Ermənistanda azərbaycanofobiya, türkofobiya meyilləri güclənib
Digər xəbərlər

Ermənistanda azərbaycanofobiya, türkofobiya meyilləri güclənib

"Erməni cəmiyyəti on illər ərzində zəhərlənmişdir. Cəmiyyəti diaspor və erməni millətçilərinin təbliğatı zəhərləmişdir... Onların beyni diaspor tərəfindən yuyulmuşdur... Nəyə görə bu qədər nifrət var? Nəyə görə məzarları eşirlər? Nəyə görə məscidləri dağıdırlar? Cavab onların təhsil sisteminin zəhərli olmasındadır. Onlar uşaqlarını Türkiyəyə və Azərbaycana nifrət aşılamaqla böyüdürlər. Beləliklə, türkofobiya və azərbaycanofobiya onların ideologiyasıdır". Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabr ayının 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda müzakirələr zamanı bu fikirləri səsləndirmişdir.

İqtisadi potensialı baxımından bütün dünyanın diqqət mərkəzində olan Azərbaycan həyata keçirdiyi uğurlu siyasət kursunda ölkələrlə əməkdaşlığa hər zaman geniş yer ayırmış, bütün sahələrdə çoxtərəfli əlaqələrin, xalqlar arasında səmimi dostluq münasibətlərinin qurulması dövlətimizin məqsədyönlü siyasətinin əsasını təşkil etmişdir. Xalqımız tarixən başqa millətlərlə birgəyaşayışa dözümlülük göstərmiş, dilindən, dinindən asılı olmayaraq ayrı-ayrı xalqların nümayəndələri ilə mehriban, sülh şəraitində yaşamağa mühüm töhfələr vermişdir. Təsadüfi deyil ki, sabitliyin, əmin-amanlığın bərqərar olmasına, təhlükəsiz cəmiyyətin yaranmasına ciddi səy göstərən Azərbaycan bütün dünyada sülhsevər ölkə olaraq qəbul edilir. Lakin bədnam, alçaqniyyətli, dövlət siyasəti səviyyəsində işğalçılıq, terrorçuluq siyasəti yürüdən Ermənistan multikultural, tolerant dəyərlərə sahib olan ölkəmizə qarşı hər zaman düşmənçilik siyasəti yürütmüş, xalqımıza kin-küdurət, nifrət hissi bəsləmişdir. Ümumiyyətlə öz xalqına, millətinə "türk düşmənçiliyi" ideologiyasını aşılayan Ermənistan bütün dövrlərdə ölkəmizin ərazilərini zəbt etmək, xalqımıza zülmlər, işgəncələr vermək missiyası həyata keçirmişdir.

Özgə torpaqlarında dövlət qurmaq, ərazilərini işğalçılıq siyasəti ilə genişləndirmək niyyəti ta əzəldən erməni-daşnak hökumətinin fəaliyyətinin əsasını təşkil etmişdir. Belə ki, keçən əsrin əvvəllərində Ermənistan Türkiyəyə qarşı əsassız ərazi iddiaları ilə müharibəyə başlamış, lakin havadarlarının dəstəyinə baxmayaraq, türk ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində məğlub olan ermənilər barışıq imzalamağa məcbur olmuşlar. İşğalçılar İkinci Qarabağ müharibəsində də eyni situasiya ilə üzbəüz qaldılar. Rəşadətli Azərbaycan ordusunun qarşısında tab gətirməyən düşmən kapitulyasiya aktı imzalayaraq təslim olduğunu bəyan etdi.

Ədalətsiz, humanistlikdən uzaq olan ermənilər tarixin bütün məqamlarında layiq olduğu dərsi alsalar da, terrorçuluq əməllərini tərgidə bilmirlər. Azərbaycanın əzəli torpaqlarında qurulan, yalnız ermənilərin yaşadığı monodövlət olan Ermənistan regionda heç bir üstünlüyə malik deyil. Və xislətinə uyğun olaraq bölgədə sülhün, sabitliyin bərqərar olmasına, xalqların mehriban qonşuluq şəraitində yaşamasına əngəl törədir. İkinci Qarabağ müharibəsində qalib gələrək regionda yeni reallıqlar yaradan, söz sahibinə çevrilən, beynəlxalq səviyyədə irimiqyaslı layihələrin icrasında fikirlərinə hörmətlə yanaşılan Azərbaycana qarşı düşmənçiliyindən əl çəkmir. Azərbaycanın qalibiyyətini həzm edə bilməyən havadarlarından dəstək alaraq müharibədən iki il keçməsinə baxmayaraq, münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində müsbət addımlar atmır. Əksinə, Ermənistanda azərbaycanofobiya, türkofobiya meyilləri gündən-günə daha da güclənir.

Övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edən ermənilər əsrlər boyu antitürk siyasəti həyata keçirmişlər. Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan, bu müddət ərzində xalqımızın qədim tarixini, mədəni irsini yer üzündən silməyə çalışan, erməniləşdirməyə can atan mənfur düşmənin qədim yurd yerlərimizdə mövcud olan 67 məsciddən 65-ni dağıtması, dini inanc yerlərimizi təhqir etməsi bütövlükdə islam dünyasına həqarət olmaqla islamofobiya, azərbaycanofobiya ideologiyasının təzahürüdür.

Onun-bunun kölgəsində yatan qorxaq, cılız ermənilər hər zaman türk birliyindən, türk xalqlarının həmrəyliyindən əndişə etmişdir. Elə bu səbəbdən də ermənilərin türk düşmənçiliyi tarixin bütün dövrlərində özünü büruzə vermiş, islamofobiya və türkofobiya Ermənistanın həyata keçirdiyi siyasətin əsasını təşkil etmiş, erməni lobbisinin dəstəyi ilə bu strategiya diplomatik çərçivədə nümayiş etdirilmişdir.  

Azərbaycan-Türkiyə birliyi bu gün ermənilərlə yanaşı, ermənipərəst qərb ölkələrini də sözün əsl mənasında narahat edir. İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən Türkiyənin Azərbaycanın yanında olması, siyasi-mənəvi dəstək göstərməsi, arxa-dayaq durması, xalqlarımızın birlik, qardaşlıq nümayiş etdirməsi, müharibə bitdikdən sonra da  ölkəmizə dəstəyini və ən əsası qardaş məhəbbətini əsirgəməməsi erməni havadarlarının canına vəlvələ saldı. Belə ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Fransanın Azərbaycana olan münasibətini tamamilə dəyişdi. Ölkəmizə qarşı ikiüzlü siyasət yürüdən Fransa Senatının Qarabağdakı ermənilərin "müstəqilliyi"nin tanınması və Azərbaycana sanksiya tətbiq edilməsinə dair qətnamə qəbul etməsi, qətnamədə Türkiyə-Azərbaycan əlaqələrinin guya Cənubi Qafqazda "sülhə və təhlükəsizliyə təhdid" olduğu kimi məntiqsiz ifadələrin yer alması açıq şəkildə azərbaycanofobiya və türkofobiya siyasətinin göstəricisidir.

Lakin erməni havadarlarından fərqli olaraq dünyanın bir çox ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, İkinci Qarabağ müharibəsində ədalətin zəfər çalmasını alqışlayır və Azərbaycan-Türkiyə birliyinin yalnız regionda deyil, beynəlxalq sülhə, əmin-amanlığa mühüm töhfə verdiyini qeyd edirlər. Prezident İlham Əliyev Türk Şurasının Zirvə görüşündə bunu xüsusi vurğulayaraq demişdir ki, "Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır... Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək".

Mehparə ƏLİYEVA,

"Respublika".