KATARAKTA XƏSTƏLİYİ VƏ ONUN CƏRRAHİ MÜALİCƏSİ - FAKOEMULSİFİKASİYA
Səhiyyə

KATARAKTA XƏSTƏLİYİ VƏ ONUN CƏRRAHİ MÜALİCƏSİ - FAKOEMULSİFİKASİYA

Sözsüz ki, insan orqanizmində bütün orqanların öz funksiyası var və bunların hər biri insanın həyatı, yaşaması üçün çox vacibdir. Bu baxımdan, yaşından asılı olmayaraq hər kəs öz sağlamlığının qayğısına qalmalı, hər hansı bir xəstəliyin irəliləməməsi üçün vaxtında həkimə müraciət etməlidir. Son illər göz xəstəlikləri ilə bağlı bütün yaş qruplarında həkimlərə müraciət edənlərin sayı çoxalıb. Bizi ətraf mühitlə bağlayan bu orqanda yaranan müxtəlif xəstəliklər daha da cavanlaşıb. Belə ki, əgər əvvəllər göz xəstəlikləri daha çox yaşlı insanlarda müşahidə olunurdusa, indi yeniyetmə və gənclər, azyaşlı uşaqlar arasında belə xəstəliklər yayılmağa başlayıb. Bugünkü sayımızda geniş oxucu marağını nəzərə alaraq göz xəstəlikləri ilə bağlı məsələlərə toxunmağa çalışdıq. İnsanlar arasında geniş yayılmış katarakta xəstəliyi və onun müalicəsi barədə peşəkar həkim məsləhətini oxucularımıza təqdim edirik.

Gözün ümumi quruluşu ilə tanış olarkən görürük ki, göz bülluru şəffaf linzadır. Lakin bəzən o, öz şəffaflığını itirir və bulanır. Bu xəstəliyə el arasında ‹‹mirvari suyu›› və ya katarakta deyilir. Xəstəlik zamanı büllur öz şəffaflığını qismən və ya bütövlükdə itirir. Katarakta işıq şüasının gözə daxil olmasına maneçilik törətdiyindən insanın görmə qabiliyyəti zəifləyir. Bəzən belə hesab edirlər ki, katarakta gözdə əmələ gələn pərdədir. Amma bu, belə deyil. Katarakta göz büllurunun özündə əmələ gələn bulanmadır.

Əksər hallarda katarakta hər iki gözdə yarana bilir, lakin bir gözdən o birinə keçmir. Onun yaranması gözün gərgin işlə yüklənməsi ilə də bağlı deyil və xəstəlik əmələ gəldikdə görmə qabiliyyətini tam bərpa etmək mümkündür. Görmənin bulanmasını hiss etdikdə dərhal həkimə müraciət edib məsləhət almaq lazımdır.

Xəstəliyin yaranma səbəbi müxtəlifdir, bu gözün zədələnməsi ilə də bağlı ola bilər. Lakin əsas səbəb orqanizmin, o cümlədən gözlərin qocalmasıdır. Əlbəttə, qocalıq dedikdə, heç də insanın yaşı nəzərdə tutulmur. İnsanların böyük əksəriyyəti öz sağlamlığının qeydinə qalmadığı üçün vaxtından tez qocalır, görmə qabiliyyətini də vaxtından tez itirirlər.

İllər ötdükcə insanın orqanizminə vurduğu zərbələr çoxalır, bu da orqanların və hüceyrələrin fəaliyyətinin pozulmasına və müxtəlif xəstəliklərin inkişafına səbəb olur.

Göz bülluru da hüceyrələrdən "yarandığı" üçün bu zərbələrdən kənarda qala bilmir. Xəstəliyin əmələ gəlməsində irsiyyətin, diabet və digər xəstəliklərin rolu böyükdür. Yaşla bağlı yaranan kataraktaya yaş kataraktası (qocalıq kataraktası) da deyilir. Belə xəstəlik hətta 45 yaşında da əmələ gələ bilər. Yarandığı səbəblərdən asılı olaraq katarakta yaş, travmatik, diabetik, anadangəlmə, uveal və s. olaraq bir çox etoloji formalara bölünür.

Uşaqlarda da anadangəlmə kataraktaya rast gəlinir. Bu faktın özü də kataraktanın müxtəlif səbəblərdən yarandığını təsdiq edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yaşlı insanlar arasında (50 yaşdan yuxarı) katarakta korluğun və zəif görmənin təqribən 50 faizini, əhalinin isə 20 milyona qədərini təşkil edir. Azərbaycanda da yaşlı əhali arasında katarakta xəstəliyi çox geniş yayılmışdır və korluğun səbəbləri içərisində I yeri tutur.

Hələ eramızdan bir neçə min il əvvəl tibb elminin banisi Hippokrat deyirdi ki, insan 40 yaşında özünün həkimi olmalıdır. Belə ki, insan özünü dərk edəndən sağlamlığını qorumalı, pis vərdişlərdən uzaq durmalıdır. Çünki gənc orqanizm zərərli adətlərə birtəhər dözür. Lakin 40 yaşdan sonra mənfi hallara daha tab gətirə bilmir və orqanlar bir-bir sıradan çıxır. Proses eynidir - bu və ya digər sahədə hüceyrələrin kütləvi şəkildə qırılması, toxumaların sıradan çıxması, kapilyarların, damarların və əzələlərin öz funksiyasını yerinə yetirə bilməməsi orqanizmin tamlığını pozur.

