İgid döyüşçünün xatirəsi ehtiramla anıldı
Sosial həyat

İgid döyüşçünün xatirəsi ehtiramla anıldı

Qüdrət Tofiq oğlu Məmmədzadə İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan ölməz qəhrəmanımızdır. O, 2001-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib, 2019-cu ildə ordu sıralarına yola düşüb. Əsgərlik xidməti Qarabağın qaynar bölgəsində başlanır.

Əsgər Qüdrət Məmmədzadə 2020-ci il sentyabrın 27-də minlərlə Vətənin qeyrətli oğlu kimi əlinə silah alıb erməni dığalarına qarşı döyüşlərdə iştirak edib, cəsurluq, igidlik, mərdlik göstərib. Oktyabrın 16-da Goranboy rayonu istiqamətində gedən savaşda özü də qəfil atılan yağı gülləsinə tuş gəlib, Vətənlə bir döyünən qəlbi dayanıb.

Azərbaycan xalqının ürəyində özünə taxt-tac quran, qeyrət zirvəsində dayanan Qüdrət Məmmədzadə ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və başqa medallara layiq görülüb. Bu dünyadan vaxtsız getsə də, onun Vətəni necə sevməyi, halal torpağı uğrunda necə can verməyi tarixə yazılaraq gələn nəsillərə örnəkdir. Lənkəran camaatı həmişə öz qəhrəman oğlunun adını uca saxlayır. Artıq adı olan küçədə xatirəsinə ucaldılan bulaq kompleksi lənkəranlıların ən çox ziyarət etdiyi yerdir.

Qüdrət Tofiq oğlunun 24 yaşı tamam oldu. Adəti üzrə bu il də o, doğum günündə lənkəranlılar tərəfindən qürurla anıldı. Rayonun vəzifəli şəxsləri, idarə və müəssisələrində çalışanlar, yerli sakinlər şəhidin ailəsinə baş çəkdi, uyduğu müqəddəs məzarı ziyarət edildi, önünə yeni güllər düzüldü.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.