Torpağın ətrindən ləzzət alıb güc tapıram
Sosial həyat

Torpağın ətrindən ləzzət alıb güc tapıram

- Məhz bu ləzzətin sayəsində ailə xoşbəxtliyimi, təknəmizin bol çörəkli olmasını təmin etmişəm. Otuz il bundan öncə Tərtərdən Qaxa gəlin köçəndən ata-babalardan əldə etdiyim zəhmətlə ünsiyyəti, torpaqla "dil tapıb" danışmağı qarşıma məqsəd qoymuşam. Əlbəttə, ömür-gün yoldaşımla birlikdə bu gün həyatıma xoşbəxtliyin möhürünü vura bilmişəmsə o torpağın ətrindən bəhrələndiyim ləzzətin və gücün bəhrəsidir.

Qax rayonunun Güllük kəndinin sakini Rəsmiyyə Məmmədovanın təsərrüfata ürəkdən bağlanan fermer qadın kimi tanınmasında, şöhrət qazanmasında bu  sadaladığı amillərin rolu əvəzsizdir. O vaxt kəndlərindəki Füzuli adına kolxozun təsərrüfatında çalışıb, tütün də əkib, qarğıdalıçılıqda da, taxılçılıqda da, elə başqa təsərrüfat işlərində də çalışıb. Harda işləsə də üz ağardıb, bolluq yaradıb, ailə büdcəsini boş qoymağa imkan verməyib. Bax, bütün bunların bəhrəsidir Rəsmiyyə Məmmədova indi Güllük kəndinin adlı-sanlı təsərrüfatçısı, nəinki kəndin, elə rayonun sayılıb-seçilən fermeri olub.

Dövlətimizin ölkədə sahibkarlıq fəaliyyətinə geniş meydan verməsi Rəsmiyyə kimi torpağa bağlı, torpaqdan qazanıb torpağa xərcləyənlərin, təsərrüfatdan bəhrələnib, iqtisadiyyatın möhkəmləndirilməsinə dəstək olanların əl-qolunu açıb, onların məhsuldar fəaliyyətinə daha geniş imkanlar yaradıb. Güllük kəndinə gələndə ərazi icra nümayəndəsi İlqar Məmmədovla görüşüb haqqında çox eşidib, özünü görmədiyim fermer qadını soruşduqda dedi:

- Bircə saat bir yerdə dayanır ki, biz də onu rahat tapıb, işi-gücü ilə sizi də tanış edək. Səsi gah taxıl, qarğıdalı sahələrindən, gah da özünün və kəndinin qarşılaşdığı problemlə bağlı rayonun lazım olan qurumlarından gəlir. İcra nümayəndəsi onu da vurğuladı ki, kişinin qızı od, alovdur, getdiyi yerdən boş qayıdan deyil. Bir müddətdən sonra Zaqatalada regional Kadastr idarəsində olduğunu, bildirdilər və onu da söylədilər ki, haqqında dövlət mətbuatında yazılacağı xəbərini eşidib çox məmnun olub. İlk görüşümüz nümayəndəlikdə İlqar Məmmədovun iş otağında oldu. Sualımı verib məqsədimi bildirməmişdim ki, - bilirsiniz işin dalınca, isti-isti getməsən, yarımırsan, - deyə cavab verdi. Torpaq məsələsində bir qədər uyğunsuzluğun olduğu xəbərini veriblər, getdim aydınlaşdırdım, hər işi öz yoluna qoydum -dedi və onu da əlavə edib bildirdi ki, taxıl əkiləcək sahələrə baş çəkməlidir, qarğıdalı sahələrində olmalıdır. Amma ora getməmişdən öncə həyətyanı sahəsi ilə tanışlığa dəvət etdi. Bildirdi ki, həyətində 400-500 baş quşa baxır, mal-qara, qoyun-quzu da saxlayır. Getdim və dediklərinin canlı şahidi də oldum. Həyat yoldaşı Balay da evdəydi, sahəyə getmək üçün NİVA maşınını rahatlayırdı. Quşlara yem də verilmişdi, mal-qara, qoyunlar örüşə  ötürülmüşdü.