Katarakta da, əslində, orqanizmin tamlığının pozulmasından yaranır və bu tamlığı bərpa etmək mümkündür. Lakin yaşdan asılı olmayaraq katarakta gözün zədələnməsi sayəsində də baş verə bilər. Belə ki, güclü zərbə, kəsilmə, deşilmə, termal və ya kimyəvi təsirə məruz qalmaq da katarakta əmələ gətirə bilər. Buna "zədə kataraktası" deyilir.

Katarakta necə yaranır, əlamətləri necədir? Qeyd etmək lazımdır ki, kataraktanın kliniki simptomlarının inkişafı büllur bulanıqlarının harada yerləşməsi ilə əlaqədardır. Əgər, katarakta büllurun kənar hissəsində - periferiyada yaranıbsa, heç bir dəyişiklik hiss olunmur. "Bulanma" büllurun mərkəzinə yaxındırsa, görmə qabiliyyətində problemlər yaranır. Xəstə ətrafındakı əşyaları dəqiq seçmir, torlu görür, xüsusilə gur işıqda onların konturları silinir. Hətta, bir şəkil qoşa görünür. Çox vaxt işıqdan qorxma hissi yaranır. Bir göz digərindən daha zəif görür. Normal halda qara görən bəbək ağımtıl, sarımtıl rəng alır. Bütün bu əlamətlər daha da güclənə və xəstəni eynəyi tez-tez dəyişməyə, daha güclüsü ilə əvəz etməyə vadar edə bilər.

Müayinə tamamilə ağrısız keçir. Həkim biomikroskopun və oftalmoskopun köməyi ilə gözün bülluruna baxır və orada baş vermiş dəyişikliyin tipini, formasını və yerini müəyyən edir, bundan sonra diaqnoz qoyur. Kataraktanın ən doğru müalicə yolu - bulanıq büllurun cərrahiyyə əməliyyatı vasitəsilə gözdən kənar edilməsidir. Dərmanlar və xüsusi eynəklər müvəqqəti xarakter daşıyır və əhəmiyyətsiz hesab olunur.

Uzun illər təhlükəsiz və effektli cərrahi metodun işlənib hazırlanması müasir oftalmologiyanın ən aktual məsələləri sırasında idi. Hazırda isə bu metod fakoemulsifikasiya metodudur.

Bu metodun digər metodlardan fərqi ondadır ki, əməliyyat kəsiksiz və qansız aparılır, görmə qabiliyyəti qısa müddətdə (çox vaxt 24 saat müddətində) 100 faizə qədər bərpa olunur. Əməliyyatdan sonrakı fəsadlar çox az olur və müalicə oluna bilir. Qısa müddətdə tibbi-bioloji sağalma prosesi gedir. Xəstənin əmək qabiliyyəti bərpa olunur və əksər hallarda öz əvvəlki işlərini davam etdirirlər.

Qeyd edək ki, cərrahiyyə əməliyyatının metodikası çox mükəmməl şəkildə hazırlanıb. Ən müasir texnika və avadanlıqlarla həyata keçirilən əməliyyatın uğur faizi çox yüksəkdir . Ən başlıcası isə, cərrahiyyə əməliyyatından sonra aktiv həyata qayıtmaqdır.

Müasir təbabətdə kataraktanın çıxar

ılması əsasən ultrasəs və lazer fakoemulsifikasiyası vasitəsilə kəsiksiz və qansız aparılır. 1-2 mm kəsikdən yumşaq linza implantasiya olunur. Süni büllur təbii büllura maksimum uyğunlaşdırılır ki, bu da gözdə iltihab törətmir.

İntraokulyar linzanın iki növü mövcuddur: arxa kamera və ön kamera linzası. Arxa kamera büllur quzehli qişanın arxasında, ön kamera isə büllur quzehli qişanın önündə yerləşdirilir. Xəstənin gözündə hansı növ linza qoyulacağına həkim qərar verir.

Süni büllur şüa sındırma gücü hər xəstə üçün fərdi qaydada müəyyən edilir. İntraokulyar linza seçərkən gözün anotomik və optik xüsusiyyətləri nəzərə alınır. Həmçinin, cərrah linza qoyarkən xəstənin peşəsini və sosial şəraitini də nəzərə alır.

Az vaxt aparan cərrahiyyə əməliyyatından sonra (10-12 dəqiqə) pasiyent elə həmin gün evə buraxılır. Əməliyyatdan sonra bir neçə gün ərzində xəstə əşyaları bir qədər bulanıq görür ki, bu da bəbəyin əməliyyat zamanı genişləndirilməsi səbəbindən baş verir. Bəbək daraldıqdan sonra görmə qabiliyyəti xeyli yaxşılaşır. Əməliyyatdan 3-5 gün keçdikdən sonra görmə qabiliyyəti tam bərpa olunur.

Nadir hallarda çıxarılmış büllurun arxa kapsulası əməliyyatdan bir neçə ay sonra bulanır, görmə qabiliyyəti bir qədər zəifləyir. Buna təkrar olunan "ikincili katarakta" deyilir. Belə olan halda dərhal həkimə müraciət etmək lazımdır. Lazer şüasının köməyi ilə aparılan lazer proseduru bir neçə dəqiqədən sonra gözün görmə qabiliyyətini tam bərpa edir. Buna lazer dissiziyası deyilir.

Kərəm KƏRİMOV,

Tibb elmləri doktoru, professor,

Əməkdar elm xadimi,

Nigar KƏRİMOVA,

Bakı Elmi-Tədqiqat

Göz Xəstəlikləri Klinikasının direktoru.