Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Süni intellekt sistemində bir ilk

Oyaq olduğumuz müddətdə öyrəndiklərimizi daha yaxşı yadda saxlamaq və qavraya bilmək üçün yuxu prosesinin nə qədər önəmli olduğu əksəriyyətə məlumdur. Bu səbəbdən də elm adamları süni intellekt sisteminə tapşırıqları daha yaxşı yerinə yetirə və öyrəndiklərini uzunmüddətli yadda saxlaya bilməsi üçün insanlar kimi yatmaq öyrədiblər.

"Süni intellektin müxtəlif vəzifələri mənimsəməsi olduqca çətindir. Çünki ona yeni tapşırıqları öyrətdikcə, köhnə yaddaşını zədələmiş oluruq," - deyə araşdırmaya rəhbərlik edən Payel Sanda bildirib.

Alimin qeyd etdiyi problemi aradan qaldırmağa çalışan tədqiqatçılar insan beyninin strukturuna bənzəyən, "çevrilən neyron şəbəkəsi" (spiking neural network) adlı bir-birinə bağlı süni neyron şəbəkələri yaradıblar. Mütəxəssislər canlıların yuxu qabiliyyətini bu neyron şəbəkəsinə uyğunlaşdıraraq, qısamüddətli xatirələri uzunmüddətli xatirələrə çevirə bilmək üçün yaddaş konsolidasiyası prosesini təqlid ediblər.

"PLOS Computational Biology" jurnalında dərc edilən informasiyaya görə, süni intellektə iki fərqli tapşırığı öyrətmək üçün müxtəlif cür təcrübələr aparılıb. Sınaq bitdikdən sonra süni intellektin yatmadığı təqdirdə yeni tapşırıqda öyrəndiyi hər bir məlumatın əvvəlki tapşırıqda əldə etdiklərini zədələdiyi məlum olub. Lakin yatan sistemdə isə öyrədilən yeni tapşırıqların köhnə yaddaşa heç bir zərər vermədiyi ortaya çıxıb.

 

Görmə itkisi riski altında olanlara müjdə

Elm adamları görmə itkisi riski altında olan insanlar üçün laboratoriya şəraitində süni tor qişa yaradıblar. İngiltərənin London Universitet Kollecinin alimləri tərəfindən atılan bu addım əsasən korluğa səbəb olan, Usher sindromuna sahib uşaqlara kömək edə bilmək məqsədi daşıyır.

"Daily Mail" in yaydığı xəbərə görə, bu yenilik irsi səbəblərdən dolayı korluq riski ilə üz-üzə olan insanlara kömək edə bilməklə yanaşı, həm də yaşla bağlı makula degenerasiyası ("sarı nöqtə xəstəliyi" kimi də tanınır) xəstəliyindən əziyyət çəkən 50 yaşdan yuxarı şəxslərə böyük ümid vəd edir.

Tədqiqat zamanı Great Ormond Street Xəstəxanasında nadir genetik xəstəliklərdən olan Usher sindromu səbəbindən müalicə alan gənc xəstələrdən dəri hüceyrələri götürülüb. Daha sonra isə alimlər bu hüceyrələri kök hüceyrələrə çevirə bilmək üçün onları yenidən proqramlaşdırıblar. Tədqiqatçılar laboratoriya şəraitində yeddi hüceyrə növünü ortaya çıxarmaq və qəti bir model yarada bilmək üçün doqquz ay müddətində ana bətnində olan körpələrin inkişaf proseslərini təqlid edərək əldə etdikləri hüceyrələri mini retinaya çeviriblər.

Tədqiqat, həmçinin alimlərə korluğa və eşitmə itkisinə səbəb olan sözügedən irsi xəstəliyin hansı səbəblərdən meydana çıxdığını və ana bətnindəki körpələrin inkişaf prosesində nəyin səhv getdiyini öyrənmə imkanı verib.

"Əldə etdiyimiz nailiyyət son zamanlar bu sahədə qazanılan ən böyük uğurlardandır. Buna görə də müxtəlif səbəblərdən yaranan korluq hallarının 10 il ərzində azalacağına inanıram", - deyə sözügedən xəstəxananın inkişaf biologiyası və genetikası üzrə professoru Jane Sowden qeyd edib.

 

Bu kosmik hadisələr bəşəriyyətin məhvinə səbəb ola bilər

Məlumdur ki, yaşadığımız planet daim müxtəlif kosmik təsirlərə məruz qalır. Ani şəkildə baş verən elə kosmik hadisələr var ki, onlar insan sivilizasiyasını məhv etməsələr də, Yer kürəsinə ciddi zərər vura bilərlər. "Live science" jurnalında dərc edilən məqalədə bəşəriyyətin məhvinə səbəb ola biləcək bir neçə kosmik hadisənin adları açıqlanıb.

