Türkiyənin ölkəmizdəki səfirliyində Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü qeyd olunub
Digər xəbərlər

Türkiyənin ölkəmizdəki səfirliyində Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü qeyd olunub

Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasını əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Sonra Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Cahit Bağçı Türkiyə-Azərbaycan qardaşlığından danışıb, 15 sentyabr tarixinin əhəmiyyətindən söz açıb.

"Bu gün Bakının işğaldan azad edilməsinin 104-cü il dönümüdür, Azərbaycan və Türkiyə üçün çox vacib və tarixi gündür", - deyən diplomat bildirib ki, 1918-ci ildə Nuru paşanın gəlişi ilə azərbaycanlı gənclər, Azərbaycan Silahlı Qüvvələri birləşərək Bakını daşnak-bolşevik işğalından azad ediblər.

İkinci Qarabağ müharibəsindən danışan Cahit Bağçı deyib: "44 günlük Vətən müharibəsində iştirak edən azərbaycanlı gənclərin çoxu Qarabağı görməyiblər. Azərbaycan 30 illik işğala 44 gündə son qoydu. Bir neçə gün əvvəl sərhəddə erməni təxribat baş verdi, şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin. Lakin Azərbaycan Ordusu düşmənə növbəti dəfə "Dəmir yumruğ"un gücünü göstərdi.

O əlavə edib ki, rəsm sərgisi Qafqaz İslam Ordusunun yaddaşlarda qalması baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra çıxış edən Milli Məclisin deputatı Anar İskəndərov 15 sentyabr hadisələrinin tarixindən danışıb. O bildirib: "O vaxt Nuru paşa ölkəmizdə coşqu ilə qarşılandı. Azərbaycan türk qardaşlarını xilaskar kimi görürdü. Dünya tarixində heç bir millət başqa dövlətin müstəqilliyi uğrunda döyüşməyib. Amma türklər qardaşlarımız olduqları üçün onlar bizim suverenliyimizə görə canlarından keçdilər. Eynilə azərbaycanlılar da Çanaqqala savaşında öz qardaşlarına kömək ediblər".

O bildirib ki, Azərbaycan Türkiyəni hər zaman öz yanında görüb. Bunun ən bariz nümunəsi Vətən müharibəsində oldu. Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, 104 il əvvəl türk və Azərbaycan əsgərləri çiyin-çiyinə tarix yazdılar. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək Bakını işğaldan azad etdi.

"Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində müstəsna rol oynadı. Son dövrləri də nəzərə alsaq görərik ki, iki ölkə bir-birinə hər zaman dəstək verib. Beynəlxalq təşkilatlarda da dövlət və hökumət başçıları Azərbaycan və Türkiyənin maraqlarını ilk sıraya qoyurlar", - deyə Günay Əfəndiyeva vurğulayıb.

O, Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanları yad edərək bildirib: "Bir neçə gün əvvəl ermənilərin təxribatı nəticəsində 50 hərbçimiz şəhid oldu. Allah onlara rəhmət eləsin".

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Ramil Həsən 15 sentyabr tarixinin əhəmiyyətindən danışıb, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin qardaş Türkiyə olduğunu, Türkiyə və Azərbaycan prezidentlərinin bütün beynəlxalq platformalarda bir-birini hər zaman müdafiə edib dəstəklədiklərini qeyd ediblər. Deputatlar Şuşa Bəyannaməsinin mühüm əhəmiyyətini bir daha diqqətə çatdırıblar.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er çıxışında deyib ki, bu gün çox əhəmiyyətli bir tarixi qeyd edirik. Çünki sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakını erməni-daşnak dəstələrindən azad edib.

Müştərək tariximizin qürurlu hədislərlə zəngin olduğunu bildirən Baş katib qeyd edib: "Türk dövlətləri dünyada böyük gücə sahibdirlər. Onlar bir-birinə dəstək verərsə, böyük güc formalaşdıra bilərlər. Hazırda türk dünyasının birliyi böyük əhəmiyyət kəsb edir".

Mehmet Süreyya Er diqqətə çatdırıb ki, hazırda daha çox Türkiyə-Azərbaycan əməkdaşlığı gündəmdədir. İstərdik ki, digər türk dövlətləri də bu birliyə daxil olsun.

Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu 15 sentyabr hadisələri və Azərbaycan-Türkiyə əlaqələrinin tarixi haqqında sənədləri təqdim edib. Cənubi Qafqazda ermənilərin yerləşdirilməsi haqqında danışıb. Həmçinin Osmanlı-Azərbaycan münasibətlərinə nəzər salıb.

Tədbir "Qurani-Kərim"in tilavəti və şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.

AZƏRTAC