Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
İQTİSADİYYAT

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanla əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq məsələlərinə dair fikirlərini bildirib.

Nəqliyyat-tranzit, enerji, turizm və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün potensialın olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir, ticarət əlaqələrimizdə müsbət dinamika müşahidə olunur.

Levan Davitaşvili tərəfdaşlığın şaxələndirilməsi barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini, Gürcüstan şirkətlərinin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak etməkdə maraqlı olduqlarını qeyd edib.