Vladimir PUTİN: ƏGƏR ERMƏNİSTAN QARABAĞIN AZƏRBAYCANIN TƏRKİB HİSSƏSİ OLDUĞUNU TANIYIBSA, SÖHBƏT NƏDƏN GEDƏ BİLƏR?
Siyasət

Vladimir PUTİN: ƏGƏR ERMƏNİSTAN QARABAĞIN AZƏRBAYCANIN TƏRKİB HİSSƏSİ OLDUĞUNU TANIYIBSA, SÖHBƏT NƏDƏN GEDƏ BİLƏR?

Məlum olduğu kimi, dünən Vladivostokda VIII Şərq İqtisadi Forumu keçirilmişdir. Forumun plenar iclasında moderator Rusiya Prezidenti Vladimir Putinə belə bir sual ünvanladı: "Bir il bundan əvvəl burada, bu səhnədə Nikol Vovayeviç Paşinyan oturmuşdu və mən Sizin onunla kuluarlarda necə ünsiyyətdə olduğunuzu görmüşdüm və mənə elə gəlmişdi ki, bu, kifayət qədər normal bir ünsiyyət idi. Hazırda isə biz, zənnimcə, dünən Amerika-Ermənistan təlimləri başlamışdır, Paşinyanın arvadı Kiyevə getmişdi və Ermənistan parlamentinin spikeri bizim Xarici İşlər Nazirliyinin ünvanına olduqca qərəzli ifadələrin səsləndirilməsinə yol vermişdi. Ermənistan tərəfindən belə bir dönüş nə üçün baş vermişdir? Bu, Azərbaycanla sərhəddəki vəziyyətə necə təsir göstərə və ümumiyyətlə nələrə gətirib çıxara bilər?"

Sualı cavablandıran Rusiya Prezidenti Vladimir Putin bildirmişdir ki, hər hansı dönüşün baş verdiyini düşünmür: "Biz nələrin baş verdiyini görürük və anlayırıq. Bilirsinizmi, bu barədə çox danışmaq olar. Biz tənzimlənmə ilə bağlı öz variantlarımızı təklif etmişdik. Burada gizlədiləsi bir şey yoxdur və hamıya yaxşı məlumdur. Ermənistan Azərbaycanla məlum münaqişədən sonra yeddi rayona nəzarət edirdi. Biz Kəlbəcər və Laçının, həm də bütün Qarabağın da faktiki olaraq Ermənistanın yurisdiksiyası altında qalmaq şərtilə Azərbaycanla razılığa gəlməyi təklif edirdik. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Bununla belə, biz onları 10-15 il ərzində inandırmağa çalışırdıq. Orada müxtəlif variantlar var idi, amma yekun nəticədə hər şey buna gəlib çıxırdı. "Nə edəcəksiniz?" sualımıza onlar vuruşacağıq deyə cavab verirdilər. Olsun... Beləliklə, yekun nəticədə hər şey bu gün yaranmış vəziyyətə gəlib çıxmışdır. Lakin məsələ sonuncu münaqişənin nəticələrində deyil. Məsələ həm də ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımışdır. Və özünün Praqa bəyanatında bunu sadəcə olaraq kağızda təsbit etmişdi. Biz bundan xəbərdarıq. Nə etməli? Hazırda Prezident Əliyev mənə deyir: axı Siz Ermənistanın Qarabağın bizim olduğunu, Qarabağın statusu haqqında məsələnin artıq gündəmdə olmadığını, həll edildiyini, Ermənistan rəhbərliyinin bu barədə açıq bəyan etdiyini və 1991-ci ilə qədər Azərbaycan SSR hüdudlarında bütün ərazini tanıdığını, Qarabağın da daxil olduğunu ifadə edən konkret rəqəmi bəyan etdiyini bilirsiniz. Bu, baş vermişdir. Axı bu bizim qərarımız deyil. Bu, hazırkı Ermənistan rəhbərliyinin qərarıdır. Bizə deyirlər, əgər belədirsə, indi Siz bütün məsələləri bizimlə ikitərəfli əsasda həll etməlisiniz. Burada biz nə deyə bilərik? Deyiləsi bir şey yoxdur. Əgər Ermənistanın özü Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyıbsa, biz nə deyə bilərik? Əlbəttə, burada humanitar aspektlərlə və bizim sülhməramlıların mandatı ilə bağlı digər suallar meydana çıxır. Bu doğrudur, bəli. Mandat hələ qüvvədədir. Hər hansı etnik təmizləmələrlə bağlı humanitar xarakterli məsələlər isə heç yana getməyib. Mən bununla tamamilə razıyam. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi, hər zaman bəyan etdiyi və bu gün də dediyi kimi, hər hansı etnik təmizləmələrdə maraqlı deyil. Bundan əlavə, əksinə, bu prosesin "yumşaq" baş verməsində maraqlıdır".

"Necə düşünürsünüz, Ermənistan Rusiyanın, KTMT-nin kömək etmədiyini, Qarabağın "blokadasının" aradan qaldırılmadığını, "humanitar fəlakətin" baş verdiyini deyəndə İrəvanın bu barədə iddiaları nə dərəcədə əsaslıdır?" sualına Rusiya dövlətinin başçısı cavab olaraq bildirmişdir: "Bilirsinizmi, əgər Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, söhbət nədən gedə bilər? Bu, bütün problemin açar tərkib hissəsidir. Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Məsələ bundadır".

Növbəti sual belə idi: "Bu günlər ərzində Nikol Paşinyan Sizinlə danışıb?". Bu suala cavab olaraq V.Putin bildirmişdir: "O, mənə geniş məktub göndərmişdir. Biz onunla daim təmasdayıq. Burada Ermənistanla və bu ölkənin baş naziri Paşinyanla hər hansı problemimiz yoxdur".

“Respublika”.