub, əziz xatirəsi yad edilib. Heydər Əliyev muzeyində keçirilən tədbirdə bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Ulu Öndərin şərəfli və mənalı həyat yoluna, zəngin dövlətçilik irsinə nəzər salınıb, milli özünüdərkin və vətənpərvərliyin gücləndirilməsində müstəsna xidmətləri xüsusilə qeyd olunub, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı bildirilib.

Dahi Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövlətinin Ümummilli Liderin siyasi varisi, Prezident İlham Əliyevin uzaqgörən və müstəqil siyasəti ilə uğurla inkişaf etdiyi qeyd olunub, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində torpaqlarımızın 30 illik erməni işğalından azad edilməklə Ulu Öndərin ən ümdə vəsiyyətinin şərəflə yerinə yetirilməsi xüsusilə vurğulanıb.

Bildirilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda intensiv quruculuq işləri aparılır, tarixi, mədəni və dini abidələrimizin bərpası ilə bağlı Ümummilli Liderin ideyalarını layiqincə yaşadan Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə mühüm layihələr gerçəkləşdirilir.

Tədbirlərdə Azərbaycan ədliyyəsinin formalaşmasının və inkişafının Ulu Öndərin adı ilə bağlı olduğu, ədliyyə işçilərinin dahi rəhbərin yüksək ideyalarına daim sadiq qalaraq Vətənimizin hərtərəfli tərəqqisi naminə Azərbaycan Prezidentinə layiqli yardımçı olmaq üçün var qüvvələri ilə çalışmaq əzmində olduqları qeyd edilib.

Nazirliyin muzeylərində Ümummilli Liderə həsr olunan zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, filmlər, eləcə də foto və video slaydlar nümayiş olunub, mətbuatda çıxışlar edilib, nazirliyin sosial şəbəkə səhifələrində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən materiallar paylaşılıb.

AZƏRTAC