Dövlət rəmzləri xalqın tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini təcəssüm etdirir
Digər xəbərlər

Dövlət rəmzləri xalqın tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini təcəssüm etdirir

1993-cü il yanvar ayının 19-da "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Konstitusiya Qanunu təsdiq edilmişdir

"Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir".

Heydər Əliyev,

Ümummilli lider.

Hər bir dövlətin mövcudluğunu, müstəqilliyini, millətin varlığını təsdiqləyən onun dövlət rəmzləridir. Bu baxımdan dövlətini quran hər bir xalq ilk növbədə öz atributlarını təsis edir, xalqın tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini özündə əks etdirən bayrağını, gerbini, himnini yaradır. Milli bayraq dövlətin və millətin siyasi, ideoloji, mənəvi mövcudluğunu təsdiqləyən rəmzdir. Dövlət himni millli birliyin sözlə və musiqi ilə ifadəsidir. Gerb isə bir dövləti digərindən fərqləndirən nişan olaraq bayraqda, möhürdə, pul vahidlərində, istiqraz vərəqələrində və s. əks etdirilir.

Müstəqil Azərbaycan Respublikasının dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o zaman müstəqilliyini yenicə əldə etmiş respublikada qanunvericilik səviyyəsində öz təsdiqini tapmamışdı. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının gerbinin və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" qərar qəbul edilmişdir. Xalq Maarif Nazirliyi həmin il fevral ayının 19-da "Azərbaycan" qəzetində dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etmiş, gerb və möhürün ən yaxşı təsvirinə görə 25 min rubl pul mükafatı təsdiq olunmuşdu. Lakin cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması nəticəsində qanun qüvvəyə minməmişdir. 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycanın yeni dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə yenidən baxılmış və bu barədə Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edilmişdi. Ali Sovet tərəfindən "Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında" qərar qəbul olunmuş, dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat pul mükafatı nəzərdə tutulmuşdu.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada millət vəkillərinin, eyni zamanda minlərlə naxçıvanlının təkidi ilə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Ulu öndər ilk günlərdən fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi, qısa müddət ərzində muxtar respublikanın tarixinə yazılacaq mühüm əhəmiyyətə malik işlər gördü. Ulu öndərin Naxçıvanda yenidən siyasi fəaliyyətə başlaması təkcə muxtar respublikanı düşdüyü çətin vəziyyətdən qurtarmadı, o, həm də muxtar respublikaya rəhbərliyi dövründə - 1990-1993-cü illərdə Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. Heydər Əliyev Muxtar Respublikanın Ali hakimiyyət orqanında dəyişiklik edilməsinə, üçrəngli dövlət bayrağı və digər dövlət rəmzləri haqqında qərarlar qəbul edilməsinə də nail oldu.

1991-1992-ci illərdə yerli mətbu orqanlarında müxtəlif gerb layihələri çap olunmuş və 1993-cü ilin əvvəlində həmin layihələr Azərbaycan Respublikası Milli Məclisində müzakirəyə çıxarılmışdır. Müzakirələrdən sonra Xalq Cümhuriyyəti dövründə hazırlanmış layihəyə müəyyən düzəlişlər edilməklə Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət gerbi qəbul olunmuşdur. Dövlət gerbinin rəngli və ağ-qara təsviri "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilmişdir.

Dövlət gerbində əks olunan qalxan müstəqil Azərbaycanın qüdrətini, xalqımızın iradəsini, mübarizliyini göstərir. Şərq xalqlarının milli döyüş alətlərindən biri, qəhrəmanlıq simvolu olan qalxanın üzərindəki üç rəng türklüyün, müasirliyin və islamın tərənnümüdür. Səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, alov Odlar yurdunu, palıd budaqları milli hərbi dəyanətimizi və qüdrətimizi, sünbül Vətənimizin bolluğunu, bərəkətini, Günəşin ağ rəngdə olması xalqımızın və dövlətimizin sülhsevərliyini, sabitlik tərəfdarı olduğunun təcəssümüdür.

Mehparə ƏLİYEVA,

"Respublika".