Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!
Digər xəbərlər

Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Qarabağda faydalı qazıntı yataqlarının, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarındakı qanunsuz istismarın dayandırılmasını tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə keçir. Xatırladaq ki, dinc aksiya artıq 93 gündür ki, davam edir. Haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz! Hər gün olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Havanının necəliyindən asılı olmayaraq, iştirakçılarda ruh yüksəkliyi müşahidə olunur. Ekofəallar və könüllü gənclər ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər. Onu da qeyd edək ki, aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər öz haqq mübarizələrini davam etdirəcəklərini bildirirlər. Tələblər isə çox sadədir: Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, torpaqlarımızda ekoloji terrora son qoyulması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Ekofəalların səsləndirdikləri etiraz şüarlarında da bu tələblər aydın şəkildə bildirilir: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!"

Qeyd edək ki, Milli Məclisin deputatı Naqif Həmzəyev BMT-nin Nyu-Yorkdakı baş qərargahında 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə keçirilən "İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun" başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsində Ermənistanın ekoloji terroru barəsində çıxış edib. Deputat konfrans çərçivəsində sualları cavablandırıb, aksiya barəsində məlumat verib və bütün dünyanı bu ekoloji terrora son verilməsi ilə bağlı dəstəyə çağırıb: "Bölgədə baş verənlər beynəlxalq ekoloji təşkilatların diqqət mərkəzində olmalıdır. Bütövlükdə biz ədalətin bərpası üçün konkret tədbirlər görməyə, Ermənistanın Azərbaycana qarşı təcavüz və ekoloji terror aktlarını pisləməyə çağırırıq. Ümid edirik ki, beynəlxalq təşkilatlar bu məsələyə biganə qalmayacaq və ekoloji terrorun qarşısını alacaq". Böyük ekoloji əhəmiyyətə malik yeddi göl - Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Qaragöl ciddi şəkildə kimyəvi çirklənməyə məruz qalıb. Həmçinin Oxçu çayı Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində yerləşən on bir çaydan biridir və ölkənin ümumi su ehtiyatının 30 faizindən çoxunu qarşılayır. Mütəxəssislər tərəfindən Oxçu çayından götürülmüş nümunələrin analizi zamanı suda çoxlu sayda həyati təhlükəsi olan elementlər aşkar edilib. Azərbaycanlı ekofəallar bölgəyə getdiyi ilk gündən bu yana, meşələrin, çirkli ərazilərin təmizlənməsi ilə məşğuldur. Bu da bir daha onu sübut edir ki, istər hərbi, istərsə də ekoloji cəhətdən Ermənistan terrorçu ölkədir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. Lakin aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Töhfə SƏMƏDOVA,

“Respublika”.