Nazir: İspaniya Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasına töhfə verməyə hazırdır
Siyasət

Nazir: İspaniya Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasına töhfə verməyə hazırdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində sentyabrın 7-də bu ölkənin xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, enerji, elm, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu il Azərbaycanla İspaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu, qarşılıqlı yüksək səviyyəli səfərlərin və siyasi səviyyədə dialoqun önəmi vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına postmünaqişə dövründə bölgədə mövcud olan vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz şəraitdə evlərinə geri dönmələri üçün görülən işlər, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib. İşğaldan azad edilmiş ərazilərdə turizm, alternativ enerji, kənd təsərrüfatı və mədən sənayesi sahələrində böyük işlərin görüldüyü və İspaniya şirkətləri ilə geniş əməkdaşlıq üçün perspektivlərin olduğu bildirilib. Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasında sərmayə qoyuluşlarının ikitərəfli münasibətlərə töhfə verəcəyi diqqətə çatdırılıb.

Nazir Xose Manuel Albares Bueno İspaniya şirkətlərinin Azərbaycana sərmayə qoymaqda maraqlı olduqlarını, turizm, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, enerji və tranzit sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb, İspaniyanın ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi, növbəti ildən təşkilata sədrlikləri dövründə bu prosesdə daha yaxından iştirak edəcəkləri diqqətə çatdırılıb. Xose Manuel Albares Bueno iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında imzalanmış Anlaşma Memorandumunun İspaniya üçün yeni əməkdaşlıq perspektivləri açdığını da qeyd edib. Cənub Qaz Dəhlizində İspaniyanın "Enagas" şirkətinin 16 faizlik paya sahib olmasından məmnunluq ifadə edilib.

İspaniyalı nazir Avropa İttifaqının bölgədə vasitəçilik səylərinə dəstək verdiyini, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasına töhfə verməyə hazır olduqlarını bildirib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş çərçivəsində nazirlər tərəfindən ADA Universiteti və İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi arasında Memorandum imzalanıb. Bu sənədin ölkələrimizin diplomatik akademiyaları arasında münasibətlərin inkişafına, təhsil sahəsində mübadilələrin artmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdən sonra xarici işlər nazirləri mətbuat brifinqində aparılan müzakirələrin nəticələrinə dair bəyanatla çıxış ediblər.

AZƏRTAC