Elm adamları qamma partlayışlarını yüksək enerjili şüalanmaların böyük həcmdə ifaz olunması kimi qəbul edirlər. Bu cür şüalanma iki neytron ulduzun və ya iki qara dəliyin toqquşması nəticəsində baş verə bilər. Bununla yanaşı, qamma şüalanması supernova partlayışları zamanı da əmələ gələ bilir. Sözügedən partlayış böyük ölçülü ulduzun öz həyat dövrünü sonlandırması və nəticədə çox kiçik ölçüyə kimi sıxılması zamanı baş verir. Bu vəziyyətdə ulduz kosmosa öz xarici laylarını buraxır. Nəticədə ya neytron ulduz, ya da qara dəlik əmələ gəlir.

Avropa Kosmik Agentliyinin (EKA) alimlərinin fərziyyələrinə görə, bu cür qamma partlayışı 200 işıq ili məsafəsində olan istənilən kosmik obyekti məhv edə bilər. Başqa sözlə, desək, əgər Yer kürəsindən 200 işıq ili uzaqlığında hansısa qamma partlayışının mənbəyi olsa, deməli planetimiz məhv olacaq. Digər fərziyyələrə görə isə bu cür şüalanma planetimizi məhv etməsə də, onun ozon qatını yox edəcək. Bu isə Günəş şüalanmasının Yer kürəsinə təsirini artıracaq. Nəticədə insanlarda daha çox xərçəng xəstəliyi əmələ gələcək və bununla yanaşı, onların DNT strukturları dəyişəcək.

Supernova partlayışlarının digər təhlükəli tərəflərindən biri də böyük həcmdə rentgen şüalanmaları ifraz etməsidir. Alimlərin fikrincə partlayışdan sonra qalan qaz və toz buludundan çıxan rentgen şüalanması da insanlar üçün böyük təhlükə mənbəyidir. Belə ki, əgər Yer kürəsindən 160 işıq ili məsafəsində rentgen şüalanmasının mənbəyi mövcud olarsa təhlükə yarada bilər. Bu halda isə planetimizin ozon qatı tamamilə məhv ola bilər.

Təhlükə yarada biləcək digər səbəblərdən biri də qara dəliklərdir. Çox müəmmalı obyekt olan qara dəliklər ulduzların partlayışı nəticəsində yaranır. Mütəxəssislərin fikrincə, qara dəliklərin daxilində kainatın böyük hissəsini təşkil edən müəmmalı qaranlıq materiya mövcuddur. Alimlər bu cür qara dəliklərin kainatdakı müəmmalı qaranlıq materiyanın müəyyən hissəsini təşkil etdiyini təxmin edirlər. Bu səbəbdən də onun Yer kürəsi ilə toqquşa biləcəyini düşünürlər.

 

İqlim dəyişikliyinə qarşı effektiv çıxış yolu

İqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün müxtəlif variantlar axtaran elm adamları bu dəfə isə çıxış yolunu məlumatların emalı mərkəzlərini (data mərkəzlər) kosmosa göndərməkdə görürlər. Layihəni isə aerokosmik məhsulların istehsalı ilə məşğul olan Thales Alenia Space şirkəti həyata keçirəcək.

Məlumatların həcminin yüksəlməsi bütün dünyada yeni data mərkəzlərinin istifadəyə verilməsinə gətirib çıxarır. Bu isə öz növbəsində ekologiyaya ciddi təsir göstərir. Bu səbəbdən də alimlər gələcək data mərkəzlər üçün alternativ variantlar axtarışındadır. Bu üsulla qlobal istiləşməni aşağı salmaq planlaşdırılır.

Layihədə Thales Alenia Space ilə yanaşı, aerokosmik məhsulların istehsalı ilə məşğul olan və digər sahələrdə də fəaliyyət göstərən bir neçə şirkət iştirak edəcək. Texniki tərəfdən məlumdur ki, potensial olaraq kosmosda yerləşdiriləcək data mərkəzlər öz enerjilərini Günəşdən alacaq. Mərkəzlərdən məlumatların ötürülməsində isə yüksəksürətli şəbəkə kanallarından istifadə olunacaq. Lakin hələ ki, nəhəng ölçülü data mərkəzlərin kosmik raketlərin daxilinə necə yerləşdirilməsi məlum deyil. Bununla yanaşı, kosmosda yerləşəcək data mərkəzlərin necə xidmət göstərəcəyi və onun təmiri ilə hansı şirkətin məşğul olacağı da bəlli deyil. Ola bilər ki, bu cür proseslər robotlar vasitəsilə reallaşdırılsın.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".