Keçmişdən gələcəyə doğru
Digər xəbərlər

Keçmişdən gələcəyə doğru

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında, xalqımızın hərb və qürur tarixini yazıb. Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuraraq doğma yurd yerlərimizi işğalçılardan xilas edib. Bu gün şanlı ordumuz Azərbaycanın ərazi bütövlüyünü əzmlə qoruyur, sərhədlərimizi qətiyyətlə müdafiə edir.

Qızğın döyüşlərin getdiyi Ağdamda yaşayan insanların qüruru, qorxmazlığı, ölkə başçısına və ordumuza dərin inamı, fədakarlıqları heç zaman unudulmayacaq. Bir neçə ay əvvəl mərmi yağışı altında yaşayanların dözümü düşmənə ən kəsərli cavab oldu. Evlər dağılır, insanlara ciddi ziyan dəyir, infrastruktur bərbad hala düşür, buna baxmayaraq, heç kəs öz evini tərk etmir, xain düşmənin hərbi cinayətlərinə mərdliklə sinə gərirdi. Ağdamlılar da həmişə ön sıralarda olublar. İndi rayonun nəbzi qələbə sevinci, ruh yüksəkliyi üzərində döyünür.

Məlum olduğu kimi, düşmən otuz ilə yaxın bir müddətdə Ağdamın işğal altında qalan torpaqlarının hər qarışını ölüm saçan mərmilərlə, minalarla və başqa döyüş sursatları ilə çirkləndirib. İşğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri sürətlə davam etdirilir. Biz bir düşmənlə iki cəbhədə döyüşməyə məcbur olmuşuq. Müharibəni qələbə ilə başa vursaq da düşmənin torpaqlarımıza basdırdıqları minaları zərərsizləşdirmək üçün artıq səkkiz aya yaxındır ki, sözün əsl mənasında, gizli düşmənə qarşı ciddi mübarizə aparılır. İnsanların həyatı üçün ən ciddi təhlükə olan minaların təmizlənməsi üçün minaaxtaranlar əsl peşəkarlıq nümayiş etdirirlər. Səbirlə, dözümlə təhlükəli və xeyirxah missiyanı yerinə yetirirlər.

Ermənistanın işğal zamanı minaladığı bütün ərazilərin tam xəritələrini təqdim etməkdən imtina etməsi məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını ləngidir. Bu yaxınlarda Kəlbəcərdə iki jurnalistin faciəvi ölümü, təxminən otuz ildir ki, evlərinə geri dönə bilməyən məcburi köçkünlərin öz yurdlarına dönə bilməməsi Ermənistanın hərbi təcavüzünün ağır nəticəsidir. 15 erməni hərbi əsirin əvəzinə Ermənistan Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsini Azərbaycana qaytarıb. Məlum oldu ki, təkcə Ağdam rayonu ərazisinə ermənilər 97 mindən artıq mina basdırıblar. Bu, düşmənin qəddarlığını, torpaqları necə məhv etməsini, təbiətə qənim kəsilməsini aydın şəkildə göstərir.

Bu ilin aprel ayının ortalarında Ağdama səfərimiz zamanı dəhşətli mənzərə ilə üzləşdik. Düşmən Ağdamın ərazisini sözün əsl mənasında, alt-üst edib. Hər tərəfdə xəndəklər qazılıb. Tikanlı məftillər çəkilib. Tankların keçə bilməməsi üçün maneələr yaradılıb. Buradakı ermənilərin məşhur “Ohanyan xətti” bir daha göstərir ki, Ermənistanın bu torpaqları qaytarmaq fikri heç zaman olmayıb.

Ağdam şəhəri Ermənistanın faşist rejimi tərəfindən yer üzündən silinib. Burada heç nəyə aman verilməyib, ağacları kəsiblər, torpağı yandırıblar, tarixi, mədəni abidələri dağıdıblar, qəbiristanlıqları goreşən kimi məhv ediblər. Əhalinin mülkiyyətinə ölçüyə gəlməz dərəcədə ziyan vurublar, kəndləri xarabalığa çeviriblər. “Vəhşi qəbilə” adlandırılanlar bizim izimizi, məişətimizi, adət-ənənəmizi, şəcərəmizi bu torpaqlardan silməyə çalışıblar.

Ağdamda minalanmış ərazilərin xəritəsi haqqında məlumat verən müdafiə nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov bildirib ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir.

Hər halda, Ağdamda çox böyük və nəhəng işlərə, Ağdamın xarabalıqlarının yerində “ağıllı şəhər” tikilməyə başlanılıb. “Elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”. Ovqatımızı, ruhumuzu, duyğularımızı, arzularımızı təzələyən bu sözləri Azərbaycan xalqına misilsiz qələbə bəxş edən Qalib Ali Baş Komandan İlham Əliyev mayın 28-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Torpaqlar minalardan təmizlənir, ardınca quruculuq işləri aparılır. İşğal illərinin ağrı-acısından, müharibənin vurduğu yaralardan xilas olaraq xoş gələcəyə doğru irəliləyirik. Yenidən tikilən hər bir yol, məktəb, iş yeri, mədəniyyət və dini abidə davamlı, dinc və firavan bir gələcəyə doğru atılmış bir addımdır.

Salman ALIOĞLU,

“Respublika”.