BÖLGƏ XƏBƏRLƏRİ
Region

BÖLGƏ XƏBƏRLƏRİ

QUBA

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qubada rayon icra hakimiyyətinin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları və digər tələbat mallarının satış yarmarkası təşkil olunub.

Şəhərin "Quba meydanı" adlanan ərazisində keçirilən növbəti ənənəvi yarmarkaya 31 inzibati ərazi dairəsinin əhatə etdiyi fermer və fərdi istehsalçılar tərəfindən 50 tondan çox məhsul çıxarılıb. Kəndli istehsalçılar yarmarkaya daha çox ət və ət məhsulları, bal, kartof, meyvə və ağartı məhsulları çıxarmışlar. Rayonun Hacıhüseynli, Xınalıq, Birinci Nügədi, Susay, Zərdabi, Yerfi, Alekseyevka, Xucbala inzibati ərazi dairələrinə aid olan kəndlərdən istehsalçılar daha çox məhsul gətiriblər. Yarmarkaya çıxarılan məhsullar mövcud bazar qiymətindən 20-30 faiz aşağı qiymətlərlə təklif olunur.

Yarmarkada həm alıcılar, həm də satıcılarla söhbət edirik. Fərdi təsərrüfatçı Gülyar Nurəliyev uzaq dağ kəndindən - Yerfidən məhsul gətirib. Alıcılara daha çox ağartı məhsulları - pendir, şor, süzmə, bal, hətta dərman bitkiləri də təklif edilir. Deyir ki, bu yarmarka həm biz satıcılar üçün, həm də alıcılar üçün çox əlverişlidir. Burada yaradılan şərait də bizi çox razı salır.

Qubada bayram yarmarkası daha 2 gün davam edəcək. Qeyd edək ki, yarmarka bu il keçirilən sayca 4-cüdür. Gələcəkdə belə yarmarkaların şəhərin müxtəlif yerlərində və tez-tez keçirilməsi nəzərdə tutulur.

ŞİRVAN

Sağlam qidalanmanın təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində müvafiq qanunların icrasının təmin edilməsi məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində maarifləndirici görüş keçirildi.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Asim Zeynalov, Şirvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Mirəhə Mustafayev, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionisti Xəyalə Ağayeva və Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional bölməsinin qida təhlükəsizliyinə nəzarət sektorunun böyük məsləhətçisi Bayramqulu Tapdıqov iştirak etdilər.

Tədbirdə çıxış edən aidiyyəti qurumların əməkdaşları tərəfindən qida təhlükəsizliyi sahəsində qəbul olunmuş yeni qanunun müddəaları barədə geniş məlumat verildi. Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunmasından, əhalinin sağlam və rasional qidalanması ilə bağlı görülən işlərdən danışıldı. Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

ŞƏKİ

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edilib.

Uşaqlar Şəki Dövlət Dram Teatrında yeni ilin gəlişi ilə əlaqədar hazırlanmış "Əsl Şaxta baba" adlı şou nağıl tamaşasına baxıblar. Tamaşada Küpəgirən Qarının və onun əlaltıları olan Qarğa, Muzey və Bostan müqəvvalarının uşaqların bayram gününü pozmağa cəhd etmələrindən bəhs edilir. Onlar əsl Şaxta babanı yalançı Şaxta baba ilə əvəz etmək istəsələr də, ağıllı Bayquş və qoçaq Dovşanın sayəsində məqsədlərinə çata bilmirlər və hər şey qaydasına düşür. Əsl Şaxta baba gəlib onların dərsini verir və uşaqlar sevinir.

Tamaşanın sonunda Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqlara bayram hədiyyəsi təqdim olunub.

Sonra "Sheki House" restoranında uşaqlar və onların valideynləri üçün bayram süfrəsi açılıb.

QƏBƏLƏ

Abadlıq-yenidənqurma işləri çərçivə

sində Qəbələ şəhərində aparılan yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətindən qəzetimizə verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, hazırda Qəbələ şəhərinin 28 May küçəsində geniş abadlıq işləri aparılır, küçəyə yeni asfalt örtüyü çəkilir, suötürücü körpü yenilənir, səkilər inşa edilir, müasir işıqlandırma sistemi qurulur.

Başa çatmaqda olan il ərzində rayon icra hakimiyyəti və şəhər bələdiyyəsi tərəfindən Qəbələ şəhərinin 18 küçəsinə yeni asfalt örtüyü çəkilib.

ASTARA

Astara rayonu məktəbəqədər müəss

isələrində balaca fidanların və ümumtəhsil məktəb şagirdlərinin iştirakı ilə Astara şəhərinin mədəniyyət mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Nağıl motivləri əsasında qurulmuş maraqlı kompozisiya alqışlarla qarşlanıb. Məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları şən mahnılar, rəngarəng rəqslərlə tədbiri daha da rövnəqləndiriblər.

Şaxta baba və Qar qızın şənliyə hədiyyələr gətirməsi və biri-birindən maraqlı çıxışları uşaqların bayram sevinclərini daha da artırıb.

"Respublika".