Buradakı söhbətimiz də elə təsərrüfatdan, əldə etdiyi nəticələrdən oldu. Altmış hektarda taxıl əkdiyini, 40 hektarda dənlik qarğıdalı yetişdirdiyini söylədi. Ötən il hər hektardan 42 sentner taxıl, 150 sentner qarğıdalı götürdüyünü qeyd etdi. Bu il taxılın məhsuldarlığı bir qədər də çox olub. Qarğıdalı da 2020-ci ildəkini üstələyəcək.

Balay söhbətimizə müdaxilə edib Rəsmiyyənin tələbkarlığından da danışdı.

- Mən uzun illər kombaynçı olmuşam, amma təsərrüfat işlərində Rəsmiyyə kimi tələbkar adamla heç vaxt rastlaşmamışam. Bəzən, ona bunu irad tutanda -   niyə işi qaydasında görmürlər, itkiyə göz yumurlar axı, hər qarış üçün mən can qoymuşam - deyir. Bax, bunların nəticəsi də yaxşı olur.

Qeyd edək ki, Rəsmiyyə biçdiyi taxılı da, qarğıdalını da öz şəxsi həyətində tikdirdiyi böyük anbara yığır.

Gələn ilin məhsulu üçün də indidən hazırlaşır. Sahələrdə yay şumu çıxarılır, yığılan arpa, buğda da, qarğıdalı da yerbəyer olunur. Fermer təsərrüfatına üzv olanların da, pay torpaqlarını fermer Rəsmiyyəyə icarəyə verənlər də özlərinə düşən paylarını alırlar. Bazara da məhsul çıxarılır, satılır. Axı, təsərrüfatın gələcək fəaliyyəti bu gün əldə etdiyi məhsuldan götürdüyümüz gəlirlə tənzimlənir, –deyir fermer qadın. Onu da söyləyir ki, ailənin büdcəsi də buradan formalaşır.

Güllük kəndi Qaxın iri yaşayış məntəqələrindəndir. Neçə il bundan öncə olan zəlzələdən ən çox ziyan çəkən ünvanlardan biri də məhz Güllük olub. Fermer Rəsmiyyə Məmmədovaya da çox ziyan dəymişdir. Qarşılaşdığı çətinlikdən dövlətin güclü dəstəyi və qayğısı bir də özünün ailə büdcəsinin təkanı ilə qurtara bilib.

Rəsmiyyə Məmmədova kəndin imkansızlarına, əlillərinə əl tutmağı da unutmur. Qapısına ümidlə gələnləri ümidsiz qaytarmır. Rayonun iqtisadiyyatına köməklikdə fermer Rəsmiyyə Məmmədova yaxından iştirak edir. Bir sözlə, torpağın ətrindən ləzzət alıb güc tapan fermer Rəsmiyyə Məmmədova sabaha da böyük nikbinliklə baxır. Qırx dörd günlük müharibə ilə erməni işğalçılarının Qarabağımızdan qovulub çıxarılmasını alqışlayır və deyir ki, Qarabağ torpaqlarına Böyük Qayıdışa, bütün qaxlılar kimi o da əlindən gələni etməyə həmişə hazırdır. Axı, işğaldan azad olunan torpaqlardan yenə azərbaycanlı nəfəsinin, səsinin gəlməsi, milyonlarla analar kimi onun da qəlbini dağa döndərib. Çünki, o barlı-bərəkətli o torpaqların ətrindən ləzzət alıb, güc tapmaq arzusunda olanlar çoxdur. Artıq otuz illik həsrətdə olan o arzular bu gün reallaşıb. Fermer Rəsmiyyə Məmmədova bax, bu qələbədən də xüsusi ləzzət alıb, böyük güc tapıb.     

Rasim  AMANOV,

"Respublika".