Regionun mühüm nəqliyyat və logistika mərkəzi
İQTİSADİYYAT

Regionun mühüm nəqliyyat və logistika mərkəzi

Güclü infrastruktura malik ölkəmiz Avrasiyada qlobal təchizatın yenidən qurulmasında mühüm rol oynayır

Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan müstəqil Azərbaycan bir çox beynəlxalq layihələrə, o cümlədən iqtisadi layihələrə imza atıb. Bununla yanaşı, həyata vəsiqə alan yeni layihələr sayəsində Azərbaycan özünü təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi də təqdim edir.

Beləliklə, əlverişli coğrafi mövqeyə və zəngin enerji ehtiyatlarına malik Azərbaycan həm də beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilib. Təbii ki, Avropa və Çin arasında strateji cəhətdən əlverişli mövqedə yerləşən və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik ölkəmizin Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən qurulması fonunda yeni aparıcı logistika mərkəzinə çevrilməsi Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına da müsbət təsir göstərir.

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvanı bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, sonra isə Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

Hazırda Çin dünyanın nəhəng ixracatçılarındandır. Bu ölkə dünya bazarına ildə 2 trilyon 400 milyard dollar dəyərində məhsul ixrac edir. Bu səbəbdən, mallarını dünya bazarına ixrac etmək üçün yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüs irəli sürən Çinin "Bir kəmər, bir yol" strategiyası üzrə Avropa ilə mal mübadiləsinin əsas marşrutlarından biri Şərq-Qərb nəqliyyat dəhlizidir ki, bu sahədə də Azərbaycan mühüm rol oynayır. Bu isə yaxın gələcəkdə Azərbaycana böyük investisiyaların və maliyyənin daxil olmasına şərait yaradacaq. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin hər ikisində iştirak edir. Azərbaycan beynəlxalq əhəmiyyətli dəmiryollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Artıq 5 ilə yaxındır istifadəyə verilən BTQ qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmiryolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. Bu dəmiryolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. Yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verən Bakı-Tbilisi-Qars dəmiryolu Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Dəniz daşımaları qitələrarası daşımalar zamanı yüklərin çatdırılmasının əsas, bəzi hallarda isə yeganə mümkün üsuludur. Uzaq marşrutlarda dəniz daşımalarının maya dəyərinin aşağı olması, yükün parametrlərinə və tipinə qərəzsiz münasibət daşımaların bu tipinin əsas üstünlükləridir. Azərbaycanda da dəniz daşımalarının inkişafına Bakı Beynəlxalq Dəniz Ticarət Limanı öz töhfəsini verir. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycan bu liman açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Çinin təşəbbüsü ilə başlanmış "Bir kəmər, bir yol" meqalayihəsinin əsas hissələrindən biri hesab edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dünya ticarətinin və ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına çox böyük təsir göstərəcək. Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bu yaxınlarda Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Azad İqtisadi Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və qlobal nəqliyyat dəhlizlərinin (Orta Dəhliz və Şimal-Cənub dəhlizi) üzərində yerləşir. Ekspertlər hesab edir ki, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkənin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) fəaliyyət coğrafiyasının genişləndirilərək Xəzərdən kənar hövzələrdə yükdaşıma potensialının artırılmasına dair Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının icrası istiqamətində daha bir mühüm layihə icra olunub. Layihə çərçivəsində SOCAR və ASCO-nun Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla "SA Maritime AFEZCO" Birgə Müəssisəsi yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilib.

Azərbaycan hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması, hava limanlarının ən yüksək səviyyəyə çatdırılması, eləcə də hava məkanından istifadənin liberallaşdırılması istiqamətində ardıcıl işlər görür. Heydər Əliyev Beynəlxalq Aeroportu yükdaşımaların və yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə tikilən hava limanları Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasından əlavə, ölkəmizin hava nəqliyyatı ilə yükdaşımalardakı rolunu da artıracaq.

Yaxın illərdə ölkəmiz regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyini bir qədər də gücləndirəcək. Hazırda Bakı-Tbilisi-Qars dəmiryolu xətti işləyir. Ələt qəsəbəsində yerləşən Bakı Limanı Kompleksinin birinci mərhələsi üzrə işlər tamamlanıb. 2025-ci ilə qədər limanın ikinci mərhələsi üzrə nəzərdə tutulan işlər də tamamlanacaq. Eyni zamanda, Bakı-Yalama xətti tam yenilənəcək ki, bu da Şimal-Cənub dəmiryolu xəttinin işləməsi üçün texniki imkanları yaxşılaşdıracaq. Nəzərdə tutulan layihələrin reallaşdırılması Bakını regional əhəmiyyətli ticarət qovşağına çevirəcək, paytaxtda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılmasına imkan verəcək. Ölkəmizdə dəniz limanı ilə yanaşı, hava limanında da hab yaradılacaq. Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın və Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində logistika qovşağının yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyərin yaradılması imkanları var. Gələcəkdə sərhədboyu ərazilərdə, o cümlədən Qırmızı körpü, Astara, Xaçmaz və digər yerlərdə logistika və ticarət mərkəzlərinin yaradılması planlaşdırılır. Bütün bu tədbirlər Azərbaycana xarici investisiya qoyuluşunun artmasına və ölkəmiz üzərindən regional ticarətin genişlənməsinə dəstək verəcək.

Zəngəzur dəhlizinin açılmasına isə Ermənistan mane olmaq istəsə də, dünyada söz sahibi olan ölkələr buna böyük maraq göstərir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "...Biz bu dəhlizə, sadəcə olaraq, dəmiryolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var". 2022-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bakıda imzaladıqları "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu və dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Avropa Komissiyası Prezidentinin iştirakı ilə imzalanan yaşıl enerji sahəsində tərəfdaşlığa dair Buxarest Sazişi bu planların yaxın perspektivdə olduğunu təsdiqləyir. Regional baxımdan da Zəngəzur dəhlizi böyük əhəmiyyətə malikdir.

Mustafa KAMAL,

"Respublika".