“Molla Nəsrəddin
Sosial həyat

“Molla Nəsrəddin" ictimai fikir tarixində inqilab yaratdı

"Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı". Mirzə Cəlilin "Xatirat"ında yazdığı bu fikri bir qədər açıqlasaq belə demək olar. "Molla Nəsrəddin" jurnalı kimi mətbuat orqanının meydana çıxması üçün məhz 1905-ci il inqilabı günlərində və ondan sonra həm Rusiya, həm də qonşu Şərq ölkələrində uyğun şərait yaranmalıydı. Bunun üçün jurnal redaktorunun özü də, onun öz yaxın silahdaşları da 1905-ci ilin fırtınalı günlərində cari mübarizə məktəbini keçməli və zəhmətkeş xalqın hüququnu fədakarlıqla müdafiə edən inqilabçı kimi sınaqdan çıxmalı idi. Nəhayət, bunun üçün jurnalın irəli sürdüyü mütərəqqi qayələri anlayan, mənimsəyən və həyata keçirə bilən kifayət qədər hazırlıqlı olan oxucu kütləsi olmalıydı. 1905-ci ilin ab-havası, ictimai-siyasi mühiti də "Molla Nəsrəddin" jurnalına ciddi zəmin oldu...

"Molla Nəsrəddin" jurnalı müsəlman dünyasının böyük şöhrət qazanıb yayılan, oxunan və misilsiz təsir qüvvəsinə malik bir mətbuat orqanı idi. Cəlil Məmmədquluzadə Azərbaycanın mədəni inkişafında, Yaxın Şərqin və bütün İslam ölkələrinin ictimai fikir tarixində misilsiz inqilab yaradan "Molla Nəsrəddin" jurnalını nəşr etməyə başlayan zaman bitkin, ictimai-siyasi mübariz idi. Jurnalın birinci sayı 1906-cı il aprelin 7-də çıxmış və ətraf aləmdə böyük əks-səda doğurmuşdu. Çünki cəmiyyətin eybəcərliklərini cəsarətlə tənqid edir, bu səbəbdən də mürtəce qüvvələrin əks-hücumu ilə qarşılaşırdı. O anadək heç bir mətbu orqanının söyləyə bilmədiyini deyirdi.

"Molla Nəsrəddin" qorxmurdu, Rusiyanı bürümüş qara irtica illərində belə gur səsi ilə yatanları oyanmağa çağırır, dini xurafata, geriliyə, avamlığa qarşı kəskin etirazını bildirirdi. Professor Şamil Vəliyev "Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar" kitabında yazır: "Molla Nəsrəddin nəşrə başlayanda milli mətbuat mühiti yaranmış, H.B.Zərdabi başda olmaqla ayrı-ayrı jurnalistlərin zəngin publisistik irsi geniş xalq kütləsinə təqdim olunmuş, bir qədər də dəqiq desək, ictimai-mədəni həyatda, sosial-siyasi şüurda "mətbuat və informasiya institutu" yaranmışdı. İndi mətbuat yalnız ictimai-mədəni tərəqqi problemləri ilə deyil, həm də ciddi siyasi mübarizə məsələləri ilə məşğul olur, xalq, dövlət və vətən problemlərini həll etməyi vəzifə bilirdi...".

"Molla Nəsrəddin"in ilk nömrəsi maraqla qarşılandı və təkcə Azərbaycanda deyil, Qafqazda, habelə İran, Türkiyə, Orta Asiya və Rusiyada böyük rezonans doğurdu. Dövrünün görkəmli jurnalisti və mütəfəkkiri, ictimai xadim Əhməd bəy Ağaoğlu isə yazırdı: "Mən "Həyat" və İrşad" qəzetlərinə meyil edəndə bir az vahimə edirdik ki, əcəba millətimizdən layiq yazıçılar olacaqmı? Lakin bir az keçdikdə mənə məlum oldu ki, böyük səhv etmişəm. Çünki millətimiz o qədər layiq, müxbir, zəkalı köməkçilər meydana gətirdi ki, iki qəzetə deyil, onlarla qəzetə aparmağa müstəiddirlər... Şimdi "Molla Nəsrəddin" və "Dəbistan"ın da zühura çıxması bunu sübut edir!".

