Yeni əkinlərə maraq artıb
İQTİSADİYYAT

Yeni əkinlərə maraq artıb

Dən üçün günəbaxan sovet dönəmində respublikamızda əkilib-yetişdirilsə də, çox cüzi məşğuliyyət sahəsi idi, heç dövlət tərəfindən statistikası da aparılmırdı. Sadəcə müəyyən qrup adam, kəndlilər onu əkir, becərir, özlərinə məşğuliyyət hesab edirdilər. Həmin dövrdə sahənin belə zəif inkişaf etməsinin əsas səbəbi günəbaxanın sənaye üsulu ilə istehsalının olmaması idi.

Regionların sosial-iqtisadi inkişafına dair Azərbaycanda ilk Dövlət Proqramı qəbul edildikdən (11 fevral 2004-cü il) sonra ölkəmizdə tədricən emal zavodları işə düşdü. Beləliklə də respublikamızda maye yağ istehsalına şərait yarandı. Hamıya məlumdur ki, bitkilərdən (qarğıdalı, pambıq, günəbaxan və s.) alınan maye yağlar insan səhhəti üçün daha faydalıdır. Nəzərə alsaq ki, maye yağlar Azərbaycan alıcısı üçün yeni idi, hələ ictimai fikir tam formalaşmamışdı, ona görə də buna alışmağa müəyyən zaman keçidi lazım oldu. İndi isə maye yağlar mətbəxlərimizin bəzəyidir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda bir adamın maye yağlara olan illik tələbatı 4,4, o cümlədən günəbaxan yağına tələbat 1,5 kiloqramdır.

Elə buna görə də son 15-20 ildə respublikamızda dən üçün günəbaxan əkini kənddə əsas məşğuliyyət sahələrindən birinə çevrilmişdir. Məsələn, 2021-ci ilin yekununda ölkədə 11 min hektar sahədə dən üçün günəbaxan əkilmiş və bu sahələrdən 26 min tona yaxın məhsul əldə olunmuşdur. Bu, ondan əvvəlki ilin göstəricisindən 2,5 min ton artıqdır.

Keçən ilin göstəriciləri də ürəkaçandır. 11,5 min hektara yaxın sahədə dən üçün günəbaxan əkilmiş və 29,4 min ton məhsul toplanmışdır. Göründüyü kimi, əkin sahələri və məhsulun həcmi əvvəlki ilə nisbətən xeyli artmışdır. Hər hektardan məhsuldarlıq isə 2021-ci ildəki 22,3-dən 23 sentnerə yüksəlmişdir.

Bölgələrə gəldikdə, günəbaxanın çox əkildiyi regionlar Goranboy, Samux və Tərtər rayonlarıdır. Hər biri 2,3-2,5 min hektar sahələrdə günəbaxan əkən bu rayonlar ildə 6,5-7,5 min ton məhsul istehsal edirlər.

Nəriman CAVADOV,

"Respublika".