PƏRVANƏ TƏK YANDI VƏTƏN ODUNA...
Region

PƏRVANƏ TƏK YANDI VƏTƏN ODUNA...

Aylar, illər ötsə də Vətən, torpaq uğrunda şəhadətə yetənlər heç vaxt unudulmur, xatirələri ürəklərdə yaşayır. Belə igid, qəhrəman oğullardan biri də “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Əliqismət Yaqubludur.

Əliqismət Mükafat oğlu Yaqublu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində dünyaya göz açıb. Valideynləri rayon mərkəzinə köçdüyündən Lerik şəhər 3 saylı orta məktəbdə təhsil alıb. 2007-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alıb. 2015-ci ildə ali  təhsilini başa vurub Qobustanda yerləşən hərbi hissədə zabit kimi fəaliyyətə başlayıb. Torpaqlarımızı işğaldan azad etmək arzusu ilə könüllü  cəbhə bölgəsinə xidmətə yollanıb.

2016-cı ilin Aprel döyüşlərində şücaət, qəhrəmanlıq göstərib. İşgüzarlığı, nümunəvi xidmətləri nəzərə alınaraq 2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kimya üzrə xidmət rəisi kimi mühüm vəzifəyə təyin olunub.  Vətən müharibəsi başlayanda ön cəbhəyə yollanıb. Murovdağ yüksəkliyinin, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Laçının kəndlərinin işğaldan azad edilməsində igidlik, hünər göstərib. Şuşa uğrunda gedən döyüşlərdə düşmənin xeyli texnikasını, canlı qüvvəsini məhv edib.  Daşaltı kəndində ağır döyüş zamanı şəhadətə yetişib. Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi doğma Kələxan kəndində babası Elşad Yaqubovun məzarının yanında torpağa tapşırılıb. Şəhidin 5 yaşlı Əliəsgər və 3 yaşlı Məhəmməd adlı iki yadigarı qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Əliqismət Yaqublu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şücaətə görə” və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, kənd sakinləri Əliqismətin şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar Kələxan kəndində məzarını ziyarət edib əziz xatirəsini ehtiramla anıblar.

Mərasimdə icra hakimiyyətinin başçısı Əliqismət kimi oğulların ən çətin, ağır məqamlarda silaha sarılaraq Vətənin səsinə səs verdiyini, torpaqlarımızı işğaldan azad edərək xalqımıza parlaq qələbə, zəfər sevinci yaşatdıqlarını bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğı göstərdiyini, rayonda şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşıldığını, qayğı və problemlərinin həll olunduğunu diqqətə çatdırıb.

Anım mərasimində şagirdlərin ifasında Vətənə, şəhidlərə, Şuşa fatehi Əliqismət Yaqubluya həsr edilmiş şeirlər səslənib. Atası Mükafat Yaqublu dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq edib.

Əlisəfa HƏSƏNOV,

                                                                                                “Respublika”.