XX əsrin əvvəllərində minbər, məscid və mədrəsələrdəki "söz sahibləri"nin xalqı ehkamlar burulğanında saxlaması mollanəsrəddinçilər tərəfindən kəskin tənqid olunurdu. "Molla Nəsrəddin" bir tribuna kimi yeni-yeni istedadları da üzə çıxarır, onların inkişafına şərait yaradırdı. Nazim Hikmətin təbirincə desək, "... təkcə Azərbaycanın deyil, dünya ədəbiyyatının korifeylərindən" biri Mirzə Ələkbər Sabirin də istər poetik, istərsə də ictimai-publisistik yaradıcılıq fəaliyyəti o dövrdə əsasən "Molla Nəsrəddin" jurnalının nəşri ilə əlaqədar olaraq genişlənirdi. Onun əsl şöhrəti bilavasitə bu jurnalla bağlı idi. Sabir "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi ilk şeirində mənfi tipin dili ilə dediyi:

"Qoy mən tox olum, özgələr ilə nədi karım,

Dünyavü cahan ac olur-olsun, nə işim var?"

- beytindən başlayaraq onun bütün sonrakı satira yaradıcılığında dönə-dönə işlətdiyi rəngarəng bədii boyalar vardır. Şairin "Əkinçi", "Dilənçi", "Ağlaşma", "Bizə nə" və digər şeirlərini xatırlamaq kifayətdir.

"Molla Nəsrəddin"in səhifələrində həm ölkə daxilində cərəyan edən ictimai-siyasi, həm də mühüm beynəlxalq hadisələrin təsvirində Sabir şeiri ideya-bədii təsir gücünü, müasirlik və aktuallıq keyfiyyətlərini tamamilə saxlayırdı. Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, "Molla Nəsrəddin" adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə "Molla Nəsrəddin" adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar. "Molla Nəsrəddin" "Suri-İsrafil" (Azərbaycan), "Nəsimi-şimal" (İran), "Cəm" (Türkiyə), "Uklar", "Yəşen" (Tatarıstan), "Tokmaq" (Türkmənistan), "Sinək" (Krım) və s. satirik jurnallar üçün örnək oldu. Ə.Lahuti, A.Turkay, M.Dehxuda, Ə.Gilani "Molla əmi"ni özlərinə müəllim və ustad seçmişdilər. Jurnalın Rusiyadan başqa Asiya, Avropa, Amerika və dünyanın bir sıra ölkəsində də abunəçiləri var idi. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaragüruhçuların arasıkəsilməz təqib və təzyiqinə məruz qalırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı. "Molla Nəsrəddin" jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsilə birlikdə Təbrizə köçmüş və 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etdirmişdi. 20-ci illərin ikinci yarısından etibarən jurnala ciddi senzura nəzarəti gücləndirilir, onun nəşri üçün ayrılan dövlət vəsaiti (dotasiya) azaldılır. Hətta jurnalın Mübariz Allahsızlar Cəmiyyətinin orqanı kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir. Onun redaktorunun bir çox dövlət səviyyəli toplantılara, ədəbi-mədəni tədbirlərə dəvət edilməsi məqsədəmüvafiq bilinmir. Bütün bunlara baxmayaraq, C.Məmmədquluzadə öz qələm və məslək dostları ilə birgə Azərbaycan satirasını daha da inkişaf etdirərək ona demokratik məzmun verdi.

1922-1930-cu illərdə o, "Molla Nəsrəddin"i mübariz mətbuat orqanlarından birinə çevirmək üçün səylə çalışır, gənc yazıçı və rəssamların böyük bir nəslini satirik jurnalistika sahəsində işləməyə hazırlayırdı. Jurnalın həmin illərdə çıxan nömrələrində C.Məmmədquluzadə satiraya yeni ictimai məzmun vermək məqsədilə ciddi yaradıcılıq axtarışları aparırdı.

"Molla Nəsrəddin" jurnalı təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, maarifçi-demokratik hərəkatın inkişafına böyük təsir göstərdi.

Zümrüd QURBANQIZI,

"Respublika".