Şəhidlər bizim qürurumuz, fəxrimizdir
Sosial həyat

Şəhidlər bizim qürurumuz, fəxrimizdir

“Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin şəhidi Baloğlan Əhədlinin doğum gününə həsr olunmuş “Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir” adlı anım mərasimi keçirildi. Tədbir Mərkəzin foyesində şəhidin şəxsi əşyalarından, eləcə də foto şəkillərindən ibarət sərgi ilə tanışlıqdan başlandı, onun geniş akt zalında davam etdi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları, rəsmilər və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak etdiyi tədbirdə 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması haqqında bildirilib ki, qazanılan zəfərdə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna xidməti bütün dünyaya nümunədir. Vətən yolunda canından keçib şanlı tarix yazan qəhrəman oğul və qızlarımız daim qəlblərdə yaşayacaq.

Şəhidin valideynləri və döyüş yoldaşları çıxış edərək Baloğlan Əhədli ilə bağlı xatirələrini bölüşdülər, göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi razılığını söylədilər.

Baloğlan Əhədlinin təhsil aldığı Lənkəran rayonu, Gəgiran kənd tam orta məktəbin şagirdlərinin ifasında ona həsr edilmiş ədəbi-bədii kompozisiya göstərildi, ardınca haqqında çəkilmiş film nümayiş olundu.

Zəfər ORUCOĞLU.