Köç karvanı Xankəndiyə sarı üz tutacaq
Sosial həyat

Köç karvanı Xankəndiyə sarı üz tutacaq

Vətən müharibəsində tarixi qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri aparılır. Məcburi köçkünlərimiz böyük coşqu ilə ata-baba yurdlarına dönürlər. Bu gün Vətən həsrətli insanlar üçün hər cür şərait yaradılır. Prezident cənab İlham Əliyev onlarla yaddaqalan görüşlər keçirir, yeni binaların təməli qoyulur, bir sözlə, quruculuq işləri hamıda xoş ovqat yaradır.

Sentyabrın 19-da separatçı xunta rejimin və qanunsuz erməni silahlı dəstələrin olduğu  ərazilərdə başlanan lokal xarakterli antiterror tədbirləri 24 saatdan sonra dayandırıldı. Antiterror tədbirlərinin həyata keçirilməsində əsas məqsəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi idi.

Lokal antiterror  tədbirləri nəticəsində Qarabağ ərazilərindəki separatçılar ağ bayraq qaldırıb təslim oldular, Azərbaycan hərbçilərinin qarşısında tab gətirə bilmədilər. Neçə-neçə cinayətkar erməni terrorçuları tərəfimizdən ələ keçirildi. Silah və sursatları müsadirə olundu, uzun illər Xankəndidə yuva salan haylar Qarabağ ərazisini tərk etdilər.

Xankəndi və ətraf ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb. Artıq Xankəndi Azərbaycanın tam nəzarətindədir. Şanlı Azərbaycan Ordusunun və Ali Baş Komandanın qətiyyəti ilə Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etdi.

Qarabağa doğru hərəkət edən köç karvanlarının ardı-arası kəsilmir. Tezliklə bu köç karvanlarına Xankəndidən olan  soydaşlarımız da qoşulacaqlar. Onlar Qarabağımıza ruzi-bərəkət, şan-şöhrət gətirəcək, əzəli yurd yerlərində əbədi möhkəmlənəcəklər.

Bu günlərdə Bakı şəhərində məskunlaşan, qəlbi Vətən eşqi ilə döyünən həmvətənlərimizlə görüşüb söhbət etdik. Bu yazıda vaxtilə Xankəndinin Baysaxovski küçəsi 8-də yaşamış Tarverdiyevlər ailəsinin istək və arzularından söhbət açacağıq.

Ailənin başçısı Xankəndinin sayılıb-seçilən ziyalılarından olan Vidadi Tarverdiyevdir. Bir payız axşamında Bakının Atatürk parkında Vidadi müəllimlə görüşdük. O, 24 saatlıq antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı qüvvələrinin ağır məğlubiyyətə uğramasından qürur  hissi ilə danışdı, Azərbaycan ordusunun yüksək peşəkarlığını qeyd etdi. Sonra isə Tarverdiyevlər ailəsinə baş çəkdik.

Vidadi müəllim ilk öncə ayrı-ayrı illərdə Xankəndidəki toy-büsatlı günlərdə doğmaları ilə çəkdirdikləri fotoşəkilləri bizə təqdim etdi. Özündən asılı olmayaraq gözlərində yaş gilələndi. Sonra isə tarixin Xankəndi səhifəsini vərəqlədi:

- Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 kilometr aralıda yerləşir. Keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin mərkəzi olmuşdur. Çox təəssüflər olsun ki, faşist xislətli ermənilər öz gəlişləri ilə Xankəndiyə də zülm və işgəncə gətirmişlər. Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 28  dekabr 1991-ci ildə işğal olunmuşdur.

Şəhər şimaldan Kəlbəcər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Əsgəran rayonları ilə əhatə olunmuşdur. Arxiv sənədlərinə görə, Xankəndi XVIII əsrin axırlarında Qarabağ xanlığının paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, dağ ətəyində yaşayış məskəni kimi salınmışdır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi yaşadığından "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra isə Xankəndi adını alır. Xankəndi XX əsrdə Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başladı.

Vidadi Tarverdiyev sözünə davam edərək vurğuladı ki, Xankəndidə tikilmiş  müəssisələrdə vilayətin sənaye məhsulunun yarısından çoxu istehsal edilirdi. Xankəndidə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun,  mebel fabrikinin, tikinti  materialları kombinatının  məhsulları isə Azərbaycanın daxili bazarında xüsusi yer tuturdu.

1923-cü ildə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək  Stepanakert şəhəri adlandırılmışdır.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli qanununa əsasən isə şəhərin tarixi adı qaytarılaraq  Stepanakert şəhəri, Xankəndi şəhəri adlandırılmışdır.

Rusiyanın Qarabağı işğal etməsi bü

tün bölgələrdə olduğu kimi, Xankəndinin də taleyinə mənfi təsir etdi. Əvvəlki həyat tərzi dağıdıldı. 1813-cü ildə Xankəndidə heç bir erməni, rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsi yaşayırdı,  erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Sıravi Diviziyasının qərargahı və  kazarmaları yerləşdirildi. Erməni və rus zabitləri yaşayış  məskənini "qərargah"  adlandırsalar da, 1847-ci il çar Rusiyasının xəritələrinə  qəsəbə rəsmi şəkildə  Xankəndi adı ilə düşüb. Rusiyanın  işğalından sonra  Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilib.

1988-ci ildə  ermənilər Xankəndi şəhərində yaşayan soydaşlarımızı zorla qovdular. Ermənilər daha sonra Xankəndidə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Azərbaycan ordusunun  bölmələri bir neçə dəfə  Xankəndiyə yaxınlaşsa da  şəhəri işğaldan azad etmək mümkün olmadı.  Kərkicahan və ətraf  ərazilər uğrunda  gedən döyüşlərdə 34 nəfər şəhidimiz oldu. 150 nəfər isə müxtəlif dərəcəli xəsarət aldı. Xankəndidəki azərbaycanlılara  məxsus olan iki orta məktəb, uşaq bağçası, kitabxana, klub, ATS, tibb müəssisəsi, on mağaza və digər iaşə obyektləri dağıdıldı.

1988-ci ildə Xankəndidə olan erməni qonşularımızın demək olar ki, hamısı naxələf çıxdı, onların imkanları olsaydı  Xankəndidə yaşayan azərbaycanlıları bir-bir süngüdən keçirərdilər. Mən Xankəndidə uşaq xəstəxanasında işləyirdim,  bağ-bağçalı həyət evində yaşayırdıq.

Antiterror tədbirlərindən sonra Xankəndi separatçılardan demək olar ki, tamamilə təmizləndi.  Buna görə ailəmizin  bütün üzvləri Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdardı.  Sayılı günlər qalıb.  Biz tezliklə ata-baba yurdumuza - Xankəndiyə dönəcəyik.

Tarverdiyevlər ailəsində  olarkən Vidadinin həyat yoldaşı  Esmiza xanımın, oğlu Turalın, gəlini Fəridənin də ürək sözlərini dinlədik. Hiss olunurdu ki, onlar  Xankəndiyə dönəcək, köç karvanlarına qoşulacaqları günü səbirsizliklə gözləyirlər.  Bilirlər ki, bundan sonra heç vaxt Xankəndidə erməni vandalları at oynada bilməyəcəklər.

Qədir ASLAN,

"Respublika".