Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası
Digər xəbərlər

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən iclasda ölkəmizin müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, ölkəmizin aparıcı ali təhsil müəssisələri, akademiyaları, elm ocaqlarını təmsil edən görkəmi hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror əvvəlki iclasdan keçən dövrdə ölkəmizin ictimai-siyasi həyatında, hüquqi dövlət quruculuğunda baş vermiş əhəmiyyətli hadisələr haqqında məlumat verib. Bildirilib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin bərpası, mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi istiqamətində mühüm layihələr icra edilib, Zəngilan rayonunun Ağalı qəsəbəsinə vətəndaşlarımızın köçməsi ilə Qarabağa böyük qayıdışın təməli qoyulub, Şərqi Zəngəzurun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq Zəngilan Beynəlxalq Hava Limanının təntənəli açılışı olub, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə təhsil, sosial, incəsənət və digər sahələri əhatə edən irimiqyaslı tədbirlər həyata keçirilib.

Ötən müddətdə ölkəmizin hüquq ictimaiyyəti və hüquq sistemimizin inkişafı baxımından mühüm hadisə kimi Prezident İlham Əliyevin 2022-ci il 19 may tarixli fərmanı ilə "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsinin təsis edilməsi xüsusi qeyd edilib.

Sonra sədr Kamran Əliyev tərəfindən Şura üzvlüyünə yeni qəbul edilmiş qeyd edilən publik hüquqi şəxsin icraçı direktoru Samir Mahmudov və Vəkillər Kollegiyasının nümayəndəsi, Mediasiya Şurasının Etika Komitəsinin sədri, 20 saylı Vəkil bürosunun rəhbəri İlhamə Həsənova təqdim edilib. İclasa dəvət edilmiş Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev tərəfindən "Hüquq mühafizə orqanlarının fəaliyyətində Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsinin (CPT) standartları" mövzusunda təqdimat keçirilib.

Tədbirdə "Prokurorluq orqanlarında peşə hazırlığı metodik vəsait", "Jurnalistlər üçün hüquqi terminlər lüğəti", "Media üçün 555 sual və cavab", "Dövlət qurumlarının Mətbuat xidmətlərinin media ilə qarşılıqlı əlaqələri üzrə metodiki tövsiyə", "Kibercinayətlərin istintaqına dair metodik vəsait", "Maraqlar toqquşması" adlı vəsaitlər ictimaiyyətə təqdim edilib. Eyni zamanda, Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin veb-saytının təqdimatı olub. Həmçinin iclasda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr arasında Baş Prokurorluqda keçirilmiş "Hüquq viktorinası" adlı müsabiqənin qaliblərinə sertifikatlar verilib.

İclasın yekun mərhələsində gündəlikdə duran məsələlər, o cümlədən müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

AZƏRTAC