Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniyada keçirilən konfransda iştirak edib
Digər xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniyada keçirilən konfransda iştirak edib

İyulun 6-da Böyük Britaniyada Din və Etiqad Azadlığı üzrə Nazirlər Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Britaniyanın dövlət naziri Lord Tariq Əhmədin dəvəti ilə konfransda iştirak edib.

Dünyanın bütün qitələrindən ümumiyyətlə 700-dən çox qonağın qatıldığı konfransın açılış mərasimində Uels şahzadəsi Çarlzın və Baş nazir Boris Consonun videomüraciətləri səsləndirilib.

Tədbirdə Britaniyanın xarici işlər naziri Liz Trass və müavini Lord Tariq Əhməd çıxış edərək din azadlığının əhəmiyyəti və antisemitizm, islamofobiya, induofobiya, xristianofobiya kimi meyillərin artmağa doğru olduğunu bildiriblər. Onlar söyləyiblər ki, nifrətə çağırışlar toqquşmalara və soyqırımlarına gətirib çıxarır.

Sonra şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniyanın Baş nazirinin dəvəti ilə az sayda seçilmiş qonağın iştirak etdiyi "Dauninq Strit"də rəsmi qəbulda olub.

Səfər çərçivəsində şeyxülislam Anqlikan kilsəsinin lideri Arxiyepiskop Castin Velbi ilə də görüşüb. Arxiyepiskop Castin Velbi şeyxülislam Allahşükür Paşazadəni gördüyünə şad olduğunu bildirib. Öz növbəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də onu Azərbaycana dəvət edib.

Daha sonra şeyxülislam dövlət naziri, Vimbeldon lordu Tariq Əhməd ilə görüşüb. Allahşükür Paşazadə konfransa dəvətə görə Lord Tariq Əhmədə təşəkkür edib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb. Görüş zamanı nazir Tariq Əhməd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı din-dövlət siyasətini, Azərbaycanın uğurlarını yüksək qiymətləndirdiyini qeyd edib.

O, Allahşükür Paşazadə kimi dünya miqyasında dinlərarası dialoq sahəsində böyük xidmətləri olan şəxsin konfransda iştirakının tədbirə əlavə dəyər qatdığını qeyd edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Lord Tariq Əhmədi Azərbaycana dəvət edib.

Həmçinin şeyxülislam konfransda iştirak edən Britaniya yəhudi icmasının baş ravvini Efraim Mirvis, BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos, Simon Vizental Mərkəzinin rəhbəri Abraham Kuper, Qazaxıstanın informasiya və sosial inkişaf naziri Askar Omarov, Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaski, Özbəkistanın Ədliyyə naziri Ruslanbek Davletov, Finlandiyanın müsəlman icmasının rəhbəri Atik Ali və başqaları ilə də görüşüb.

AZƏRTAC