Protezlə təmin edilmiş qazilər futbol oynayıb
Sosial həyat

Protezlə təmin edilmiş qazilər futbol oynayıb

Vətən müharibəsində yaralanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qəhrəman qazilərin futbol yarışı keçirilib. Yarışdan əvvəl incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, yarışı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri və digər tanınmış şəxslər də izləyiblər.

Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri, digərləri isə nazirlik əməkdaşları olub.

Maraqlı oyun epizodları ilə keçən görüşdə şərti olaraq "Canavarlar" və "Aslanlar" adlandırılan komandalar üz-üzə gəlib. Müharibə əlillərinin əzmkar mübarizəsi ilə yaddaqalan oyun "Canavarlar"ın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Yarışın sonunda iştirakçılara təşəkkürnamə və medallar təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 324 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Təqdim edilən "Genium" tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.

Vətən müharibəsində əzalarını itirən hərbçilərimiz son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edirlər. Hətta idman yarışlarında da iştirak edə bilmək bacarığına sahib olurlar.

AZƏRTAC